Accessibility links

Azərbaycan Prezidenti "Siyasi partiyalar haqqında" qanunu imzalayıb, müxalifət sənədi tənqidlə qarşılayıb 


Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" qanunu imzalayıb. Qanunun mətni yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib.

Dövlət başçısı "Siyasi partiyalar haqqında" qanunun tətbiqi haqqında fərman da imzalayıb.

Fərmana görə, Nazirlər Kabineti "Siyasi partiyalar haqqında" qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim edəcək.

Nazirlər Kabineti, həmçinin üç ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslərlə bağlı məlumatların təqdim edilməsi, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydasını təsdiq edəcək.

Azərbaycan Milli Məclisi ötən il dekabrın 16-da "Siyasi Partiyalar haqqında" yeni qanun qəbul edib.

Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

Qanunun qəbul olunmasına baxmayaraq, Avropa Şurasının Venesiya Komissiyası sənədin Avropa standartlarına uyğun olub-olmaması barədə rəy verəcək.

Belə ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi "Siyasi Partiyalar haqqında" qanuna Avropa Şurasının Venesiya Komissiyasının Təcili Rəy verməsi ilə bağlı dekabrın 14-də qərar qəbul edib.

"Siyasi Partiyalar haqqında" qanuna görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməyəcək.

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə bildirib ki, Avropa Şurası Venesiya Komissiyası martın 11-də qanunla bağlı rəylə çıxış edəcək.

İqar Məmmədov: Media və siyasi partiyalar haqqında qanun əl-ələ verib Azərbaycanı nüfuzdan salacaq 
please wait

No media source currently available

0:00 0:01:48 0:00

"Mən indidən deyə bilərəm ki, bu rəy olduqca mənfi olacaq. Bundan sonra həmin bu qanun Azərbaycanı haqqına tənqid edən bütün beynəlxalq çevrələrdə o biri qanunla birgə, yəni "Media haqqında" qanunla cüt gəzəcək. Bu iki qanun əl-ələ verib Azərbaycanı bütün demokratik dünyada nüfuzdan salacaq. Kimin məqsədi dünyada, demokratik aləmdə Azərbaycanı nüfuzdan salmaq idisə bu iki qanunla, yəni media və siyasi partiyalar haqqında qanunlarla martın 11-dən sonra məqsədinə çatacaq. Çünki Venesiya Komissiyası rəylə çıxış edəcək", o qeyd edib.

REAL Partiyasının sədri qanunun icrası ilə bağlı Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və digər dövlət qurumlarının üzərinə qoyulan öhdəliklərlə bağlı sualın cavabında deyib ki, qanun Azərbaycanın maraqlarına o qədər ziyandır ki, burada hansısa qurumun üzərinə hansısa vəzifə qoyulmasından asılı deyil.

"Bu qanun prinsip etibarı ilə qəbul olunmamalı idi. İndən sonra hansısa qurumun üzərinə hansısa vəzifə qoyulmasının dəxli yoxdur. Əsas odur ki, iki qanun əl-ələ verib Azərbaycanı dünyada nüfuzdan salacaq" , Məmmədov belə düşünür.

XS
SM
MD
LG