Accessibility links

Suriyada həbs düşərgəsində olan 12 Azərbaycan vətəndaşı ölkəyə gətirilib


Suriya
Suriya

Noyabrın 21-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 8 nəfəri uşaq və 4 nəfəri qadın olmaqla 12 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan öncə oktyabrın 17-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla 10 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bununla yanaşı yerli mediada dərc edilən məlumatların təhlili göstərir ki, İraq və Suriyada həbsxanalarda hələ çoxsaylı Azərbaycan vətəndaşları saxlanılır. Bu ilin martında Bağdad həbsxanasında 121 nəfər Azərbaycan əsilli qadının aclığa başlaması barədə onların audio müraciətləri yayılıb.

Forum

XS
SM
MD
LG