İyulun 28-də Azərbaycanda şiə müsəlmanlar Məhərrəm ayının 10-cu gününü- Aşuranı qeyd ediblər. Bu gün ənənəvi olaraq ölkə məscidlərində xatirə mərasimləri keçirilir. Həmçinin məscidlərdə qanvermə kampaniyaları təşkil edilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülisaım Hacı Allahşükür Paşazadə, digər din xadimləri, bir sıra deputatlar, çoxsaylı dindar könüllü qanvermə kampaniyasına qatılıb.
Səhiyyə Nazirliyinin məlumatıan görə, günün birinci yarısında Bakıda 630, regionlarda 255 nəfər könüllü qan verib.
Əvvəllər Azərbaycanda kütləvi mərasimlər 7-ci imam Rzanın bacısı, Məhəmməd Peyğəmbərin nəslindən olan Rəhimə xanımın dəfn olunduğu Bakının Nardaran qəsəbəsindəki ziyarətgahda keçirilirdi. Lakin 2015-ci ildə polisin xüsusi əməliyyatından sonra Aşura günlərində Nardaran məscidinə giriş məhdudlaşdırılıb.
Bu gün digər məscidlərdə, o cümlədən Bakının mərkəzindəki Məşədi Dadaş məscidində də mərasimlərdə kütləvilik qeydə alınmayıb.
Müşahidəçilər hesab edir ki, dindarların fəallığının azalması son aylarda İranla münasibətlərin gərginləşməsi fonunda çoxsaylı şiə dindarların həbsilə əlaqədardır.
680-ci ilin Məhərrəm ayının 10-cu günündə (Aşura) Kərbala şəhəri yaxınlığındakı çöllərdə Yezidin qoşunları ilə döyüşdə Məhəmməd Peyğəmbərin nəvəsi (imam Əlinin ikinci oğlu Hüseyn) öldürülüb.
O vaxtdan şiələr Məhərrəm ayını matəm kimi qeyd edirlər ki, bunun kulminasiya nöqtəsi Aşuradır.