Accessibility links

Cəmil Həsənlinin seçki qərargahı MSK-ni qanunu pozmaqda günahlandırır


Cəmil Həsənli
Cəmil Həsənli

MSK bu gün Cəmil Həsənlinin namizədliyi məsələsinə baxılacağını bildirir

Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahı bəyanatla çıxış edib

Sənəddə deyilir ki, qərargah Cəmil Həsənlinin namizədliyini irəli sürməsi ilə bağlı protokol sənədləri və prezidentliyə namizədin təsdiq olunması üçün lazım olan digər sənədlərin hələ də müzakirə edilməməsindən narahatdır.

“Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (MSK) dəfələrlə müraciət etməsinə baxmayaraq, bu günədək professor Cəmil Həsənlinin namizədliyinin təsdiq edilməsi barədə məsələ müzakirə olunmayıb və müvafiq qərar qəbul edilməyib”.

Qərargah hesab edir ki, müvafiq qərar qəbul edilməməsi Seçki Məcəlləsinin 53.6.-cı maddəsinin kobud şəkildə pozulması deməkdir.

“Buna görə də Cəmil Həsənlinin Mərkəzi Seçki Qərargahı MSK-nın yol verdiyi bu kobud qanun pozuntusunu qətiyyətlə pisləyir və MSK-nı Seçki Məcəlləsinə əməl etməyə çağırır”, sənəddə qeyd edilir.

C.Həsənlinin sənədləri avqustun 24-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Cəmil Həsənlinin qərargahının bəyanatında deyilənlərin reallığı əks etdirmədiyini bildirib.

“Qanunvericiliyə görə, prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin sənədlərinə 5 gün müddətində baxılır. Həsənlinin sənədləri avqustun 24-də MSK-ya daxil olub və bu gün MSK-nin saat 16-ya təyin edilmiş iclasında bu məsələyə baxılacaq”, o qeyd edib.
XS
SM
MD
LG