Accessibility links

AŞPA Azərbaycanı Pegasus casus proqramından sui-istifadə hallarını araşdırmağa çağırıb


Avropa Şurası Parlament Assambleyasının Strasburqdakı qərargahı
Avropa Şurası Parlament Assambleyasının Strasburqdakı qərargahı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) oktyabrın 11-də qəbul etdiyi qətnaməsində Azərbaycan da daxil olmaqla, beş üzv ölkəni Pegasus və digər casus proqramlarından sui-istifadə halları ilə bağlı təcili araşdırma aparmağa çağırıb.

Niderlanddan olan deputat Piter Omçiqtin hazırladığı hesabatda qeyd edilir ki, Azərbaycan, Macarıstan, Polşa, Yunanıstan və İspaniyanın casus proqramlarından sui-istifadə edərək jurnalistləri, siyasi fəalları və insan hüquqları müdafiəçilərini izləməsi ilə bağlı artan sübutlar var.

AŞPA deputatları casus proqramlarından sui-istifadə hallarını Avropa İnsan Hüquqları Konvensiyasının və digər beynəlxalq hüquq normalarının pozuntusu olduğunu vurğulayıb.

Hökumətlərin öz siyasi rəqiblərini gizli şəkildə izləməsini birmənalı şəkildə pisləyən AŞPA Azərbaycan, Macarıstan, Polşa, Yunanıstan və İspaniya hökumətlərini casus proqramlarından sui-istifadə hallarını operativ və tam şəkildə araşdırmağa, üç ay müddətində araşdırmaların nəticələri barədə AŞPA-nı və Avropa Şurası Venesiya Komissiyasını məlumatlandırmağa çağırıb.

İclas zamanı çıxış edən AŞPA üzvləri qeyd edib ki, cinayətin qarşısının alınması və ya milli təhlükəsizliyin qorunması kimi hallar istisna olmaqla, digər məqsədlər üçün siyasi opponentlərin, dövlət məmurlarının, jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyətinin gizli şəkildə izlənilməsi Avropa İnsan Hüquqları Konvensiyasının açıq şəkildə pozulmasıdır. Jurnalistlərin izlənilməsi halları isə onların özünüsenzura etməsinə, söz və ifadə azadlığının məhdudlaşdırılmasına gətirib çıxarır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti hesabat və qətnamə layihəsində Azərbaycanla bağlı qeydlərə etiraz etməyib, heç bir dəyişiklik təklifi irəli sürməyib. Məruzəçi Piter Omçiqt Amerikanın Səsinə bildirib ki, azərbaycanlı deputatlar müzakirələrdə mövqe bildirməsə də, o, Azərbaycan parlamentinin bu məsələni araşdıracağına ümid edir.

2021-ci ilin iyulunda Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) yaydığı “Pegasus Project” başlıqlı araşdırmaya əsasən, Azərbaycan öz vətəndaşlarının İsrailin NSO Group şirkətinin istehsalı olan Pegasus casus proqramı vasitəsilə gizli izlənilməsini həyata keçirib. Hədəf alınanların siyahısında jurnalistlər, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti üzvləri, siyasi-ictimai fəalların daxil olduğu 200-dən çox şəxsin adı çəkilib.

Forum

XS
SM
MD
LG