Accessibility links

Vaqif Sultanlı: ‘Güney Azərbaycan Nəsri’ antologiyasında xalqın həyat tərzi də əks edilib [Audio-Müsahibə]


Vaqif Sultanlı
Vaqif Sultanlı

Filologiya elmləri doktoru Vaqif Sultanlı Amerikanın Səsinə müsahibədə güneyli yazar və tərcüməçi İrəc İsmayılla bərabər hazırlayıb və bu yaxınlarda Bakıda yayımladıqları Güney Azərbaycan Nəsri antologiyası haqqında danışıb. O, müsahibədə antologiyanın İran Azərbaycanında yazılmış bədii əsərləri diqqət mərkəzinə çəkmək, oradakı xalqın varlığı və mədəniyyətini tanıtdırmaq məqsədilə hazırlandığını ifadə edir.

Vaqif Sultanlı Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:16:34 0:00


Vaqif Sultanlı keçən illərdə İrəc İsmayılla birgə hazırlayıb və ingilis dilində yayımladıqları Müasir Azərbaycan NəsriMüasir Azərbaycan Qadın Nəsri antologiyalarında da İran Azərbaycanından bədii əsərlərə yer verildiyini bildirir.

Güneydə daha çox şeir örnəkləri yazılır. Daha çox şeirə üstünlük verilir. Bədii nəsr şeirlə müqayisədə nisbətən zəifdir. Nəsr yazanların sayı da şairlər ilə müqayisədə daha azdır.
Vaqif Sultanlı

“Nədən bədii nəsri ön plana çəkdik. Çünki, ənənədən gələrək Azərbaycanın güneyində daha çox şeir örnəkləri yazılır. Daha çox şeirə üstünlük verilir. Bədii nəsr şeirlə müqayisədə nisbətən zəifdir. Nəsr yazanların sayı da şairlər ilə müqayisədə daha azdır. İkincisi, nəsr yazmaq dilə ciddi şəkildə bələdlik tələb edir,” deyə ədəbiyyatşünas alim söyləyir.

Sultanlı Güneydə türk dilində təhsilin olmadığını önə çəkərək, keçmiş illərdə yaradılan keyfiyyətli nəsr örnəklərinin əsasən fars dilində olduğunu önə çəkir:

“Azərbaycanın güneyində daha keyfiyyətli nəsr örnəkləri əlbəttə ki əvvəllər fars dilində yaranıb. Amma sonralar tədricən ana dilində yaranan örnəklər də olur. Bu da türk dilində məktəblərin olmamasından irəli gəlir... Güney Azərbaycandan olan gənclərimizin bir qismi Quzey Azərbaycanda bir qismi də Türkiyədə yaşayır. Onların içərisində Türkcədə gözəl təhsil alanlarımız var. Avropada yaşayan gənclərimiz var ki, türkcəyə ciddi şəkildə bələddirlər. Biz çalışdıq bunların da çalışmalarını müəyyən qədər əks edək.”


Güney Azərbaycan Nəsri antologiyasında yer alan əsərlərin əksəriyyəti türk dilində yazılıb. Ancaq, bəzi tanınmış şəxsiyyətlərin farsca əsərlərinin tərcüməsi də kitabda dərc edilib.

Ədəbiyyatşünas alim antologiyada dərc edilən əsərlərin hansı meyarlara görə seçildiyini də açıqlayır:

Janr baxımından rənglilik var. Bu onu göstərir ki, Azərbaycanın güneyində ədəbiyyat əslində doğru yoldadır. Xüsusilə gənclərin yaradıcılığında çağdaş düşüncəni, çağdaş ədəbi cərəyanları, müasir yanaşma tərzini görürük.
Vaqif Sultanlı

“Antologiyanın seçimində müəyyən prinsiplər olur. Burada mövzu məsələsi, sənətkarlıq, yazarların qaldırdığı problemlər ya milli məsələlərə nə qədər yer vermələri əsas götürülə bilər. Biz əsərləri seçəndə əlbəttə daha çox türk dilində yaranan örnəklərə üstünlük vermişik. Amma, bununla belə Zeynalabdin Marağalı, Mirzə Əbdürrəhim Talıbov, hətta Azərbaycan Milli Hökümətini yaratmış olan Seyid Cəfər Pişəvəri habelə Səməd Behrəngi, Qulamhüseyn Saidi və Rza Bəraheni kimi farsca yazanların yaradıcılığını kənara qoya bilməzdik. Bu farsca yazılan əsərlərdə də türk məsələsi, Azərbaycanın güneyində yaşayan türk xalqının problemləri diqqət mərkəzinə çəkilir.”

