Accessibility links

Vladimir Putin: Rusiya danışıqların sülh sazişi ilə yekunlaşmasına kömək edəcək


İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

“Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır, danışıqlara Moskvada ev sahibliyi edə bilər”.

Bu barədə TASS agentliyi Rusiya Prezidenti Vladimir Putinin MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında dediklərinə istinadən məlumat yayıb.

"Gündəmdə uzun müddətdir davam edən münaqişəyə nəhayət son qoymaq üçün (Bakı və Yerevan) sülh müqaviləsinin hazırlanması var. Rusiya tərəfi, əlbəttə ki, bu işdə tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırdır", Rusiya Prezidenti qeyd edib.

“Xüsusən də, biz istənilən formatda Moskvada danışıqların təşkili ilə razıyıq”, Putin bildirib.

Onun sözlərinə görə, söhbət Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və ekspertləri arasında aparılan danışıqlardan gedir.

"Əlbəttə, biz danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik", Rusiya Prezidenti vurğulayıb.

"Bir daha deyirəm: seçim həmişə müvafiq ölkənin ixtiyarındadır. Biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq", o əlavə edib.

Putin son üç ildə Rusiya tərəfinin Dağlıq Qarabağda münaqişənin genişlənməsinin qarşısını almaq və hərbi əməliyyatları dayandırmaq üçün əhəmiyyətli səylər göstərdiyinə diqqət çəkib.

“Bütün bu müddət ərzində üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan formatında iki paytaxt - Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş gərgin iş aparılıb”, Rusiya Prezidenti qeyd edib.

“Bundan əlavə, Rusiya sülhməramlıları mövcud səlahiyyətləri çərçivəsində öz missiyasını vicdanla yerinə yetirib”, Putin qeyd edib.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gedən sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Ermənistan hökuməti baş verənləri Azərbaycanın “etnik təmizləmə” siyasəti aparması ilə əsaslandırıb. Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Son günlər Qarabağ bölgəsinə iki dəfə səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb. BMT missiyası hesab edir ki, Qarabağda 50 nəfərdən 1000 nəfərədək erməni əsilli sakin qalıb.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.

Bununla yanaşı son günlərdə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycan və Ermənistanda səfərdə olub, regiondakı durumu müzakirə edib.

“Oktyabrın 9-da Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır”, ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində bildirib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-sabitlik toxumu səpməyə davam edir.

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır”, o qeyd edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller oktyabrın 10-da ənənəvi brifinqdə Lavrovun bəyanatına cavabda deyib ki, ABŞ-ın Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir.

Miller əlavə edib ki, ABŞ həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır.

Bununla yanaşı, oktyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Ermənistan suverenlik, bərabərlik və qarşılıqlılıq əsasında Azərbaycan və Türkiyə ilə regional kommunikasiyaları açmağa hazırdır.

Paşinyan Ermənistanın "3+3" formatında (Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İran) görüşlərə hazır olduğunu da bildirib, bu formatda növbəti görüşün Tehranda keçirilməsi haqqında razılıq əldə olunduğunu qeyd edib. O, bu formatda danışıqların hansı səviyyədə olmalı olduğuna dəqiqlik gətirilməsi zərurətinə toxunub.

Qarabağda Rusiya sülhməramlılarının gələcək aqibətinə toxunan Paşinyan deyib ki, Rusiya Azərbaycanla bu məsələ ilə bağlı danışıqlar aparır.

"Sülhməramlılar getsə, onların Ermənistandan və ya Azərbaycandan keçib gedəcəyi prinsipial məsələ deyil, lakin sülhməramlı kontingentin Ermənistan ərazisində yerləşdirilməsi üçün heç bir hüquqi əsas yoxdur", o bildirib.

Rusiyanın 102-ci hərbi bazasının gələcəyi haqqında suala cavabda baş nazir bazanın qalacağını təsdiq edib. Ermənistan Rusiyanın 102-ci hərbi bazasının və Rusiya sərhədçilərinin ölkədə qalması məsələsini qaldırmır, belə ki, onların Ermənistanda qalması üçün bütün hüquqi əsaslar var.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG