Accessibility links

Dövlət Departamenti Azərbaycan hökumətini Tofiq Yaqublu və Bəxtiyar Hacıyevi tez bir zamanda azadlığa buraxmağa çağırır


Vedant Patel (Rəsmi foto)
Vedant Patel (Rəsmi foto)

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel yanvarın 13-də ənənəvi mətbuat brifinqində Azərbaycan hökumətini tənqidləri ilə tanınan siyasətçi Tofiq Yaqublu və ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə münasibət bildirib.

“Bu, bizim dərindən məşğul olduğumuz və birbaşa qaldırdığımız bir məsələdir. ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin irəliləməsinə qətiyyətlə sadiq qalır və biz bu halda bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc şəkildə fikirlərini ifadə etmək hüququna hörmət etməyə çağırırıq. Sizin üçün təklif edəcəyim xüsusi bir məlumatım yoxdur, amma dediyim kimi, bu, çox diqqət yetirdiyimiz bir məsələdir və mən Ned Praysın bu barədə ilk dəfə dediklərini təkrarlayacağam. Bu həbslərdən çox narahatıq və biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq”, Vedant Patel Turan agentliynin müxbirinin bu həftə xarici işlər naziri Ceyhun Bayramovla son telefon danışığı zamanı dövlət katibinin köməkçisi Karen Donfrid tərəfindən bu halların qaldırılıb-qaldırılmaması ilə bağlı sualına cavabında deyib.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyev dekabrın əvvəlində saxlanılıb və ona “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamı irəli sürülüb. Yanvarın 13-də Hacıyevə qarşı irəli sürülən ittiham daha sərtləşdirlib. Onu 3 ilədək həbs gözləyə bilər.

Müxalif siyasətçi Yaqublu dekabrın 23-də Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə Bakının mərkəzində keçirilən etiraz aksiyasında saxlanılıb.

Hər ikisi Azərbaycan hakimiyyətinin qanunsuzluğuna etiraz olaraq hazırda həbsxanada aclıq aksiyası keçirir.

XS
SM
MD
LG