Accessibility links

İranda Azərbaycan səfirliyinə silahlı basqın edən şəxsin məhkəməsi başlayıb


Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü (Arxiv foto)
Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü (Arxiv foto)

“Uzun müddət aparılmış prosesdən sonra Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxsin məhkəməsinin ilk iclası yanvarın 27-nə təyin edilib”.

Bu barədə “Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunun” birinci ildönümü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.

Daha sonra iki ölkənin hərbi və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.

Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir ki, akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməyib.

“Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırılmışdır. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir”, sənəddə qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi bu gün İranda səfirliyə silahlı basqın zamanı həlak olan təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun məzarını ziyarət edib.

Nazir Ceyhun Bayramov jurnalistlərin sualının cavabında deyib ki, Azərbaycan İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün iki əsas məqama diqqət yetiriləcək.

"Birincisi terror aktı ilə bağlı istintaqın başa çatması və qərar qəbul edilməsidir. İkincisi səfirliyimizin tam şəkildə təhlükəsizliyinə təminat verilməsi və bizim buna arxayın olmağımızdır. Səfirlik əməkdaşlarımızın və ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar ölkəyə gətirilmişdi", nazir qeyd edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG