Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanın "Siyasi Partiyalar haqqında" yeni qanunu haqqında birgə rəyini açıqlayıb. Rəy bir sıra siyasi partiya rəhbərləri tərəfindən müdafiə edilir və reallığı əks etdirdiyini bildirir.
Birgə rəy
Sənəddə qeyd edilir ki, yeni qanun "ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətdiq edib".
Komissiyanın əsas müddəaları aşağıdakılardır:
- partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması;
- qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyata alınması zərurəti;
- siyasi partiyaların yaradılması və qeydiyyatı üçün uzun müddət və çətin prosedur;
- dövlət qeydiyyatı olmadan siyasi partiyanın fəaliyyətinə qadağa;
- partiyadaxili strukturların həddindən artıq tənzimlənməsi;
- Ədliyyə Nazirliyinin partiya fəaliyyətinə həddindən artıq nəzarəti və siyasi partiya üzvlərinin siyahıları;
- siyasi partiyanın fəaliyyətini dayandırmaq və ya hətta hüquqi aktların ciddi pozulması ilə əlaqəli olmayan hərəkətlərə görə partiyanı ləğv etmək imkanı.
Məlumatda deyilir ki, yuxarıda göstərilən qaydalar həm beynəlxalq insan hüquqları müqavilələri, həm də yerli Konstitusiya ilə təmin olunan assosiasiyalar azadlığı hüququnun həyata keçirilməsilə bağlı ciddi narahatlıq doğurur.
Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu xatırladır ki, birləşmə azadlığı və söz azadlığı hüququ demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır.
"Siyasi partiyalar kollektiv siyasi ifadə vasitələri kimi bu hüquqlardan tam istifadə etmək imkanına malik olmalıdır. Bu o deməkdir ki, qeydiyyat tələbləri məqbul olmalıdır. Siyasi partiyalar üzərində dövlət nəzarəti bununla məhdudlaşdırılmalıdır. Odur ki, siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsiplərilə bir araya sığmayan həddindən artıq bir tədbirdir. Siyasi partiyaların dayandırılması və butraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozulması halında və digər ifrat hallarda tətbiq oluna bilər", sənəddə deyilir.
Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hakimiyyətə sözügedən çatışmazlıqları aradan qaldırmağı təklif edir. Siyasi partiyaların yaradılmasına və qeydiyyatına xidmət edən tədbirlər (o cümlədən dövlət qeydiyyatı üçün tələb olunan ilkin üzv sayına (1000 üzv) qayıtmaq) təklif olunur.
"Siyasi partiyaların üzərindən yoxlama üçün dövlət orqanlarına öz üzvlərinin siyahılarını təqdim etmək öhdəliyinin qaldırılması təklif olunur. Əgər bu öhdəlik qalarsa, bunu Ədliyyə Nazirliyi yox, müstəqil orqan etməlidir. Ədliyyə Nazirliyi siyasi partiyalardan üzvlərin bütün siyahısını yox, yalnız qeydiyyatdan keçmək üçün lazım olan minimum üzv sayını tələb edə bilər. Üzvlərin siyahısının partiyanın daxili sənədi olduğu və açıqlanmalı olmamsı da qanunda dəqiqləşdirilməlidir", rəydə deyilir.
Komissiya həmçinin parlamentdəki yerlərin əvəzinə siyasi partiyanın seçkilərdə aldığı səslərin sayına daha çox üstünlük verərək dövlət maliyyələşməsinin bölüşdürülməsi formuluna yenidən baxılmasını təklif edir.
Bundan əlavə yalnız ianələri müəyyən normaları keçən sponsorların adlarının açıqlanması tövsiyə olunur. Siyasi partiyalara nəzarət mexanizminə yenidən baxılması və bu funksiyaların müstəqil orqana verilməsi də təklif olunur.
Xatırlatma
Prezident İlham Əliyev "Siyasi Partiyalar haqqında" qanunu imzalayıb. Qanunun mətni yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Dövlət başçısı "Siyasi Partiyalar haqqında" qanunun tətbiqi haqqında fərman da imzalayıb. Fərmana görə, Nazirlər Kabineti üç ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslərlə bağlı məlumatların təqdim edilməsi, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydasını təsdiq edəcək.
Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.
"Siyasi Partiyalar haqqında" qanuna görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq.
Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.
Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməyəcək.
Arif Hacılı: Təəssüf ki, Azərbaycan hakimiyyəti Venesiya Komissiyasının tövsiyələrini nəzərə almayıb
Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, Avropa Şurasının Venesiya Komissiyasının "Siyasi Partiyalar haqqında" qanuna rəy verməsini müsbət hal kimi qiymətləndirir.
"Təbii ki, yaxşı olardı ki, qanun qəbul edilməmişdən öncə ona münasibət bildirərdi. Əslində Azərbaycan Avropa Şurası və digər beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə əsasən bu qurumların verdiyi tövsityələri nəzərə almalıdır. Təəssüf ki, Azərbaycan hakimiyyəti bir çox beynəlxalq qurumların, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının bir çox tövsiyələrini nəzərə almayıb. Ümid edək ki, bu dəfə Venesiya Komissiyası hansısa rıçaqlar vasitəsi ilə öz tövsiyələrinin qəbul olunmasına nail olacaq", Müsavat Partiyasının başqanı qeyd edib
İlqar Məmmədov: Qanuna dəyişiklik olacağl ilə bağlı dəqiq proqnoz verə bilmirəm
REAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə bildirib ki, Venesiya Komissiyasının rəyi əsas məqamlarda REAL Partiyasının mövqeyini təkrarlayır.
