Accessibility links

“İranda türk fəalları məhkum edən İnqilab Məhkəmələri kəşfiyyatın nəzarəti altındadır”


Musa Bərzin
Musa Bərzin

Keçən sentyabr və oktyabr aylardında İran Azərbaycanında keçirilən Qarabağa dəstək aksiyalarına qatılan onlarla vətəndaşı mühakimə edən İran məhkəmələri bir neçə fəal haqqında şallaq və həbs qərarları çıxarıb.

please wait

No media source currently available

0:00 0:14:53 0:00

Amerikanın Səsinə danışan hüquqşünas Musa Bərzin hesab edir ki, həbslər və verilən cəzalar qanun və hüquq normalarını deyil, daha çox İran rəsmilərinin siyasi görüşünü əks etdirir.

İran Konstitusiyasının 27-ci maddsinə görə, hərkəs sərbəst toplaşmaq azadlığına sahibdir. Ancaq bu toplaşma silahlı olmayacaq, barışçıl olacaq və İslam üsuluna qarşı olmayacaq. Biz baxanda Qarabağa dəstək aksiyalarında silah görmürük.

“Biz qanunlara baxdığımızda özəlliklə İran konstitusiyasında sərbəst toplaşmaq azadlığı çox açıq bir şəkildə qeyd olunub. Konstitusiyanın 27-ci maddəsinə görə, hərkəs sərbəst toplaşmaq azadlığına sahibdir. Ancaq bu toplaşma silahlı olmayacaq, barışçıl olacaq və İslam üsuluna qarşı olmayacaq. Biz baxanda Qarabağa dəstək aksiyalarında silah görmürük. Ayrıca, İslama qarşı bir hərəkət mövzusu da yoxdur. Toplaşmaq bir haqdır. İranda buna görə həyata keçirilən həbslər qanuna qarşı bir durumdur,” Təbrizli vəkil söyləyir.

Musa Bərzinin fikrincə, Qarabağa dəstək aksiyalarına qatılanların üzləşdiyi durum İran hakimiyyətinin mövzu ilə bağlı siyasi mövqeyini əks etdirir:

“Başqa məsələ budur ki, siyasət və hüquq hər zaman ayrı tutulmalıdır. Amma biz, anlayırıq ki, İran rəsmilərinin və ya İranın ümumi siyasətində Azərbaycanın mənfəətlərinin əleyhinə bir siyasət yürüdülür. Bəli, İran siyasətçiləri aksiyalara müxalif ola bilər, ancaq hüquqa gəldiyimizdə bu, bir haqdır. Amma, deyə bilərik ki, burada hüquq adına verilən hökmlərin arxasında siyasi görüşlər mövcuddur.”

Son vaxtlar İran məhkəmələri bəzi türk fəallara qarşı “milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qruplaşmalara üzv olmaq” ittihamını irəli sürərək onların haqqında ağır həbs qərarları çıxarır. O cümlədən, Urmiyəli gənc fəal Əli Əzizi “GAMAC adlı qanunsuz təşkilata üzv olmaq” ittihamı ilə bu yaxınlarda 5 il həbsə məhkum edilib. Əli Əzizi bu ittihamı rədd edib.

İranın cəza qanununda belə bir maddə var ki, qanun xaricində bir qrup olsa, və o qrupun hədəfi ölkənin təhlükəsizliyini pozmaq yönündə olsa, 10 ilə qədər o qrupu quranlara, 5 ilə qədər də o qrupa üzv olanlara həbs cəzası verilir. Ancaq burada qeydlər var.

Musa Bərzinin dediklərinə əsasən, İranın İnqilab Məhkəmələri 10 ilə qədər həbs cəzası olan qanunsuz qruplaşmalar ilə əlaqədar ittihamlarda kəşfiyyat idarəsinin hazırladığı dəlillərə əsasən qərar çıxarır.

“İranın cəza qanununda belə bir maddə var ki, qanun xaricində bir qrup olsa, və o qrupun hədəfi ölkənin təhlükəsizliyini pozmaq yönündə olsa, 10 ilə qədər o qrupu quranlara, 5 ilə qədər də o qrupa üzv olanlara həbs cəzası verilir. Ancaq burada qeydlər var. Bir qeyd budur ki, ortada bir qrup olmalıdır. Yəni 5 nəfər bir yerə yığışa, istəyə bir iş görə, ona qrup deməzlər. Yəni təşkilatlı bir qrup olmalıdır. İkincisi bu ki, hədəfi və amacı doğrudan ölkənin təhlükəsizliyini pozmaq olmalıdır. Biz Güney Azərbaycandakı fəaliyyətlərə baxdığımızda, elə bir təşkilat tapa bilmərik ki vahid və tutarlı bir qrup olsun və İranın təhlükəsizliyini pozmaq istəsin,” deyə hüquqşünas qeyd edir.

O, İranın İnqilab məhkəmələri ilə Kəşfiyyat Nazirliyi arasındakı əlaqəyə diqqət çəkərək əlavə edir ki, “təhlükəsizlik ittihamı ilə əlaqədar mühakimələr adətən kəşfiyyat qüvvələri tərəfindən yönləndirilir. Dosyeləri də kəşfiyyat qüvvələri hazırlayır. Bunun üçün məhkəmə də daha çox kəşfiyyat qurumundan gələn o hesabatları nəzərə alaraq hökm verir. Kəşfiyyatın da nə etdiyi və nə iş gördüyü tamamən gizlidir... Hakim özü insaflı biri olsa da, o dosyeyə baxanda ona görə qərar verməli olur... Kəşfiyyat qüvvələrinin hazırladığı dəlillərə gizlilik tətbiq edilə bilir. Yəni nə müttəhimin özü görür bu dəlilləri, nə də vəkili.”

İranda milli təhlükəsizlik ilə bağlı ittihamlara İnqilab Məhkəmələri baxır. Musa Bərzinin sözlərinə görə, “bu məhkəmələrin hakim təyinatında daha çox siyasi və təhlükəsizlik meyarları diqqətə alınır. Bu səbəbdən, orada oturan hakim özü də bir növ təhlükəsizlik baxışı ilə baxır məsələyə. Toplasan Güney Azərbaycanın tamamında 4-5 hakim milli təhlükəsizlik ittihamlarına baxır. Bu özü zatən fəsad gətirən bir məsələ ola bilər. Hakimlər istəsələr də tərəfsiz qala bilmir. Çünki kəşfiyyat idarəsinin basqısı hər zaman bunların üzərindədir.”

XS
SM
MD
LG