Həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd Azərbaycanın Ombudsmanı Səbinə Əliyevaya müraciət edib.
O bildirib ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciətlərinə yerli məhkəmələr mənfi cavab verir.
"Artıq 2 il 7 aydır ki, günahsız yerə həbsdə olmağım azmış kimi belə hallar qanunsuz həbsimin uzanmasına səbəb olur. Bununla da fundamental hüquqlarım tapdanır və azadlıq hüququm pozulur. Yaşanan hər problem zamanı ailəmin sizə etdiyi müraciətlərə ancaq ümumi cavablar verilib. Həbs müddətində bir dəfə də olsun mənimlə görüşməmisiniz və əməkdaşlarınız mənimlə maraqlanmayıb. 20 ildən çoxdur ki, hüquq müdafiəçisi və jurnalist kimi fəaliyyət göstərmişəm, cəmiyyətdə kifayət qədər nüfuzum var. Mənə bu cür münasibət insan hüquqlarının müdafiəsində iştirak etmiş, yüzlərlə sosial layihələr icra etmiş və hər zaman potensialını dövlətimizin inkişafına sərf etməyə hazır olan şəxsə adekvat deyildir" , Elçin Məmməd qeyd edib.
O, ombudsmandan onun işinə diqqətlə yanaşmasını istəyir.
"Xahiş edirəm, ailəmə şablon cavablar göndərməyin, mənimlə şəxsən maraqlanın. Niyə şikayətlərimə bu cür münasibət sərgilənir, niyə məni azad etmək problemə dönüb? Mənimlə şəxsən görüşün və problemlərimi dinləyin, hunmanistliyi sözdə deyil, əməldə göstərin! Ən azından bunları xahiş etmək, bir vətəndaş kimi haqqımdır" , o qeyd edib.
Öz növbəsində, Ombudsman Aparatının mətbuat xidmətindən Amerikanımn Səsinə bildiriblər ki, ombudsman səlahiyyətləri çərçivəsində bütün tədbirləri görüb.
"Elçin Məmmədin anası Rəhilə Məmmədlinin Bakı Apellyasiya Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli qərarının oğluna göndərilməməsi barədə ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib və qərarın surətinin ona göndərilməsi təmin edilib. Rəhilə Məmmədlinin oğlu ilə görüşü barədə müraciəti olub və onun görüş hüququ təmin edilib. Həmçinin Məmmədlinin oğlunun səhhətində problemlərlə və məhkəmə hökmünə etiraz olaraq aclıq aksiyası keçirməsi ilə bağlı ombudsmana ünvanladığı teleqram üzrə icraat aparılmaqla məsələ Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi qarşısında qaldırılıb və ona lazımi tibbi xidmətin göstərilməsi təmin olunub" , mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər.
Mətbuat xidməti bildirib ki, Elçin Məmməd ombudmanın milli preventiv qrupunun üzvləri tərəfindən də yerində qəbul ediləcək.
"Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" QHT-nin rəhbəri və "Yüksəliş Naminə" saytının redaktoru Elçin Məmməd 2020-ci ilin martında həbs olunub. Elə həmin il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi onu "oğurluq" və "qanunsuz döyüş sursatı və silah saxlamaq"da təqsirli bilərək, 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.