Accessibility links

Məhkəmə-hüquq sistemində islahatlar fərmanına altenativ baxışlar


Ali Məhkəmənin plenumu
Ali Məhkəmənin plenumu

“Məhkəmə hakimiyyətinin nüfuzu artırılmalıdır”, prezident fərmanı

İlham Əliyev Ali Məhkəmədə
İlham Əliyev Ali Məhkəmədə

Aprelin 3-də prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman imzalayıb.

Bütün məhkəmələrin sədrlərinə, hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və məhkəmələrə etimadın möhkəmlənməsindən ötrü fəaliyyətlərində ədalətli olsunlar, habelə, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun qarşısında bərabərliyinə və Azərbaycan Konstitusiyasında və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə Ali Məhkəməyə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində prezidentə təqdim etmələri tövsiyə olunur və ya tapşırılır.

Həmçinin Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxmaqdan ötrü ixtisaslaşmış məhkəmənin yaradılması barədə qanun layihəsini iki ay müddətinə hazırlaması nəzərdə tutulur.

Bütün məhkəmələrin sədrlərinə, hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və məhkəmələrə etimadın möhkəmlənməsindən ötrü fəaliyyətlərində ədalətli olsunlar.
Prezidentin fərmanından sitat

Bu məhkəmə sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxması üçün yaradılır.

Həmçinin hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması da vacib sayılır.

Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılmasına da diqqət yetirilməsi zəruri sayılır.

Məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etməkdən ötrü bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi nəzərdə tutulur.

Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurasına müvafiq məlumatların qəbulu üçün qaynar xəttin yaradıması tövsiyə edilib.

Habelə, hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyü təmin edilməlidir.

Sərəncamda daha sonra Ədliyyə Nazirliyinə tapşırılır ki, məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanı özəl qurumların həyata keçirməsi ilə bağlı beynəlxalq təcrübəni təhlil etsin və təkliflərini üç ay müddətində prezidentə təqdim etsin.

Vəkillər Kollegiyasına tövsiyə edilir ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınmasından ötrü tədbirləri gücləndirsin.

Sərəncama görə, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə hakimlərin ümumi sayı 200 nəfər artırılmalıdır.

Həmçinin gələcəkdə dövlət hesabına Vəkillər Kollegiyasına göstərilən hüquqi yardıma görə dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulur.

Hazırda Azərbaycanda 550 hakim var.

Bununla yanaşı bir sıra ekspertlər real islahatların aparılacağına inanmır.

Ənnağı Hacıbəyli: “Prezident islahatı administrasiyasından başlamalıdır”

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli hesab edir ki, Azərbaycan cəmiyyətinin və dövlət hakimiyyətinin, bu, ən ağrılı sahəsinə kardinal islahatlar gərəkdir və son vaxtlar rəsmi orqanlar və şəxslər, o sıradan ölkə başçısı da bunu etiraf edib.

Onun fikrincə, fərmanda bəzi pozitiv məqamlar var və onları qeyd etməyə dəyər.

“Məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, məhkəmələrdə işlərin bölüşdürülməsinin korrupsiyaya imkan verməyən və ya bu imkanı məhdudlaşdıran üsullarının tətbiqi, alternativ ekspertiza institunun və qurumlarının yaradılması, mediasıyanın tətbiqi, sahibkarlıqla bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi, kargüzarlıqla bağlı vəsaitlərin hakimlərin bank hesabına köçürülməsi, hakimlərin sayının 200 nəfər artırılması və s. pozitiv dəyişikliklərə şərait yarada biləcək tədbirlər sayıla bilər. Məhkəmə hakimiyyətinin indiki durumu, onun müstəqilliyinin vəziyyəti bu tədbirlərin uğurla tətbiqinə inam yaratmasa da, bütövlükdə tədbirlər fərmanın pozitiv notları sayıla bilər. Aydındır ki, hər şey əlahəzrət siyasi iradədən asılıdır və bizim də quşqumuz məhz onunla bağlıdır”, o qeyd edib.

Hüquqşünas facebook səhifəsində yazır ki, prezidentin fərmanı son illər bir neçə dəfə imzalanmış deklarativ fərmanlardan ciddi şəkildə fərqlənmir və onun əksər bəndləri məhkəmələrə və başqa dövlət orqanlarına vəzifələrini xatırlatmaqdan uzağa getmir.

Dövlət orqanlarına qanuni vəzifələrini fərman vasitəsilə icra etdirməyə consuz uğursuz cəhdlər Azərbaycan hakimiyyətinin və hüquq tətbiqetmə praktikasının qüsurlu şakərinə çevrilib, bu fərman da istisna deyil.
Ənnağı Hacıbəyli, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri

“Dövlət orqanlarına qanuni vəzifələrini fərman vasitəsilə icra etdirməyə consuz uğursuz cəhdlər Azərbaycan hakimiyyətinin və hüquq tətbiqetmə praktikasının qüsurlu şakərinə çevrilib, bu fərman da istisna deyil.”

“Sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin baxmasını təmin etmək məqsədi ilə ixtisaslaşdeırılmış məhkəmələr yaradılması” planlaşdırılır.

“Bu nə deməkdir? Bəlkə vergi məhkəmələrinin yaradılması planlaşdırılır? Axı bu sahədə artıq iki məhkəmə sistemi yaradılıb - iqtisad məhkəmələri və inzibati məhkəmələr. Onlar özünü doğrultmurmu? Hətta bundan sonra da hakimlərin sahibkarlıqla bağlı mübahisələrə baxmaq üçün yetərincə bilik və təcrübəsi yoxdursa, indiyədək xərclənən milyonların hesabı kimdən sorulmalıdır? Hakimlərin imtahanları, təkmilləşdirilməsi, xarici ölkələrə səfərləri ilə bağlı gurultulu bəyanatların köpü nə tez alındı.”

Ali Məhkəməyə vahid məhkəmə təcrübəsi formalaşdırmaq təklif olunur.

“Məhkəmələr və hakimlər haqqında” qanunla bu, Ali Məhkəmənin birbaşa vəzifəsidir. Prezident bunu Ali Məhkəməyə neçə dəfə tapşırmalıdır? Ali Məhkəmə birbaşa vəzifəsini icra etməyibsə, onun sədri və hakimləri nə işlə məşğuldur? Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması, bilmirəm neçənci dəfədir ki, kimlərəsə tapşırılır. Bu vəzifənin icrasının çox sadə, asan və effektiv yolu var – prezidentin bunu oz administrasiyasına qadağan etməsi. Ölkə oradan idarə edilir və bütün nailiyyətlərimiz bu oranın adı ilə bağlıdır,” hüquqşünas bildirib.

“Dövlət rüsumunun dərəcələrinə yenidən baxılsın, rüsumun müəyyən hissəsi məhkəmə aparatı işçilərinə ayrılsın,” fərmanda deyilir.

İndi rüsümlar bədbəxt vətəndaşın hesabina artırılacaq və onun bir hissəsi məhkəmə aparatı işçilərinin maaşlarının artırılmasına xərclənəcək. Büdcəni dolduran vətəndaş həm də büdcənin əvəzinə məmuru yedizdirməli olacaq.
Ənnağı Hacıbəyli, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri

“Bu bədbəxt rüsümlara neçə dəfə baxmaq olar? Vəkillər və hakimlər artıq onları izləməkdən yorulublar. Vətəndaşlar isə ondan əllərini çoxdan üzüblər. Amma yenilik də var. İndi rüsümlar bədbəxt vətəndaşın hesabina artırılacaq və onun bir hissəsi məhkəmə aparatı işçilərinin maaşlarının artırılmasına xərclənəcək. Büdcəni dolduran vətəndaş həm də büdcənin əvəzinə məmuru yedizdirməli olacaq. Kəmərlərinizi bərkidin, vətəndaşlar. Cərimələrlə büdcə doldurmaq Azərbaycan qanunvericiliyinin başlıca inkişaf tendensiyasıdır,” Hacıbəyli yazır.

Hüquqşünas bildirir ki, sənəddə məhkəmə proseslərinin effektivliyinin artırılması üçün mülki prosessual qanunvericiliyi təhlil etmək və onu təkmilləşdirmək üçün təkliflər vermək bir dəstə orqana tapşırılıb.

“Bu bədbəxt mülki və inzibati-prosessual məcəlləyə nə qədər yamaq vurmaq olar? O yazıqların ən böyüyünün hələ 20 yaşı tamam olmayıb, şalvarının yamaqsız yeri yoxdur. Bir də ki, məhkəmə proseslərinin efferktiv olmamasında ən az günahkar elə məhz prosessual qanunvericilikdir.”

Hüquqşünas hesab edir ki, prezidentin imzaladığı fərmanın məsuliyyəti onu imzalayandan çox hazırlayanların üzərindədir.

“Məncə prezident islahatı administrasiyasından başlamalıdır,” o qeyd edib.

Qubad İbadoğlu: “Fərman məhkəmələrlə bağlı sualları cavablandırmaq əvəzinə yeni suallar yaradır”

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu hesab edir ki, əsas gözləntilər məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması, onun müstəqilliyinin artırılması, bu sistemdə korrupsiya ilə mübarizədir.

“Amma prezidentin fərmanı həmin problemlərin həllinə dair heç bir konktet mexanizmlər təklif etmir. Məsələn, fərmanda hakimlərin gəlir və əmlaklarına dair bəyannəmələrin doldurulması və dərci nəzərdə tutulmayıb. Bir sözlə bu fərman məhkəmələrlə bağlı mövcud sualları cavablandırmaq əvəzinə yeni suallar yaradır. Sual olunur ki, bu islahatlar nə zaman başlamışdır ki, indi də o dərinləşdirilir?” o qeyd edib.

Fərmanda nəzərdə tutulur ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə ixtisaslaşmış məhkəmə yaradılsın.

“Burdan iki sual yaranır. Birincisi, dərin hüquqi bilik və təcrübəsi olmayan hakimlər nə işlə məşğul olacaq? İkincisi, sahibkarlıq fəaliyyətinin predmeti əsasən mülki münasibətləri əhatə etdiyi halda onunla bağlı mübahisələrin hüquqi tənzimlənməsi üçün ayrıca məhkəmənin yaradılmasına ehtiyac nədən yaranır? Onun əvəzinə investisiyaların müdafiəsi üzrə müstəqil Ombudsman institutunun yaradılması nəzərdə tutulsa idi bu daha işlək və effektiv mexanizm ola bilərdi.”

Fərmanda hakimlərin gəlir və əmlaklarına dair bəyannəmələrin doldurulması və dərci nəzərdə tutulmayıb. Bir sözlə bu fərman məhkəmələrlə bağlı mövcud sualları cavablandırmaq əvəzinə yeni suallar yaradır.
Qubad İbadoğlu, ADR Hərəkatının rəhbəri

Fərmanda nəzərdə tutulur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə müvafiq orqanlar təkliflərini altı ay müddətində prezidentə təqdim etsinlər.

“Sual olunur, əgər bu sahədə təkliflər 6 aya hazırlanacaqsa onda sahibkarlıq üzrə ixtisaslaşmış məhkəmənin yaradılmasına nə əsasla fərman veirilir?”

Fərmanda qeyd olunur ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilsin, Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan prezidentinə təqdim etsinlər.

“Sual olunur, əgər qanun layihəsinə də prezident baxırsa, bəs ona 120 nəfərlik parlament nəyə lazımdır?”

Fərmanda nəzərdə tutulur ki, Nazirlər Kabineti dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycannın Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində pezidentə təqdim etsin.

“Burada da ən azı iki sual yaranır. Birincisi, indiyə qədər bu maddə üzrə büdcə xərcləri nədən dəqiq proqnozlaşdırılmayıb? İkincisi, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması islahat xarakterinə görə nə məzmun daşıyır?”

İbadoğlu hesab edir ki, fərmanda əks olunan texniki xarakterli dəyişikliklər təklifi ilə məhkəmə sistemində mövcud olan köklü problemləri həll etmək mümkün deyil.

“Görünür, bu fərmanın məqsədi də o deyildir. Əsas məqsəd görüntü yaratmaqdır ki, Azərbaycanda hərtərəfli islahat gedir, ən sonda məhkəmə sistemi də islahat olundu,” o facebook səhifəsində qeyd edib.

Əsabəli Mustafayev: “Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan qaldırılmasıdır”

Vəkil Əsabəli Mustafayev məhkəmə zalında
Vəkil Əsabəli Mustafayev məhkəmə zalında

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, fərmanda hakimlərin sosial təminatının gücləndirilməsi, hakimlərin sayının artırılması və hakimlərin toxunulmazlığının gücləndirilməsi ilə bağlı məsələlər müsbət məqamlardır.

Bununla yanaşı, vəkil hesab edir ki, məhkəmə sistemində köklü islahatlara ehtiyac duyulur.

“Söhbət strukturdan getmir. Əsas məsələ məhkəmə sistemindəki korrupsiyanın aradan qaldırlmasıdır. Məhkəmələrdə korrupsiya hallarına və sifarişli qərarların qəbulu faktlarına tez-tez rast gəlinir. İlk növbədə bunu aradan qaldırmaq lazımdır.”

Məhkəmələrdə korrupsiya hallarına və sifarişli qərarların qəbulu faktlarına tez-tez rast gəlinir. İlk növbədə bunu aradan qaldırmaq lazımdır.
Əsabəli Mustafayev, vəkil

O hesab edir ki, hakimlərin cəzalandırılması müstəsna hal olmalı, bununla bağlı qanunvercilikdə dəyişiklik edilməlidir.

Mustafayevin fikrincə, vəkillik institutu da gücləndirlməlidir.

“Məhkəmələrdə audio-video yazıları aparılmalıdır. Bütün məhkəmələrdə bu, mövcuddur. Bizdə isə yoxdur. Hazırda yalnız iqtisadi mübahisələr zamanı belə hallar nəzərdə tutulub. Özüm dəfələrlə icra protokollarının hakimlər tərəfindən düzgün yazılmamasına rast gəlmişəm. Bilə-bilə təhriflərə yol verilir. Vəkil orderi deyilən məsələ də var. Bu da yalnız Azərbaycandadır. Belə ki, vəkil hara gedirsə mütləq orderini təqdim etməlidir ki, prosesə buraxılsın. Hesab edirəm ki, bu institut da ləğv edilməlidir. Bir məsələni də qeyd edim ki, xarici ölkələrdə istintaq bir orqanda cəmləşib. Heç bir nazirlikdə təhqiqat-istintaq orqanı mövcud deyil. Bizdə isə demək olar ki, hər nazirliyin özünün ayrıca istintaq orqanı var,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG