Accessibility links

Urmiyə və Ərdəbil şəhərlərində çox sayda məktəbli qızın zəhərləndiyi bildirilir


Ərdəbildə bir qız məktəbində şagirdlərin zəhərlənməsi
Ərdəbildə bir qız məktəbində şagirdlərin zəhərlənməsi

Aprelin 8-də İran Azərbaycanının Ərdəbil və Urmiyə şəhərlərində məktəblərdə bir çox sayda şagird qızın zəhərləndiyi haqda məlumat verilib.

“Şərq” qəzetinin internet saytı Ərdəbil valiliyinin Təhlükəsizlik və Asayişin Mühafizəsi üzrə baş direktoru Əli Məhbubipura istinadən 400 tələbə qızın xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Ərdəbildə şagirdlərin zəhərləndiyi bildirilən məktəblərin dəqiq sayı bildirilməsə də, İran mediası yalnız 7 məktəbin adını açıqlayıb və şəhərin digər məktəblərində də qız şagirdlərin zəhərləndiyini bildirib.

Urmiyə şəhərindəki ən azı iki qız məktəbində bir neçə şagirdin vəziyyətinin pisləşdiy və onların təcili yardım maşınları ilə xəstəxanaya aparıldığı bildirilir.

Bəzi sosial media xəbər kanalları Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində bir qız məktəbində bir sıra şagirdin vəziyyətinin pisləşdiyini və təcili yardım maşınları ilə xəstəxanaya aparaıldığını bildiriblər.

Bu gün, aprelin 9-da İran parlamentinin təhsil komissiyasının üzvü Mehrdad Veyskərəmi İran KİV-lərindən biri ilə söhbətində indiyə qədər tələbələrin zəhərlənməsi ilə əlaqədar olaraq 100 nəfərin saxlanıldığını açıqlayıb. Tələbələrin zəhərlənməsi ilə bağlı 100 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğu barədə xəbər daha əvvəl elan edilmişdi.

Veyskərəmi zəhərlənmə statistikası ilə bağlı məlumatın olmadığını bildirib və deyib ki, “heç bir zəhərlənmə olmayıb, bəzi tələbələr sadəcə olaraq neft iyindən xəstələniblər ki, bu zəhərlənmə deyil, ürəkbulanma elmi cəhətdən zəhərlənmə deyil”.

Hələlik ölkənin rəsmi qurumlarından heç biri tələbələrin zəhərləndiyi maddə və ölkə miqyasında qız tələbələrə qarşı iddia edilən kimyəvi hücumu həyata keçirənlərlə bağlı ətraflı məlumat verməyib. İranda qız məktəblərində şagirdlərin kütləvi zəhərlənmə halları keçən ilin noyabr ayından bəri davam etsə də, hökumət bu barədə dəqiq məlumat paylaşmaqdan imtina edir.

XS
SM
MD
LG