Yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Faiq Qəniyevin sədrliyi ilə Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova 5 il sınaq müddəti təyin olunmaqla 11 il müddətinə şərti cəza verib.
Məhkəmə həmçinin keçmiş nazirin əmlaklarının müsadirə edilməsi barədə qərar çıxarıb.
Səlim Müslümov 2013 -cü ilin oktyabrından 2018-ci ilin aprelinədək Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri olub. Onun nazir işlədiyi dövrdə nazirliyin fəaliyyəti Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar üzrə Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 2021-ci ilin fevralında həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
İttihamda deyilir ki, Müslümov ümumilikdə dövlətə 27 milyon manat ziyan vurub. O, həmin ziyandan 20 milyon manatı ödəyib. Bundan başqa, sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
Forum