Accessibility links

Riçard Vaytz: Son bir ildə Qərbin regiondakı nüfuzu azalıb


Riçard Vaytz: Son bir ildə Qərbin regiondakı nüfuzu azalıb
please wait

No media source currently available

0:00 0:06:54 0:00

Riçard Vaytz: Son bir ildə Qərbin regiondakı nüfuzu azalıb

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

Vaşinqtonda qərargahlanan Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanin Səsinə müsahibədə son vəziyyəti, Qərbin regiondakı nüfuzunu və BMT-nin regiondakı rolunu dəyərləndirib.

Amerikanın Səsi: Cənab Vaytz, bildiyiniz kimi, Azərbaycan-Ermənistan sərhədində döyüşlər gedib. Sizin oradakı son hadisələrlə bağlı düşüncəniz nədir?

Riçard Vaytz: Gərginliyin səbəbi, döyüşün birbaşa səbəbi tam aydın deyil.

Bilirsiniz ki, hələ də kimin kimə birinci atəş açdığını müəyyənləşdirməyə çalışırlar.

Amma məni çox sayda itki təəccübləndirdi, bu, həqiqətən də bu cür toqquşmalarda şahid olduğumuzdan daha yüksək rəqəmdir. O cümlədən döyüşlərin bir hissəsinin əvvəlki zamanlarda olduğu kimi Azərbaycanın işğal olunmuş ərazilərində deyil, beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisində getməsi faktı da məni təəcübləndirdi. Döyüşləri kimin başlatdığını bilmədən deyərdim ki, bu böhranın indi baş verməsi, bəlkə də, Azərbaycanın marağındadır. Mən döyüşləri onların başlatdığını demirəm, amma bunun zamanlaması onların xeyrinə ola bilər. Çünki, bilirsiniz ki, Rusiyanın diqqəti hazırda Ukraynaya yönəlib və belə görünür sülhməramlı qüvvəsinin və hərbi texnikasının bir hissəsini Ukraynadakı əməliyyatları gücləndirmək üçün oraya yönəldib. Yəni, bu məhdudlaşdıran amil azalıb.

Avropalılar isə bu qış enerji ehtiyaclarını qarşılamaq üçün Azərbaycana üz tuturlar. Bu da Azərbaycanın müəyyən mənada əlini gücləndirir.

Bu iki məsələ ilə Azərbaycanın eskalasiya etməsinin qarşısında duran amillər azalıb.

Və təbii ki, Azərbaycanın əvvəlki qələbəsini nə dərəcədə möhkəmləndirə biləcəyi ilə bağlı hələ də bəzi mübahisələr var və azərbaycanlılar daha çox insanı işğaldan azad edilmiş ərazilərə köçürməyə başlamaq istəyir. Lakin bəzi insanlar döyüşlərə görə tərəddüd edirlər. Beləliklə, əgər daha çox ərazi Azərbaycanın nəzarəti altına daxil olarsa, bu, onların özlərini daha təhlükəsiz hiss etməsinə səbəb ola bilər.

Aİ-nin vasitəçiliyi ilə aparılan bəzi sülh danışıqları olub ki, məncə, belə görünür ki, onlar Azərbaycanın istədiyindən daha az irəliləyiş əldə ediblər. Və Azərbaycan da bu səbəblə onlara təzyiq göstərmiş ola bilər.

Bununla belə Ermənistan da 2 il öncə itirdiyi əraziləri geri almaq istəyir. Bu da Ermənistanın belə bir qərar verməsinə gətirib çıxarmış ola bilər.

Amerikanın Səsi: Qərbin regiondakı nüfuzunu necə qiymətləndirirsiniz? Vaşinqton və ya Brüssel bölgədə nə qədər nüfuza malikdir?

Riçard Vaytz: ABŞ nəhayət Minsk Qrupu danışıqları və başqa məsələlərlə məşğul olmaq üçün bir nəfəri təyin etdi. Ancaq məncə onların fəaliyət sahəsi Dağlıq Qarabağı əhatə edir və son döyüşlər, əgər Ermənistan ərazisində baş veribsə, buna daxil deyil.

Qərbin regiondakı nüfuzu son ildə ABŞ-ın Əfqanıstan və Mərkəzi Asiyadan geri çəkilməsi və diqqəti Asiya-Sakit okean regionuna, eləcə də yaxın zamanda Avropaya yönəltməsi səbəbilə azalıb. Ancaq dövlət katibi Blinken güclü mövqe sərgiləyərək, şəxsən məsələyə cəlb olundu və döyüşlərin dayandırlmasına çağırdı. Bu, da ümid edək ki, tək bir eskalasiya ilə nəticələndi və indi işlər öz qaydasına düşür.

