Accessibility links

İctimai fəal Abid Qafarov BP-dəki işindən çıxarılıb


Abid Qafarov (Arxiv foto)
Abid Qafarov (Arxiv foto)

İctimai fəal Abid Qafarov həbsdən azad edildikdən sonra BP şirkətində işdən çıxarıldığı məlum olub. Buna səbəb onun üzərində məhkumluğun olmasıdır.

Abid Qafarov Amerikanın Səsinə deyib ki, barəsində qüvvəyə minmiş məhkəmə qərarı olduğuna görə “Əmək Məcəlləsi”nin 74-ci maddəsinin 1-ci bəndinin C hissəsinə əsasən (Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları) ötən il dekabrın 6-da onunla əmək müqaviləsinə xitam veriblər. Qafarov həbsdən azad edildikdən sonra yenidən BP şirkətinə iş üçün müraciət etməsinə baxmayaraq, onu işə qəbul etməyiblər.

“Bu mənim ailəmin yaşamaq hüququ, qidalanmaq hüququ, sağlamlıq hüququ kimi təməl hüquqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycanda bir nəfərin istehlak zənbili yuvarlaq olaraq 200 manatdır. Mən həbsdə olanda dörd övladım qalmışdı. Hökumətdə kimsə maraqlandımı 4 uşaq 800 manatı haradan tapır, necə dolanır, necə yaşayır? İndi mən həbsdən çıxmışam. Hazırda dövlətin müəyyən etdiyi minimum istehlak zənbilinə uyğun olaraq 6 nəfərlik ailəmin minimum dolanışığını təmin etmək üçün 1200 manat lazımdır. Ailəmin ümid yeri mənim iş yerim idi. Hansı ki, onun hesabına ailəmin dolanışığını maliyyələşdirirdik. İndi o da yoxdur. Hökumətdə elə bir insan varmı ki, özünə sual versin ki, mənim 6 nəfərlik ailəm necə yaşayacaq?” , o qeyd edib.

Qafarov işdən azad edilməsində BP şirkətində bir suç görmür.

“Əmək Məcəlləsində maddə var. Bütün bu problemlər məhkəmə-hüquq sisteminin bu gündə olması ilə bağlıdır. Yəqin ki, məhkumluğum olduğu müdətdə bu ölkədə mənə iş verməyəcəklər”.

Qafarov ailəsinin ehtiyaclarını qarşılamaq üçün ölkəni tərk etmək fikrindədir.

“İndi ailəmlə məsləhətləşirəm. Yəqin ki, çıxış yolunu ölkəni tərk etməkdə görəcəyik”, o qeyd edib.

Abid Qafarovun ixtisası neft sahəsi üzrə istehsalat- texnoloji porseslərin avtomatlaşdırılmasıdır. Onun neft-qaz və elektrik energetikası sahəsində 20 ilədək təcrübəsi var.

Xatırladaq ki, ictimai fəal Abid Qafarov iyunun 1-də azadlığa buraxılıb.

O, 2022-ci il iyulun 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib.

İddiaçılar - müharibə veteranları Qafarovun "itaətkar" olmamaq və özbaşınalığa müqavimət göstərmək çağırışını təhqir hesab edib.

Hüquq müdafiəçiləri hesab edir ki, Qafarovun həbsi "Tərtər İşi"ni, xüsusən təqsirsiz hərbi qulluqçuların həbsini və onlara işgəncə verilməsini tənqid edənlərin təqibi kampaniyasının davamıdır.

Hüquq müdafiəçiləri Qafarovu siyasi məhbus kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG