Accessibility links

Milli Məclisin həbsdə olan keçmiş deputatı Hüseyn Abdullayevin və anasının aclıq etdiyi bildirilir


Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva
Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva

Milli Məclisin həbsdə olan keçmiş deputatı və sahibkar Hüseyn Abdullayev iyunun 3-dən aclıq aksiyasına başlayıb. İyunun 4-də isə Abdullayevin 76 yaşlı anası Zeynab Abdullayeva oğluna dəstək məqsədi ilə aclığa başlayıb. Onun səhhəti kəskin pisləşdiyindən artıq xəstəxanaya yerləşdirilib.

Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, Hüseyn Abdullayev aclığa başlaması barədə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridanasının rəhbərliyinə müraciət edib. Onun səhhətində dəyişikliklər olsa da, aclığı sonadək davam etdirəcəyini bildirir.

Keçmiş deputat 6 illik həbsdən sonra ona qarşı yeni ittihamın irəli sürülməsinə və BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupunun onun dərhal azadlığa buraxılması barədə qərarını Azərbaycan hökumətinin icra etməməsinə etiraz olaraq aclıq edir.

Penitensiar Xidmət Hüseyn Abdullayevin aclıq aksiyasına başlaması ilə bağlı xəbərlərə hələ münasibət bildirməyib.

Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb.

Bu il martın 4-də Binəqədi Rayon Məhkəməsi keçmiş deputat barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Vəkilin sözlərinə görə, Abdullayev əvvəlki ittihamlar kimi yeni ittihamı da qəbul etmir.

Yeni ittihama görə, Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci illərdəki fəaliyyətini araşdırıb.

Yeni ittiham ilə Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. O, hazırkı iqtidarın tərəfdarlarından olub və onun yerli mediada müxalifətin etirazlarına qarşı sərt mövqe tutduğu barədə məlumatlar yayılıb.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə Abdullayev Azərbaycandan mühacirət edib. O, mühacirət dövründə hazırkı hakimiyyəti tənqid edib və bu yönümlü mahnılar bəstələyib. Hüseyn Abdullayev “Susma” adlı marşının sosial şəbəkələrdə geniş müzakirələr doğurmasından sonra ona və ailəsinə qarşı təzyiqlərin olduğunu iddia edib.

Ona qarşı vergi ittihamı ilə cinayət işi açılması da tənqidi mahnılarının yayılmasından sonraya təsadüf edir.

Nəhayət keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Abdullayayev Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1, 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin avqustun 24-28-də Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevin dərhal azadlığa buraxılması barədə 48/2020 saylı qərar çıxarıb. Qərarda qeyd olunur ki, Abdullayevin Türkiyədən (oğurlanması) gətirilməsi, Azərbaycanda cinayət təqibinə məruz qalması qanunsuzdur.

Bununla yanaşı, rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir, insanların iradəsinə görə təqib edilmədiyini bildirir.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG