Accessibility links

Siyası məhbusların yeni siyahısına 182 nəfərin adı daxil edilib


Həbsxana (Mənbə: VOA)
Həbsxana (Mənbə: VOA)

"Azərbaycan siyasi məhbuslarına azadlıq" Birliyi 182 nəfərdən ibarət siyasi məhbusların yeni siyahısını dərc edib.

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib.

Fevralda əvvəlki siyahı dərc edildikdən sonrakı dövr ərzində siyasi məhbusların sayı təxminən 2 dəfə artıb. Beləliklə, siyahıya 89 yeni ad əlavə olunub və onlar hamısı dindarlardır.

Yeni həbs edilənlər əsasən dini fəallar, "Müsəlman Birliyi" Hərəkatının üzvləri və ilahiyyatçılardır.

Bu insanların böyük əksəriyyətinə 234.4.3-cü maddə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Həbslər İranla münasibətlərdə diplomatik gərginlik fonunda baş verir.

182 siyasi məhbus siyahısı 7 qrupa ayrılıb: Jurnalistlər və blogerlər - 6 nəfər, müxalif partiya və hərəkatların üzvləri - 6 nəfər, Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər" - 5 nəfər, dindarlar - 118 nəfər, "Tərtər işi" üzrə həbs edilənlər - 8 nəfər, "Gəncə işi" üzrə həbs edilənlər - 26 nəfər, ömürlük məhbuslar - 13 nəfər.

"Jurnalistlər və blogerlər" qrupuna jurnalistlər Polad Aslanov, Abid Qafarov, Osman Rzayev, blogerlər Aslan Qurbanov, Rəşad Ramazanov və Bəxtiyar Hacıyev daxildir.

"Müxalif partiya və hərəkatların üzvləri" qrupuna Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin Əhmədov, Şahin Rzayev, Aqil Hümbətov və Zamin Salayev, Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev və fəal Elçin Məmməd daxildir.

"Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər" qrupunda Pünhan Kərimli, Cəfər Mirzəyev, Malik Rzayev, Mütəllim Orucov və Samir Aşurovun adları var.

"Dindarlar" qrupunda İslam Partiyasının keçmiş sədri İlham Əliyev, "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə və hərəkatın fəalı Abbas Hüseynov, ilahiyyatçı Sərdar Babayev və başqaları da daxil olmaqla 118 nəfərin adı var.

"Gəncə işi üzrə həbs edilənlər" qrupuna 26 nəfər daxildir.

"Ömürlük məhbuslar" qrupunda 13 nəfərin adı var. Onlar arasında 6 nəfər 1995-ci il qiyamı ilə əlaqədar həbs edilmiş xüsusi təyinatlı polis dəstəsinin zabitləri, üç nəfər 1992-1993-cü illərdə Qarabağda döyüşmüş "Qaranquş" dəstəsinin keçmiş üzvləri və beş nəfər keçmiş baş nazir Surət Hüseynovun işi üzrə həbs edilənlərdir.

1998-ci ildə ölüm cəzası ləğv edildikdən sonra parlamentin qərarı ilə ən sərt cəza tədbiri ömürlük həbslə əvəz olunub. Amma qanunun geriyə qüvvəsi yoxdur. Buna görə onların ölüm cəzası həmin vaxt mövcud olan alternativ maksimum cəza - 15 il həbs cəzası ilə əvəz edilməli idi, hüquq müdafiəçiləri belə hesab edirlər.

"Tərtər işi"nin 19 fiqurantına bəraət verilməsinə baxmayaraq, bu iş üzrə daha 8 nəfər hələ həbsdədir.

Elşən Həsənov
Elşən Həsənov

Siyasi Məhbusların Monitorinqi Mərkəzi İctimai Birliyinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, bu siyasi məhbusların tam siyahısı deyil.

Elşən Həsənov: Həbslər davam edir, siyasi məhbusların sayı çoxalacaq
please wait

No media source currently available

0:00 0:02:01 0:00

"Hazırda həbslər davam edir, say çoxalacaq. Siyahıda siyasi məhbusların sayının çoxalmasına səbəb son müddətdə həddindən çox dindarın həbsidir".

Həsənovun dediyinə görə, həbs edilən dindarlar narkotik ittihamı ilə saxlanılır.

"Mətbuata əvvəlcədən açıqlama verirlər ki, narkotiklə həbs olunublar, amma İran casuslarıdır. Yəni heç bir istintaq olmadan, məhkəmə olmadan rəsmi orqanlar bunları əsassız olaraq bu qədər ciddi maddələrlə ittiham edirlər", hüquq müdafiəçisi qeyd edib.

Onun fikrincə, son siyahıya siyasi məhbus kimi əlavə olunan 89 nəfər şəxs məhkəməsiz, səbəbsiz, əsassız həbs olunanlardır.

Həsənovun fikirncə, ölkədə siyasi məhbus məsələsinin həlli istiqamətində bu gün nə isə müsbət bir hal gözləmək mümkün deyil.

"Ölkədə xalqa qarşı çox aqressiv çıxış edilir. Özü də elə abu-hava yaradıblar ki, cəmiyyət parçalanıb, sanki bir-birinə qarşı düşmən kəsilib. Biri deyir İran casusları, o biri deyir bunları döymək lazımıdr. Hökumətin camaatın bir-birinə qaşı bu münasibətinin qarşısını aılmaq məqsədi görünümür. Əksinə bu münasibət sanki daha da qızışdırılır".

O deyib ki, yeganə çıxış yolu kimi bu siyahıları ictimailəşdirirlər, beynəlxalq təşkilatların diqqətinə çatdırırlar ki, qanunsuz həbslərin qarşısı alınsın.

"Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" Birliyi bildirir ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və bunu qərəzli baxış hesab edir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir.

Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG