Accessibility links

İordaniya: İslam Dövləti pilotu yanvarın 3-də qətlə yetirib


İordaniya İslam Dövləti qrupunun yaraqlılarının girov saxladıqları pilotun internetdə diri-diri yandırıldığını göstərən video və foto-şəklin yayılmasından sonra onun qətlə yetirdiyini təsdiq edib.

İordaniyalı pilot Muəs Əl-Kasasbenin yandırıldığını göstərən video internetdə bu gün yerləşdirilsə də, dövlət televiziyası onun yanvarın ayının 3-də öldürüldüyünü bildirib.

Görüntülərin yayılmasından bir qədər sonra müxbirlərlə danışan ABŞ prezidenti Barak Obama deyib ki, əgər videonun həqiqiliyi təsdiq edilsə, bu, qrupun qəddarlığına daha bir nümunədir.

Prezident Obama ABŞ-ın başçılığı ilə koalisiyanın İraq və Suriyada yaraqlılara qarşı səylərinin ikiqat artırılacağını bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurası açıqladığı hesabatda ABŞ kəşfiyyatının videonun həqiqiliyinin təsdiq edilməsi üzərində iş apardığını və Birləşmiş Ştatların İordaniya hökuməti və xalqı ilə bir dayandığını bildirib.

Görüntülərin yayıldığı vaxt Vaşinqtonda İordaniyanın xarici işlər naziri ilə görüşən ABŞ Dövlət katibi Con Kerri İslam Dövləti qrupunu ələ keçirilmiş iordaniyalı pilotun sağ olduğunu təsdiq etməyə çağırıb.

“İordaniya xalqı bilməlidir ki, bütün amerikalılar leytenant Muəs Əl-Kasasbenin sağ-salamaq qayıtması üçün onlarla bərabər dua edəcək. Biz onu ələ keçirənləri bu qəhrəman insanı ailəsi və vətəninə qovuşmaq üçün azad etməyə, ya da İordaniyanın istədiyi kimi onun sağ olduğunu sübut etməyə çağırırıq”-deyə Con Kerri bildirib.

Dövlət katibi Kerri və İordaniyanın Xarici İşlər naziri Naser Cude ABŞ və İordaniya arasında anlaşmaya dair yeni müqavilə imzalayıb.

Con Kerri ABŞ-ın 2017-ci ilə qədər İordaniyaya 1 milyard dollar ayıracağını deyib. Bu maliyyə yardımı iqtisadi, texniki və təhlükəsizlik sahələri üçün nəzərdə tutulub. Con Kerrinin sözlərinə görə, ABŞ həmçinin İordaniyanın Suriya və İraqdan gələn qaçqınlara yardım etməsinə kömək məqsədilə əlavə 467 milyon dollar ayırır.

İslam Dövləti qrupu Muəs Əl-Kasasbeni onun döyüş təyyarəsinin yaraqlıların Suriyada nəzarət etdiyi əraziyə düşməsindən sonra ələ keçirmişdi. Yaraqlılar onun azad olunması müqabilində hazırda İordaniyada ölüm hökmünün icrasını gözləyən iraqlı militant qadın Səcidə Əl-Rişavinin azadlığa buraxılmasını tələb edib. Lakin Əmman hökuməti onun yalnız pilotun sağ-salamaq olduğu təsdiq edildikdən sonra buraxıla biləcəyini bəyan edib.

XS
SM
MD
LG