Accessibility links

Azərbaycan və Rusiya xarici işlər nazirləri informasiya təhlükəsizliyi, postmünaqişə dövrü və regional məsələlərdən danışıb


Ceyhun Bayramov və Sergey Lavrov
Ceyhun Bayramov və Sergey Lavrov

Azərbaycan Prezidenti İlham Əliyevlə görüş qarşılıqlı etimad şəraitində və səmimi keçib. Rusiya-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Tərəflər müxtəlif sahələrdə yeni ikitərəfli sazişlər paketi üzərində işləyir. Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizinin açılmasına xüsusi əhəmiyyət verilir.

Bu barədə iyunun 24-də Bakıda keçirilən mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Sergey lavrov
Sergey lavrov

O, həmçinin bildirib ki, iyunun 24-də tərəflər informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

Qarabağ mövzusundan danışan Lavrov qeyd edib ki, kommunikasiyaların açılması üzrə üçtərəfli komissiyanın son görüşü məhsuldar olub. Ermənistan və Azərbaycan arasında dəmir yolu və avtomobil yolu tikintisi məsələsində "əhəmiyyətli irəliləyiş"dən danışan Lavrov əlavə edib ki, Rusiya şirkətləri Qarabağın bərpası layihələrində iştirak etməyə hazırdır.

Biz Azərbaycan rəhbərliyinin Ukraynadakı xüsusi hərbi əməliyyata balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndiririk.
Sergey Lavrov, Rusiya xarici işlər naziri

Ukraynadakı müharibəyə toxunan Lavrov bildirib ki, prezident Əliyevlə görüşündə Ukraynadakı əməliyyatın gedişatı haqqında mövqelərini bölüşüb.

“Biz Azərbaycan rəhbərliyinin Ukraynadakı xüsusi hərbi əməliyyata balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndiririk,” o qeyd edib.

Öz növbəsində, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqlarla bağlı vəziyyətin qiymətləndirilməsində nikbinlik mövcuddur.

"Bir il əvvəlki vəziyyətlə müqayisədə irəliləyişlər var və biz Rusiyanın Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılmasındakı rolunu yüksək qiymətləndiririk," Bayramov qeyd edib.

Nazirlər həmçinin Rusiyada və Azərbaycanda bəzi KİV-lərin bloklanması məsələsi ilə bağlı şərh veriblər. Lavrovun sözlərinə görə, tərəflərin bu məsələlərlə bağlı məsləhətləşmələri davam etdiriləcək və onlar hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq tənzimlənməlidir.

“Son aylarda bir sıra problemli məsələlər ortaya çıxdı. Bir sıra Azərbaycan KİV-ləri Rusiyada bloklandı, bu ay isə “RİA Novosti” Azərbaycanda bloklandı. Bu mövzu bizi təbii ki, narahat edir. Bugünkü görüşlərdə bu məsələyə toxunduq. Əsas diqqət bu cür halların nəticələrinin deyil, baş verməsinin qarşısını almağa yönələn mexanizmlərin hazırlanması zərurətinə yönəldildi. Bizə elə gəlir ki, onların baş verməsinin qarşısını almaq daha səmərəli olar. Bu baxımdan, "dəyirmi masa"ların keçirilməsi faydalıdır,” Bayramov vurğulayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində bu məsələnin Bakıdakı görüşdə müzakirə olunduğunu deyib.

“Bir-birimizin qanunlarına hörmət və bu qanunlara əsaslanan məlumat azadlığı prinsiplərinə əsaslanaraq, hər iki tərəfin aparıcı KİV rəhbərləri arasında xüsusi silsilə tədbirlər keçirəcəyimiz haqqında ümumi anlayış var. Xarici işlər nazirliklərinin informasiya xidmətlərinin himayəsi altında belə məsləhətləşmələri təşkil etmək barədə razılıq əldə olunub,” o qeyd edib.

Ceyhun Bayramov
Ceyhun Bayramov

Nazirlər ATƏT-in Minsk Qrupu ilə bağlı da fikirlərini bölüşüb.

Sergey Lavrov bildirib ki, Minsk qrupunun fəaliyyəti ABŞ və Fransanın təşəbbüsü ilə dayandırılıb.

Azərbaycan üçün prioritet Ermənistanla münasibətlərin normallaşdırılması prosesi və regionda dayanıqlı sülhün təmin edilməsidir.
Ceyhun Bayramov, Azərbaycan xarici işlər naziri

“Lakin biz postmünaqişə nizamlanması prosesini əlbəttə ki, müzakirə etdik. Bu yeni prosesin bazası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatıdır. 2020-ci ilin sentyabr, oktyabr aylarından sonra münaqişənin nizamlanması ilə bağlı həmin dövrə qədər işlənib hazırlanan sənədlər artıq necə deyərlər münaqişəni arxada qoydu. Bu, obyektiv reallıqdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üç bəyanatı hamı tərəfindən yerdə qalan məsələlərin həlli istiqamətində hərəkət etmək üçün əsas kimi tanınır. Ona görə, biz bu mövqedən çıxış edirik. Başa düşdüyüm kimi, bu reallığı bizim avropalı qonşularımız da qəbul edir, hansı ki, Avropa İttifaqının səylərini yerdə qalan tapşırıqların həllinə daxil etməyə çalışır. Lakin onların hamısı qəbul edir ki, bu tapşırıqlar mənim xatırlatdığım üç üçtərəfli sənəddə qeyd olunub, hansı ki, həmin sənədlər heç bir şəkildə Minsk qrupunun fəaliyyəti ilə, yekun məqsəd istisna olmaqla, həmin qrupun indiyə kimi gördüyü işlərlə bağlı deyil. Yekun məqsəd isə Qarabağı əhatə edən rayonların azad olunması və Qarabağın və onun əhalisinin həyat fəaliyyəti məsələlərini həll etmək idi,” o qeyd edib.

Ceyhun Bayramov isə deyib ki, Azərbaycan üçün prioritet Ermənistanla münasibətlərin normallaşdırılması prosesi və regionda dayanıqlı sülhün təmin edilməsidir.

“Bu proses formatın girovu ola bilməz,” o deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Minsk qrupu ilə təmaslardan imtina etməyib.

“Biz Minsk qrupundan onların postmünaqişə dövründə rolu ilə bağlı baxışlarını açıqlamalarını gözləyirdik,” o qeyd edib.

XS
SM
MD
LG