Accessibility links

Yevlaxda sosial şəbəkə fəalı saxlanılıb


Elşən Kərimov (Mənbə: Sosial şəbəkə)
Elşən Kərimov (Mənbə: Sosial şəbəkə)

Aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində (Bakıdan 295 kilometr qərb) sosial şəbəkələrdə fəal olan Elşən Kərimov qara maskalı şəxslər tərəfindən saxlanılıb.

Bu barədə fəalın qardaşı Pərviz Kərimov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Rusiya vətəndaşı olan qardaşı 1994-cü ildən Moskva şəhərində yaşayır.

"O, atamızın yasına gəlmişdi. Dünən atamın 7 mərasimi idi. Qara maskalı 5 nəfər iki avtomobildə gəldilər. Dedilər ki, xaricdən gələnləri bələdiyyədə qeydiyyata alırlar, onlarla getməlidir. Bizi aldadıb qardaşımı apardılar. Sonra öyrəndik ki, qardaşımı əvvəlcə rayon prokurorluğuna, oradan isə Bakıya aparıblar”, Pərviz Kərimov Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, qardaşı əvvəllər də Azərbaycana gəlib və hər hansı problemlərlə üzləşməyib.

“Azərbaycan hüquq mühafizə orqanları indiyədək qardaşımın harada olması, saxlanmasının səbəbləri ilə bağlı onun ailəsinə məlumat verməyib. Onun Moskvada olan ailə üzvləri Rusiya vətəndaşı olan qardaşımın saxlanma səbəblərini öyrənmək müvafiq orqanlara müraciət edəcək”, o qeyd edib.

Bununla yanaşı, hüquq mühafizə orqanları Elşən Kərimovun saxlanılmasının səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Elşən Kərimov sosial şəbəkələrdə fəaldır. O, Facebook statuslarında son zamanlar Azərbaycanda həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını, digər siyasi partiya üzvlərini, ictimai fəalları və jurnalistləri müdafiə edən statuslar paylaşıb.

Forum

XS
SM
MD
LG