Accessibility links

Rüstəm İbrahimbəyov Rusiya, Fransa və ABŞ-a yola düşüb


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

Ziyalılar Formunun həmtəsisçisi Bakı hava limanında sərhədi keçərkən problemlə üzləşib

Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan dramaturq Rüstəm İbrahimbəyov yanvarın 21-də Rusiya, Fransa və ABŞ-a yola düşüb.

O, səfəri zamanı bir sıra forumlar və görüşlərdə iştirak edəcək, fevralın ortalarında yenidən Azərbaycana qayıdacaq.

Amma R.İbrahimbəyov səfərqabağı hava limanında yenə problemlərlə üzləşib. Ziyalılar Forumunun digər həmtəsisiçisi Eldar Namazov bildirib ki, dramaturq Bakı hava limanında əvvəlcədən sifariş əsasında VİP zalından keçərkən onun baqajı qəbul edilib, minik bileti verilib, amma sonra sərhəd xidməti yolu kəsib.

Sərhədçilər dramaturqa bildiriblər ki, “yuxarıdan” onu VİP-dən buraxmamaq əmr olunub və o, minik üçün ümumi qaydada keçməlidir.

Dramaturq dərhal ümumi sərnişin zalına gedib, lakin orada da onun üçün sərhəd bağlı olub, bu dəfə texniki səbəblərdən. R.İbrahimbəyov sərhəd məntəqəsinə yaxınlaşan kimi kompüter şəbəkəsində problem yaranıb.

Sonradan Moskva reysinə minik başlamasına yarım saat qalmış “yuxarıdan” gələn növbəti siqnaldan sonra kompüterlər Oskar mükafatı laureatını “tanıyıb” və o, sərhədçilərin kompüter problemini həll etmək vədləri ilə təyyarəyə yola düşüb.

Xatırladaq ki, ötən il dekabrın 30-da da buna bənzər hadisə baş vermişdi. Bu dəfə Azərbaycanın girişində kompüterlər və sərhədçilər iki saat ərzində İbrahimbəyovu tanıya bilməmişdilər.

Məlum olduğu kimi, İbrahimbəyov fəal vətəndaş mövqeyi və ictimai fəaliyyətinə görə kəskin tənqid və ittihamlarla üzləşib. Son günlər dramaturq Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinin azad və ədalətli olması üçün hərəkat yaratmaq planını açıqlayıb.
XS
SM
MD
LG