Accessibility links

Azərbaycan “OPEC plus”un son razılaşmasını dəstəkləyir


Pərviz Şahbazov və Salman bin Əbdüləziz Al Səud (Arxiv foto)
Pərviz Şahbazov və Salman bin Əbdüləziz Al Səud (Arxiv foto)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələrinin oktyabrın 5-də qəbul etdiyi “Əməkdaşlıq Bəyannaməsi”ni dəstəkləyir.

“Son günlər “OPEC plus”un noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barrel azaldılmasına dair qəbul etdiyi qərarının neft bazarında defisitə yol açacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, “OPEC plus” hər zaman olduğu kimi bu dəfə də neft bazarında sabitliyə dəstək məqsədilə belə bir qərar qəbul edib,” nazir Şahbazov qeyd edib.

O qeyd edib ki, hazırda neft bazarında tələb-təklif tarazlığı çoxsaylı faktorların təsirləri ilə üzləşib.

“Proqnozlar neftə tələbatın azalacağını göstərir. Belə bir vəziyyətdə hasilata müdaxilə qərarı qaçılmazdır. “OPEC plus”da məhz təcrübəsinə istinad edərək bazarda balansın qorunub saxlanması naminə belə bir addım atıb. Bu, hər hansı bir ölkənin fərdi marağından irəli gəlməyən konsensus əsasında qəbul edilmiş qərardır. “OPEC plus”un bütün qərarları bazarda sabitliyə hesablanıb. İndiyə kimi mürəkkəb vəziyyətlərdə əldə edilmiş nəticələr və nailiyyətlər bunun inkaredilməz sübutudur,” nazir qeyd edib.

Energetika naziri onu da vurğulayıb ki, bu gün bazarın balanslaşması və sabitliyi üçün başlıca təhdid idarə olunan ixtisarlar deyil, idarə edilməsi mümkün olmayan, yəni hasilatda təbii azalmalardır.

“Hesab edirəm ki, bu gün “OPEC plus”un elan etdiyi ixtisar həcmlərinə görə deyil, təbii olaraq hasilatın azalma tendensiyasına görə narahat olmaq lazımdır. “OPEC plus”un son qərarı gözlənilən mənfi əhval-ruhiyyəni kompensasiya etməklə investisiya axınının cəlbinə də hədəflənib ki, bu da irəlidə neft çatışmazlığı və qiymət volatilliyinin qarşısını almaq üçün mühüm addımdır,” o əlavə edib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya da daxil olmaqla, bir neçə başqa müttəfiqlərindən ibarət istehsalçı OPEC+ qrupu oktyabrın 5-də hasilatı noyabrda gündəlik 2 milyon barel azaltacağını açıqlayıb, baxmayaraq ki, ABŞ rəsmiləri bu addıma qarşı çıxıb.

"OPEC plus" ixtisarı Vaşinqtonda, noyabr ayında ölkə boyu keçiriləcək aralıq seçkiləri ərəfəsində, Demokratların Nümayəndələr Palatası və Senat üzərində nəzarəti saxlamağa çalışdığı bir vaxt benzin qiymətlərinin yüksəlməsi ehtimalı ilə bağlı narahatlığı artırıb.

Prezident Co Bayden vəd edib ki, "OPEC plus" qrupunun bu addımının ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə "nəticələri olacaq."

Oktyabrın 14-də Los-Ancelesə səfəri zamanı vəziyyətlə bağlı sualı cavablandıran Bayden jurnalistlərə "Biz onlarla danışmağa hazırlaşırıq" deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ABŞ-ın etirazına baxmayaraq, OPEC+ qrupunun neft hasilatını azaltmaq qərarının "faktlara əsaslanmadığına" dair tənqidləri rədd edib və bildirib ki, Vaşinqtonun hasilatı bir ay təxirə salmaq tələbi mənfi iqtisadi nəticələrə səbəb olar.

XS
SM
MD
LG