ABŞ vasitəçilik edə və diplomatik bəyanatlarla çıxış edə bilər. Avropa da eynilə. Xüsusilə də Aİ büroktariyasının hissəsi olan ancaq üzv olmayan ölkələr, ona görə ki, bəzi ölkələr bir və ya digər tərəfə daha çox rəğbət bəsləyirlər. Buna görə də yaxşı olardı ki, Aİ özü vasitəçi olsun.

Amerikanın Səsi: Son döyüşlərdən sonra Rusiya atəşkəsə vasitəçilik etdi. Ancaq Moskvanın Ukraynaya hərbi müdaxiləsini nəzərə aldıqda, Rusiya tərəflər arasında sülh quruculuğunda nə dərəcədə rol oynaya bilər?

Riçard Vaytz: Rusiya həlledici təsir göstərə bilər, çünki orada hələ də qüvvələri var və Ermənistanla təhlükəsizlik əlaqələri mövcuddur. Və ermənilər də onlara deyə bilər ki, “bu hücum Ermənistan ərazisinə olub. Siz, Rusiya və KTMT daha öncə olduğu kimi, döyüşlərin Ermənistanın bir hissəsi olaraq tanınmayan ərazilərdə baş verdiyini bəhanə gətirərək müdaxilə etməyə bilməzsiniz. İndi döyüşlər Ermənistan ərazisində gedirsə, siz Rusiya ilə olan ikitərəfli və KTMT ilə olan çoxtərəfli razılıqlar altında müdaxilə etməyə məcbursunuz.”

Yəni Rusiyanın mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaq fürsəti var. Ancaq diqqətinin Ukraynaya yönəlməsi və oradakı çətinliklər səbəbilə, məncə dövlət katibi Blinken düz qeyd etdi ki, Rusiya problem yarada bilər. Eyni zamanda onlar döyüşləri azalda və ya müvafiq oyunçu rolunu oynamaya bilər. Ən azından Mərkəzi Asiyada Rusiyanın, Avropadakı əməlləri və zəifliyi, başqa ölkəyə qarşı müharibə başladıb və onda qalib gələ bilməməsi səbəbilə nüfuzunun azaldığını görürük. Məncə bu, Rusiyanın Qazaxıstanda bu ilin əvvəlindəki müdaxiləsindan sonra qazandığı nüfuza xələl gətirib. Və mən düşünürəm ki, Rusiyanın Cənubi Qafqazda da nüfuzu azalmış ola bilər. Bəlkə də, dövlət katibi Blinkenin dediyi kimi, Rusiya özünə olan hörməti qoruyub saxlamaq və ya nüfuzunu bərpa etmək üçün ortalığı qarışdıra bilər. Amma hələ ki, belə görünmür.

Amerikanın Səsi: BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrikin açıqladığı bəyanatda baş katib Ermənistan-Azərbaycan sərhədində yenidən hərbi əməliyyatların başlaması ilə bağlı xəbərlərdən dərin narahatlığını ifadə edib. O, tərəfləri de-eskalasiya etmək üçün dərhal addımlar atmağa və əldə edilmiş razılaşmalara əməl etməyə çağırıb. O həmçinin regionda davam edən bütün vasitəçilik səylərinə dəstəyini ifadə edib. Bundan əlavə çərşənbə günü BMT-nin Təhlükəsizlik Şurasında son döyüşlərlə bağlı müzakirələr aparılıb. Bunlar fonunda siz BMT-nin bu məsələdə hansı rol oynayacağını düşünürsünüz?

Riçard Vaytz: Potensial olaraq müsbət. Onlar müdaxilə edə biləcək bir çox ölkədən daha az maraqlı görsənir. Rusiya və Avropa ölkələrinin üstünlük verdikləri tərəflər var.

Ona görə də, BMT əslində bir rol oynaya bilər, amma bu rol tərəflərin istədiyi bir şey olmalıdır. Əgər tərəflərdən hər hansı biri döyüşləri yeniləməklə daha çox şey əldə edəcəyini düşünürsə, o zaman BMT çox şey edə bilməz, çünki Təhlükəsizlik Şurası, ehtimal ki, iflic vəziyyətinə düşəcək.

Amma əgər tərəflər deeskalasiya etmək istəyirlərsə, ola bilsin ki, Azərbaycan sülhün möhkəmləndirilməsini sürətləndirmək istəyini sərgiləyib və ya döyüşün səbəbi nə olursa olsun, müqavimət göstərməyə hazır olduğunu göstəribsə, o zaman BMT onlara imkan, məsələləri sabitləşdirmək üşün mexanizm irəli sürə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG