Accessibility links

Siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir


Milli Məclis
Milli Məclis

Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 20-də iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə olunacaq.

Siyasi partiyanın səlahiyyət müddəti bitmiş orqanları (struktur qurumları) tərəfindən partiyanın fəaliyyəti ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinə, o cümlədən qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına görə fiziki şəxslər 700 manatdan 1 000 manatadək məbləğdə cərimələnəcək.

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə “Siyasi partiyalar haqqında” qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 000 manatdan 3 000 manatadək cərimə olunacaq.

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxsləri siyasi partiyaya üzv qəbul edənlər 5 min manatadək cərimə olunacaq.

Dəyişikliklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiyaya üzv qəbul olunmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manatadək cərimələnəcək.

Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə “Siyasi partiyalar haqqında” qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qruma məlumat verməməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimə ediləcək.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə açıqlamasında deyir ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan bu dəyişikliklər yeni “Siyasi partiyalar haqqında” qanundan qaynaqlanır.

“Siyasi partiyalar haqqında” yeni qanun yerli və beynəlxalq ictimaiyyət, o cümlədən Venesiya Komissiyası tərəfindən mənfi qarşılanmışdı. Azərbaycanda fərqli və tənqidi düşüncəyə qarşı hakimiyyət tərəfindən dözümsüzlük olduğu, eyni zamanda hüquqi və demokratik dövlət idarəçiliyi olmadığı üçün qanunlara edilən bu cür dəyişikliklər daha çox təzyiq vasitəsi kimi istifadə edilir. Ölkəmizdə uzun illər davam edən və bu gün də mövcud olan siyasi mühit onun deməyə əsas verir ki, hakimiyyət qanuna təklif edilən bu dəyişikliklərlə öz rəqiblərini təzyiq altında saxlamaq istəyir. Uzun illər davam edən repressiya siyasəti nəticəsində Azərbaycan cəmiyyətində ictimai-siyasi fəaliyyətə maraq azalıb” hüquq müdafiəçisi qeyd edir.

Onun sözlərinə görə, bu cür dəyişikliklər qəbul edilsə, ictimai-siyasi fəaliyyətə az olan maraq daha da azala bilər.

“Bundan əlavə hazırda fəaliyyət göstərən siyasi təşkilatlara əlavə bir təzyiq mexanizmi yaranır. Hakimiyyətin rəqiblərinə qarşı mənfi münasibəti dəyişməyincə, qanunlara təklif olunan bu tipli dəyişikliklər hüquqi deyil, daha çox siyasi xarakter daşıyacaq və məqsəd də alternativləri təzyiq altında saxlamaq olacaq”, o bildirib.

Xatırlatma

Prezident İlham Əliyev “Siyasi Partiyalar haqqında” yeni qanunu imzalayıb. Qanunun mətni bu il yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

“Siyasi Partiyalar haqqında” qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.

Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.

Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməz. Azərbaycanın yerli müstəqil ekspertləri hesab edir ki, yeni qəbul edilən qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir.Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, “Siyasi partiyalar haqqında” qanun partiyalar üzərində hazırda “Domokl qılıncı” dır.

XS
SM
MD
LG