Vaqif Sultanlı İran Azərbaycanında yaradılan bədii əsərlərdə janr baxımından rənglilik və müxtəliflik olduğunu önə çəkir və bunun olduqca müsbət bir xüsusiyyət olduğunu vurğulayır.

“Yazılarda janr baxımından da müxtəliflik var. Romanlardan parçalar verilir, hekayələr var, novella janrında əsərlər var, xatirə üslubunda habelə miniatür deyilən o yığcam janrlarda yazılmış əsərlər də var. Yəni janr baxımından rənglilik var. Bu onu göstərir ki, Azərbaycanın güneyində ədəbiyyat əslində doğru yoldadır. Xüsusilə gənclərin yaradıcılığında çağdaş düşüncəni, çağdaş ədəbi cərəyanları, müasir yanaşma tərzini görürük.”

Zeynalabdin Marağalı, Mirzə Əbdürrəhim Talıbov, hətta Azərbaycan Milli Hökümətini yaratmış olan Seyid Cəfər Pişəvəri habelə Səməd Behrəngi, Qulamhüseyn Saidi və Rza Bəraheni kimi farsca yazanların yaradıcılığını kənara qoya bilməzdik.
Vaqif Sultanlı

Sultanlı İran Azərbaycanından bədii nəsr nümunələrinin səviyyə etibarı ilə Azərbaycan Respublikasında oxunmasının həm peşəkar həm də adi oxucular üzərində müsbət təsir göstərə biləcəyini ifadə edir.

Onun dediklərinə görə, türk dilində təhsilin olmaması bədii mətn üzərində mənfi istiqamətdə ciddi təsir göstərsə də, bu gənclərin yaradıcılığında o qədərə də hiss edilmir.

“Çünki bu gənclər türk dilində yazmağı da inkişaf etdiriblər. O modern dünyanın informasiya imkanlarından yararlanaraq çağdaş təfəkkürə də yiyələniblər. Bunların yazıları, xüsusilə bədii səviyyə baxımından yanaşsaq və dil faktorunu bir qədər kənara qoysaq, Azərbaycanın quzeyində yaranan ədəbiyyat səviyyəsindədir. Bəzilərinin əsərləri yanaşma tərzi etibarı ilə Avropa əsərlərinin səviyyəsindədir.

O, həmçinin Azərbaycan Respublikasında oxucuların bu əsərləri oxumaqla İran Azərbaycanındakı həyat tərzini daha artıq tanıya biləcəklərini qeyd edir.

“Burada çox çeşitli mövzularda əsərlər vardır. Əsərlərin səviyyəsindən asılı olmayaraq, qaldırılan problemlər Azərbaycanın quzeyi üçün də olduqca maraqlıdır. Çünki, ədəbiyyatın bir bədii tərəfi, bir də mənəvi və milli tərəfləri vardır. Bu ədəbiyyatın məzmunu orada yaşayan xalqın həyat tərzini əks etdirir. Nə olsun ki biz bir millətik? Amma, xalq bölünmüş olduğundan bir-birinin mədəniyyətindən xəbərsizdir. Tam geniş mənada xəbərsizlikdən söz getmir əlbəttə,” o deyir.

Ədəbiyyatşünas alim “Güney Azərbaycan Nəsri” antologiyasının ingilis dilinə çevrilib Amerikada yayımlanacağını, həmçinin digər türk dilli toplumların dialektlərində hazırlanacağını bildirir.

XS
SM
MD
LG