Accessibility links

Əkrəm Əylisli: Ölkəni tərk edəcəyim barədə yazılanlar nağıldır


Yazıçı Əkrəm Əylisli
Yazıçı Əkrəm Əylisli

Yazıçının oğlu və həyat yoldaşı işdən çıxarılıb. Yazıçının “Daş yuxular” romanı tənqidlə qarşılanıb. O “Möhtəşəm tıxac” romanından da danışıb

“Mənim ölkəni tərk edəcəyim barədə yazılanlar nağıldır, təxribatdır. Ölkəni tərk etmək barədə düşünmürəm. Ölkəmə, xalqıma xələl gətirəcək hər hansı əməlim yoxdur”. Bu barədə yazıçı Əkrəm Əylisli Amerikanın Səsinə bildirib.

Amerikanın Səsinin sualının cavabında yazıçı oğlunun və həyat yoldaşının dünən işdən çıxarıldığını təsdiqləyib.

Belə ki, dünən Əkrəm Əylislinin oğlu gömrük polkovnik-leytenantı Nəcəf Naibov işdən çıxarılıb. Moskvada Gömrük Akademiyasını bitirmiş Nəcəf Naibov son 12 ildə Dövlət Gömrük Komitəsinin Maliyyə, Taarif və Valyuta Nəzarəti Baş Idarəsində Aksiz şöbəsinin rəisi idi.

Əylislinin həyat yoldaşı Qalina Naibova - Əylisli də dünən işdən azad edilib. O Səbayel rayonundakı Nazim Hikmət adına Uşaq kitabxanasında 30 il direktor işləyib. Bu kitabxana ölkədə nümunəvi kitabxana kimi tanınır.

“Bütün bunlar mənə təzyiq məqsədi ilə edilir”, deyə yazıçı bildirib.

Əkrəm Əylisli eyni zamanda “Daş yuxular” romanının trilogiyanın bir əsəri olduğunu bildirib.

“Daş yuxular” trilogiyanın ikinci kitabıdır. Trilogiyaya daxil edilən əsərlərin birinci kitabı Azərbaycanda Azərbaycan və Rus dillərində 1990-cı illərin sonunda “Yəmən” adı ilə nəşr olunub.

“Möhtəşəm tıxac” adlanan üçüncü kitab isə hazırda əlyazma statusundadır və ictimai müzakirəyə açıq deyil. Fikir bildirmələri üçün 50 nüsxə əlyazma şəklində ədəbiyyatçılara paylamışam. Hazırda həmin fikirləri sistemləşdirirəm. Romanın üzərində yenidən işləyəcəm. Hazır olan kimi lazım bildiyim anda çap etdirəcəm” , deyə o qeyd edib.
XS
SM
MD
LG