"Biz indiyədək ictimai çıxışlarımızda bu qanunla bağlı hansı tənqidləri səslənirirmişiksə elə də rəydə əks olunub".
İlqar Məmmədovun fikrincə komissiyaının rəyi ilə bağlı Azərbaycan hökumətinin Avropa Şurası və digər beynəlxalq qurumlarla müzakirələrə başlayacaq. "Bu müzakirələrin yaya qədər nəticə verəcəyi sual olaraq qalır. Nəyə görə yaya qədər bunun nəticə verməsi vacibdir? Çünki yayda indi qeydiyyatda olan siyasi partiyalar qeydiyyatını yeniləməlidir və yeni qanundan irəli gələn bir sıra tələbləri yerinə yetirməlidirlər. Venesiya Komissiyasının rəyində yazılıb ki, qeydiyyatda olan partiyalar əslində yenidən qeydiyyatdan keçməməlidir. Amma mən bununla bağlı dəqiq proqnoz verə bilmirəm. Ona görə biz partiya olaraq bu qanunla qoyulan tələblərə uyğunlaşmağa çalışacağıq. Əgər Venesiya Komissiyasının rəyi əsas götürülərək parlamentin yaz sessiyasında qanuna dəyişikliklər edilərsə bunun müsbət nəticələri olacaq. Əgər dəyişikliklər olmayacaqsa və yaxud gec olacaqsa biz qanuna indi uyğun hərkət etməliyik", o qeyd edib.
İlqar Məmmədovun sözlərinə görə, Milli Məclisdə REAL Partiyasının üzvü olan deputat Erkin Qədilri qanunun hər üç oxunuşda əleyhinə səs verən yeganə deputat olub.
İqbal Ağazadə: Siyasi partiyaların qeydiyyatının sadələşdirilməsi olduqca önəmli məsələdir
Ümir Partiyasının sədri İqbal Ağazadə Amerikanın Səsinə deyib ki, Venesiya Komissiyasının "Siyasi Partiyalar haqqında" qanunla bağlı rəyi doğrudur.
"Qanun siyasi partiyaların cəmiyyətədki yeri və rolunu məhdudlaşdırır, o cümlədən gələcəkdə siyasi partiya formalaşdırmaq olduqca çətin məsələyə çevrilib. Ona görə də hesab edirəm ki, "Siyasi Partiyalar haqqında" qanunla bağlı verilən rəy qəbul ediləndir və qanunun yenidən işlənilməsi və siyasi partiyaların qeydiyyatının sadələşdirilməsi məsələsi olduqca önəmli məsələdir. Ona hökumət diqqət yetirməlidir", o qeyd edib.
Elşad Mirbəşir: Venesiya Komissiyasının razılaşmadığı məqamlar qanuna yenidən baxılması üçün əsas yaratmır
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşir Amerikanın Səsinə bildirib ki, qanun qəbul olunmamışdan öncə geniş ictimai müzakirəyə təqdim olunub.
"Siyasi partiya rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirələr oldu. Bu zaman çoxsaylı təkliflər irəli sürüldü və onların əksəriyyəti nəzərə alındı. Bu baxımdan hesab edirəm ki, qanun cəmiyyətin böyük əksəriyyətinin gözləntilərinə uyğun bir formada qəbul edilib. Qanun layihəsi hazırlananda Venesiya Komissiyasının da çoxsaylı müddəaları nəzərə alınıb".
Onun firkincə qanun layihəsi hazırlanarkən sərgilənən iradə ondan ibarət olub ki, cəmiyyətdə siyasi iştirakçılığa imkan verən bir qanun təqdim edilsin.
"Buna da nail olundu. Təbii ki, yenə də qanunla bağlı siyasi istəklər qala bilər. Amma hesab edirəm ki, Azərbaycan cəmiyyətində, siyasi həyatında iştirak etmək istəyən, siyasi fəallıq maraqlarını qorumaq istəyən şəxslərin siyasi partiya yaraatması və yaxud hər hansı siyasi partiya platformasında sərbəst siyasi fəaliyyəti üçün bütün imkanlar qanunda öz ifadəsini tapıb. Bir daha xüsusi olaraq vurğulamaq istəyirəm ki, Venesiya Komissiyasının müddəları da qanunun hazırlanması zamanı nəzərə alınıb".
Deputat bildirib ki, Avropa Şurasının Venesiya Komissisyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun razılaşmadığı məqamlar qanuna yenidən baxılması üçün heç bir əsas yaratmır.
"Nümunə kimi deyirəm ki, partiya üzvlərinin 5 min nəfərdən ibarət olması qəbul olunmayan məqamlardan biri kimi göstərilir və onun min nəfər həddində saxlanılması təklif edilir. Azərbaycanın on milyondan artıq əhalisi var və əgər bir siyasi partiya beş min üzv toplaya bilmirsə o cəmiyyətin həyatında hansı siyasi rol oynaya bilər?" o sual edib.
Elşad Mirbəşirin fikrincə, narazı qalınan digər məqamlar da qanunu mənfi prizmadan qiymətləndirmək üçün əsas yaratmlr.
"Siyasi partiyaların yaradılması və qeydiyyatı proseduru heç də çətin bir prosedur kimi ifadə olunamyıb. Tələb olunan qaydalara əməl edilməsi, tələb olunan prinsiplərin ödənilməsi heç də çətin deyil. Ona görə də hesab edirəm ki, real olaraq siyasi fəaliyyətlə məşğul olmaq, cəmiyyətin siyasi həyatında siyasi aktivlik göstərmək istəyənlər öz siyasi platformasını yaradıb, siyasi partiyalarını göstərilən normlara uyğun rahatlıqla qeydiyyatdan keçirə bilərlər", o qeyd edib.