Accessibility links

Avropa Parlamenti İranda qadın hüquq müdafiəçilərinə qarşı hücumları pisləyib


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamenti İranda insan hüquqlarının vəziyyətinin pisləşməsi, son zamanlarda qadınlara, qadın hüquq müdafiəçilərinə qarşı hücumların artmasını pisləyən qətnamə qəbul edib.

Parlament noyabrın 23-ü qəbul etdiyi qətnaməsində İran hakimiyyətini qadınlara qarşı ayrı-seçkiliyə, o cümlədən məcburi geyim qaydalarına son qoymağa, gender ayrı-seçkiliyinə əsaslanan qanunları ləğv etməyə çağırıb.

Qadın hüquq müdafiəçilərinə qarşı əsassız həbslərin, polis zorakılığı və işgəncələrin narahatlıq doğuracaq şəkildə artmasını qeyd edən avropalı parlamentarlar Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi də daxil olmaqla, həbsdə olan hüquq müdafiəçilərinin dərhal azadlığa buraxılmasına çağırıb.

“İranda qadın və azadlıq, hətta həyatın özü uğrunda mübarizə davam edir. Oktyabr ayında 16 yaşlı Armita Geravand rejimin məcburi hicab diktəsinə müqavimət göstərdiyi üçün döyülərək öldürülüb. Onun dəfn mərasimində 2012-ci il Saxarov mükafatı laureatı Nəsrin Sotudə döyülərək həbs edilib. Qadın hüquq müdafiəçiləri, müxalif düşüncəli şəxslər dinc şəkildə öz fundamental hüquqlarını həyata keçirərkən həbs edilirlər. Biz onların dərhal azad edilməsini tələb edirik”, Parlamentin İsveçdən olan deputatı David Leqa qeyd edib.

İranda polis nəzarətində olarkən həyatını itirən 22 yaşlı Məhsa Əmini, Əmininin ölümündən sonra başlayan “Qadın, Həyat, Azadlıq” hərəkatı Avropa Parlamentinin 2023-cü il Saxarov Fikir Azadlığı mükafatına layiq görülüb.

Əmininin ölümü İranda hökumət əleyhinə aylarla davam edən kütləvi etirazlara səbəb olub. İran hökuməti, o cümlədən ali ruhani rəhbər Ayətullah Əli Xameneyi sübut təqdim etmədən etirazların təşkilində Qərbi günahlandırsa da, nümayişçilər onilliklər boyu davam edən repressiya, qadınlara qarşı ayrı-seçkilik və sosial-iqtisadi problemlərə görə etiraz etdiklərini deyiblər.

Etirazların təhlükəsizlik qüvvələri tərəfindən yatırılması nəticəsində 500-dən çox adam öldürülüb, 22 mindən çox adam saxlanılıb. İran həbs edilən etirazçıların bəzilərinə ölüm hökmü qərarı çıxarıb.

Bu ilin oktyabr ayında 16 yaşlı Tehran sakini Armita Geravand hicab taxmadığı üçün əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra komaya düşüb və daha sonra həyatını itirib. Geravandın dəfn mərasimində iştirak edən tanınmış İranın insan haqları üzrə tanınmış vəkili Nəsrin Sotudə həbs edilib. Sotudə iki həftədən çox həbsdə qaldıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb.

Avropa Parlamenti 2022-ci ilin oktyabrında və 2023-cü ilin yanvarında qəbul etdiyi qətnamələrdə olduğu kimi yenidən insan hüquqlarını pozan iranlı rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasına çağırıb.

Bununla yanaşı, Parlament İran hakimiyyətini “girov diplomatiyası”na son qoymağa, İranda həbsdə olan xarici ölkə vətəndaşlarını azad etməyə çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG