Accessibility links

Məhkəmə Nazim Bəydəmirlini 8 il həbsə məhkum edib


Məhkəmə Nazim Bəydəmirlini 8 il həbsə məhkum edib
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Fərid Namazovun sədrliyi ilə Milli Məclisin keçmiş deputatı, iş adamı Nazim Bəydəmirlini 8 il həbsə məhkum edib.

Vəkili Ağıl Layıc Bəydəmirlinin günahının məhkəmədə sübuta yetirilmədiyini bildirib. Onun sözlərinə görə, məhkəmə prosesində müdafiə tərəfinin bir vəsatəti belə təmin olunmayıb, bir dənə də olsun maddi sübut təqdim edilməyib.

Vəkil Bəydəmirliyə qarşı işi “qanuni terror” adlandırıb.

Müdafiəçi Bəydəmirlinin tanınmış alim və iqtisadçı, keçmiş millət vəkili olmasına da diqqət çəkib.

O, məhkəmədən Bəydəmirliyə bəraət verilməsini istəyib.

Bəydəmirlinin özü cinayət işini qızıl mədəninin ətraf mühitin çirklənməsinə qarşı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazı ilə bağlı etdiyi çıxışlarla əlaqələndirib.

“Söyüdlü hadisələri dövründə mətbuatda çıxışlar etmişəm. Nə iqtidara, nə müxalifətə yaxın olmamışam, müstəqil iqtisadçı olmuşam. Söyüdlü hadisələrinə görə yayılan videolar heç də xoş hal deyildi. Qocalara, yaşlılara qaz sıxmaq, dubinka vurmaq yaxşı deyil. Polis Azərbaycanın dövlət orqanıdır, heç vaxt təhrikedici çıxışlar etməmişəm. Heç Daxili İçlər Nazirliynin xəbəri olmadan belə AzTV-də təşkilatçı kimi təqdim olunmuşam. Bu aylar ərzində nəyin və kimin günahını çəkirəm? Bütün bunlara rəğmən bu həbsi siyasi sifariş olaraq qəbul etməmişəm. Siyasi məhbus ifadəsini yerli və beynəlxalq qurumlar qəbul edir. Bu siyahı ölkəmizə təzyiq kimi istifadə olunur. Adımın da orada olması mənə xoş deyil. Amma mənə dəstək olan hər kəsə minnətdaram. Mən bəraət istəyirəm, dövlətdən kompensasiya istəmirəm. Yazdığım yazı kiminsə xoşuna getməyibsə bu o demək deyil ki, dövlətə qarşı getmişəm. Mən onların hamısını bağışlayıram”, o qeyd edib.

Nazim Bəydəmirli eyni zamanda bildirib ki, Azərbaycanda bir nəfər də inana bilməz ki, Nazim Bəydəmirli bu cinayəti edib.

“15 ay ailəmdən kənarda saxlanmağım mənəvi əzab, işgəncədir. Zərrə qədər yazılmamış qanunları belə pozmuş olsaydım, heç kimin üzünə başımı qaldıra bilməzdim”, keçmiş deputat deyib.

Lakin məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib və zərərçəkmişə 49 min 740 manat təzminat ödəməlidir.

İki həftə əvvəl prokuror keçmiş deputatın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2023-cü ilin iyulun 5-də Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. 2013-cü il sentyabrın 1-də Bəydəmirliyə qarşı daha bir ittiham, - Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Vəkilin sözlərinə görə, bu ittiham Baydəmirlinin 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində guya kimdənsə pul tələb etməsi ilə bağlıdır.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG