Accessibility links

Zəncanda mədəni fəallar yeni il münasibəti ilə türkcə təqvim paylayıb


Novruz bayramından öncə İran Azərbaycanının bəzi bölgələrində türkcə təqvim nəşrinə qarşı tətbiq edilən qadağalara baxmayaraq, Zəncanda 1400-cü hicri ili üçün türkcə təqvim hazırlanıb. Minlərlə təqvimin Zəncan və bir neçə digər şəhərdə vətəndaşlara dağıdıldığı bildirilir.

Sosial şəbəkələrdə yayılan görüntülü xəbərlərə əsasən, Zəncanda hazırlanan təqvimin üzərində ikinci Dağlıq Qarabağ müharibəsi ilə əlaqədar şəkillər və cümlələr dərc edilib.

Novruz bayramından öncə İran Azərbaycanının bəzi bölgələrində türkcə təqvim çapına qadağa qoyulduğuna dair məlumat yayılmışdı. O cümlədən, Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində “çap və kompüter xidmətləri birliyi” mətbəələrə türkcə təqvim və gündəlik çapının yasaq olduğuna dair göstəriş vermişdi.

Son illər İranda türk dilində çap, nəşr və kitab satışı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlara təzyiqlər artıb.

2018-ci ilinin Novruz Bayramı ərəfəsində nəşr edilmiş “Türkcə Təqvim” ilə əlaqədar olaraq mədəni fəal Behnam Nurməhəmmədi Tehranda işlətdiyi mətbəədə nəzarət altına alınmışdı. Nurməhəmmədidən əlavə həmin dosye ilə əlaqədar Yasir Ərfəi və Mehdi Qəməri adlı daha iki fəal da həbs edilmişdi. Tehran Cəza Məhkəməsi daha sonra onlara 6 ay həbs cəzası verdi.

İran Azərbaycanı və Tehrandakı mədəni fəallar hər il Novruz Bayramı ərəfəsində türkcə təqvimlər nəşr edirlər. Əhali tərəfindən böyük rəğbətlə qarşılanan bu təqvimlərdə Azərbaycan tarixi və türk mədəniyyətini əks etdirən şəkillər və önəmli tarixi məlumatlar yer alır.

XS
SM
MD
LG