Accessibility links

Vəkili Bəxtiyar Hacıyevin quru aclığa keçmək istəyi olduğunu deyir: "O, aclığı davam etdirməkdə israrlıdır"


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 29 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Fevralın 6-da vəkillər Nemət Kərimli və Rövşanə Rəhimli təcridxanada Hacıyevlə görüşüb.

Rövşanə Rəhimli görüşdən sonra Amerikanın Səsinə deyib ki, Bəxtiyar Hacıyevin vəziyyəti dəyişməz olaraq qalır.

“O zəifdir, rəngi saralıb, gözlərinin altı qaralıb. Öz dediyinə görə, dördüncü gün axşam (fevralın 2-də) vəziyyəti daha da pisləşib, huşunu itirib. Kamera yoldaşı həkim çağırıb. Həkimin dediyinə görə qanda laxtalanmanın artması hesabına hemoqlobinin nisbi sıxlığı artır. Kalsiumun azalması hesabına sümüklərdə yeyilmə gedir. 14,5 kilorqm arıqlayıb, bu gün çəkisi 70 kiloqram idi.”

Vəkil: Bəxtiyar Hacıyev 14,5 kilorqam çəki itirib
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Hacıyev bildirib ki, vəkilləri ilə istədiyi vaxt telefonla danışmaq üçün imkan yaradılmır.

Bəxtiyar Hacıyev hazırda təcridxananın tibb-sanitar hissəsində saxlanılır. Rəhimova vəkillərin Hacıyevin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətinə Penitensiar Xidmətin hələ cavab vermədiyini bildirib.

Vəkilin sözlərinə görə, Hacıyevin quru aclığa keçmək istəyi də var: “O aclığı davam etdirməkdə israrlıdır. Biz çalışırıq ki, o quru aclığa keçməsin”, vəkil qeyd edib.

Hacıyev həmçinin ictimaiyyətin onun qanunsuz həbsini diqqətdə saxlamasını xahiş edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir, onun həyatı üçün təhlükə yoxdur.

Bəxtiyar Hacıyev həmçinin vəkilləri vasitəsi ilə ombudsamana müraciət edib.

“Həbsdə olduğum müddətdə mənə qarşı müxtəlif qarayaxma kampaniyalarının aparılmasını da nəzərə alsaq, öz müdafiə hüququmu təmin etmək üçün bəzən yaxın dostlarıma, həmkarlarıma, müxtəlif diplomatlara məktublar yazmaq, ictimaiyyətə müraciətlər etmək zərururəti yaranır. Bu qısa, şəxsi, barəmdə açılmış cinayət işinin istintaqı ilə bağlı olmayan yazışmalarımın müdafiəçilərim vasitəsilə göndərilməsinə mane yaradılır. Eyni zamanda, məni şərləyərək həbs etdirən istintaq orqanı - Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları məhkəmə iclas zalından və binasından çıxarılarkən məni mobil telefonla çəkirlər, bunu (qollarım qandallı foto və video çəkilişləri) müxtəlif şəxslərə, o cümlədən DİN rəhbərliyinə göndərdiklərini deyərək, məni təxribata çəkirlər. Sizdən xahiş edirəm ki, həm şəxsi yazışmalarımın göndərilməsi məsələsində, həm də Daxili İşlər Nazirliyinin rəhbərliyinin telefonla çəkiliş fetişinin dayandırılması məsələsində mənə köməklik edəsiniz”, onun müraciətində qeyd edilir.

Amerikanın Səsinin Hacıyevin qollarının qandallı halda foto və video çəkilişləri ilə bağlı iddialarına Daxili Işlər Nazirliyinin Mətbuat xidmətindən münasibət öyrənməsi mümkün olmayıb.

Ombudsman Aparatının mətbuat xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Bəxtiyar Hacıyevin sosial şəbəkə üzərindən edilmiş müraciəti barədə məlumatlıdırlar. “Qanunvericilyə uyğun şəkildə lazımi tədbirlər görüləcək və müraciət müəllifinə məlumat veriləcək”, mətbuat xidmətinin rəhbəri Emil Şahzadə qeyd edib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 29 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

Qeyd edək ki, vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG