Accessibility links

Ceyhun Bayramov: Azərbaycanla ABŞ arasında əməkdaşlığın perspektivləri olduqca böyükdür


Ceyhun Bayramov
Ceyhun Bayramov

"Azərbaycanla ABŞ arasında bərabərlik, qarşılıqlı hörmət əsasında bir sıra sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, beynəlxalq cinayətkarlıqla birgə mübarizə, terrorçuluğa qarşı sülhməramlı əməliyyatlarda birgə əməkdaşlıq var. Eyni zamanda, ABŞ bir sıra istiqmətlərdə, deyək ki, Azərbaycanda bir sıra qurumlarda institusional inkişafa bu il ərzində böyük dəstək verib".

Bu barədə 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Amerikanın Səsinin Azərbaycanın ABŞ-la münasibətlərinin prioritetləri ilə bağlı sualının cavabında deyib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycanın çox uğurlu enerji siyasəti nəinki region ölkələrinə, daha geniş coğrafiyada, Avropa qitəsinin bir sıra ölkələrinə böyük töhfə verir. Azərbaycan son onilliklərdə çox etibarlı tərəfdaş hesab edilir.

"Bu sahədə, hesab edirəm ki, xüsusilə ilk illərdə ABŞ-ın bu layihələrə çox böyük siyasi dəstəyi olub. ABŞ şirkətləri bu layihələrdə çox fəal iştirak edib. Bu gün də, hesab edirəm ki, bizim bu sahədə çox yaxşı və nümunəvi əməkadaşlığımız var".

Xarici işlər naziri qeyd edib ki, ABŞ və Azərbaycan arasında çox intensiv dialoq var.

"Bu il ərzində bölgədə dayanıqlı sülhün təmin edilməsi sahəsində, vasitəçilik sahəsində ABŞ-ın bir sıra çox dəyərli təşəbbüsləri olub. Mən bir neçə statistik rəqəmi diqqətinizə çatdıra bilərəm, bu il ərzində ABŞ Dövlət katibinin cənab prezidentlə 9 telefon danışığı olub. Yüksək səviyyədə rəsmilərin Azərbaycana çoxsaylı səfərləri olub. ABŞ Dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndə heyətinin sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində görüşü olub. Orada danışıqlar olub. Noyabr ayında sülh müqaviləsinin ikinci raundu məhz ABŞ Dövlət katibinin təşəbbüsü ilə Vaşinqtonda təşkil edilib. ABŞ Dövlət katibinin təşəbbüsü ilə üçtərəfli telefon danışığı baş tutub. Bu sahədə bir sıra təşəbbüslər var. ABŞ sülh prosesinə də kifayət qədər fəal töhfə verməkdədir".

Nazir hesab edir ki, Azərbaycanla ABŞ arasında əməkdaşlığın perspektivləri olduqca böyükdür.

"Azərbaycan Respublikası bunda maraqlıdır. Bu il çoxsaylı görüşlər və müzakirələr olub, o cümlədən ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə birgə görüşü həyata keçirilib. Qeyd edə bilərəm ki, 2023-cü ildə bu təmaslar daha da intensiv olacaq" , o deyib.

Ceyhun Bayramov Azərbaycan-İran münasibətləri ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan xarici siyasətinin əsas prioriteti bütün ölkələrlə, ilk növbədə qonşu ölkələrlə dost, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir.

"Səmimi olaraq cavab ondan ibarətdir ki, son müddət ərzində Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var. Bu, böyük sir deyil. Mən vəziyyəti çox dramatikləşdirməzdim. Çünki burada problemli istiqamətlər də var. Ancaq eyni zamanda hətta son dövrlərdə də bir sıra istiqamətlərlə bağlı müsbət nəticələr də var. İqtisadi sahədə əldə olunmuş razılaşmalar var və onlar icra olunur. Ancaq sualın cavabı ondan ibarətdir ki, Azərbaycan-İran münasibətləri mövcud durumdan daha yaxşı ola bilərdi yoxsa yox? Bəli, daha yaxşı ola bilərdi. Hesab edirəm ki, daha yaxşı olmalıdır. Ən azından münasibətlərin gərginləşməsində Azərbaycan Respublikası heç bir fonda, heç bir istqamətdə təşəbbüskar olmayıb. Dəfələlrə bu barədə həmkarım Hüseyn Əmir-Abdullahianla danışıqlarımız olub, o da hər zaman münasibətlərin yaxşılaşması, münasibətlərin daha müsbət məcrada inkişafının tərəfdarı olduğunu bildirib. Azərbaycanın mövqeyi belədir ki, bu dost, qonşu münasibətləri qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması, bir-birnin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmalı və inkişaf etməlidir" , nazir qeyd edib.

Bayramov xarici siyasətin prioritetlərindən danışarkən deyib ki, Azərbaycanın 2023-cü il üçün əsas prioritetləri dəyişməz olaraq qalacaq.

"Prioritet mühüm tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməkdir. Azərbaycan çoxtərəfli platformalar çərçivəsində də fəal olmaqda davam edəcək. Bizim üçün əsas prioritetlər dayanıqlı inkişafın və sülhün təmin edilməsidir. Ümid edirik ki, qarşı tərəf də sülhə yönələcək. Nəqliyyat kommunikasiyalarının inkişaf etməsini və sülh müqaviləsinin imzalanmasını görmək istərdik" , o qeyd edib.

Nazir Bayramov Türkmənistan qazının Avropaya nəqli ilə bağlı aparılan danışıqlar barədə sualın cavabında bildirib ki, dekabr ayında Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşündə enerji sahəsində əməkdaşlıq müzakirə olunub.

"Türkmənistan qazının beynəlxalq bazara çıxarılmasında əməkdaşlıq ediləcək. Bu sahədə əməkdaşlığın bir sıra elementləri var. Azərbaycan enerji ilə bağlı bir çox layihələrin təşəbbüskarı və iştirakçısı olub. Ancaq Türkmənistan qazı ilə bağlı danışırıqsa, Azərbaycan burada tranzit ölkə kimi çıxış edir. İşçi qrup hansı ölkənin üzərinə hansı işlərin düşdüyünü müəyyənləşdirəcək. Azərbaycan dövləti bu layihəyə müsbət yanaşır və dəstəkləyir" - deyə, nazir bildirib.

Nazir deyib ki, Azərbaycan il ərzində Ukraynaya 30 milyon manatdan çox humanitar yardım göstərib.

"Bundan başqa, Azərbaycan evlərin və infrastrukturun dağılmasına səbəb olan və bir neçə min insanın həyatına son qoyan sel və sürüşmələrin fəsadları ilə mübarizədə Pakistana dəstək verib".

Onun sözlərinə görə, 2022-ci ildə Ukraynadan 16 mindən çox şəxsin Azərbaycana təxliyəsi təmin olunub.

XS
SM
MD
LG