Accessibility links

Xəyal televiziyasının əməkdaşı işgəncəyə məruz qaldığını bildirir


Quba hadisələri ilə əlaqədar həbs edilmiş jurnalist Zaur Quliyev "İnsan Haqları Uğrunda" İctimai Birliyinə xüsusi müraciət göndərib.

Quba hadisələri ilə əlaqədar həbs edilmiş jurnalist Zaur Quliyev "İnsan Haqları Uğrunda" İctimai Birliyinə xüsusi müraciət göndərib. Müraciətdə jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin təcridxanasında dəhşətli işgəncələrə məruz qaldığını bildirib.
Cənab Quliyev və daha bir neçə nəfər Quba rayonunun keçmiş icra hakimiyyəti başçısı Rauf Həbibovun qalmaqala səbəb olan çıxışını montaj edərək İnternetdə yerləşdirmək ittihamı ilə saxlanılıb. Bu çıxış Qubada 1 mart iğtişaşlarına səbəb olub.
Bununla əlaqədar olaraq birliyin sədri Eynulla Fətullayev daxili işlər naziri Ramil Usubova müraciət edərək, göstərilən təcridxanada saxlanma şəraitinin yoxlanılması xahişi ilə müraciət etsə də, müraciəti bu günə kimi cavabsız qalıb.
“İnsan Haqları Uğrunda” İctimai Birliyi jurnalistə qarşı işgəncə faktını qətiyyətlə pisləyərək, Zaur Quliyevin müraciətinin araşdırılmasını tələb edir. Eyni zamanda jurnalistin müraciətinin bir surətini dövlət başçısına da ünvanlayıb.
Jurnalist Zaur Quliyevin müraciətini təqdim edirik: “13 mart 2012-ci il tarixdə səhər saat 09.30-da bizi Vüqar Qonaqovu, Zaur Quliyevi və “Xəyal” televiziyasının 22 noyabr 2011-ci il tarixdə tədbiri çəkmiş jurnalist-müxbir Yusif Lazımovu Quba rayon Prokurorluğuna apardılar. Orada məni xeyli dindirdilər, mənə psixoloji təzyiqlər edirdilər. Həmin gün televiziyada axtarış aparılmışdı və bütün informasiya daşıyıcıları, qeydlər, disklər, bloknotlar, elektron məlumatlar, kompüterlər götürülmüşdü. Daha sonra prokurorluğa Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov gəldi, mənimlə söhbət etdi. Artıq axşam saatları idi, hava çox soyuq idi, saxlanıldığım otaqda istilik sistemi yox idi. Mədəm bərk ağrıyırdı. Mənə yemək verməmişdilər, mədə xəstəliyim olduğuna görə ilıq su və dərmana ehtiyacım olduğunu bildirsəm də, buna heç kim məhəl qoymamışdı. Həmin gecə saat 02.30-da bizi Quba rayon Prokurorluğundan Quba rayon Polis İdarəsinə apardılar. 14 mart 2012-ci il tarixdə səhər 09.00-da bizi VAZ 2109 markalı avtomobildə Bakıya gətirdilər. Biz Quba prokurorluğundan çıxarılan zaman oraya Poliqon İnformasiya Agentliyinin redaktoru Cəmil Məmmədli gəldi və Eldar Əhmədovdan bizi haraya apardıqlarını soruşdu. Eldar Əhmədov onun da həbs edilməsinə göstəriş verdi və onu da həbs etdilər. Cəmilin sonradan nə vaxt buraxılması barədə məlumatım yoxdur.
Təxminən iki saatlıq yoldan sonra Bakıya çatdıq. Bizi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Həmin idarənin zirzəmisində yerləşən müvəqqəti saxlama təcridxanasına apardılar. Bizim üstümüzə qışqırır zərbə ilə itələyirdilər və şəxsiyyətimiz alçaldırdılar. Təcridxanaya çatanda bizi tamamilə lüt soyundurdular. Orada istintaq təcridxanasının rəisi Göyüş Quliyev və əlavə iki polis çavuşu var idi. Lüt soyunduqdan sonra bizi koridorla gətirdilər və 2 saylı kameraya (Xataya) gətirdilər, orada başqa tanımadığım dustaq var idi. Kameraya girdikdən sonra paltarımı verdilər. Üzərimdə olan bütün əşyalarımı götürmüşdülər. Kamera həddən artıq soyuq idi. Yataqlar çox çirkli idi, içəridən üfunət iyi gəlirdi. Havasızlıq idi. Onlara xəstə olduğumu, dərmanlara və ilıq suya ehtiyacımın olduğunu dedim. Mənim sözlərimə heç bir əhəmiyyət verilmirdi. Sutkada cəmi iki dəfə yemək, bir dəfə çay verirdilər. Mədəm ağrılarını sakitləşdirmək üçün krandan soyuq su içməyə məcbur olurdum. Bu mədəmdən qan gətirirdi, sifətim irinləmişdi. Otaqdakı adamları tez-tez dəyişdirirdilər və düşünülmüş şəkildə yanıma ağır cinayətdə təqsirləndirilənləri və məhkumları salırdılar. Kiçik bir “fortuşka” var idi nəfəs almaq üçün ağzımı həmin “fortuşkaya” dirəyirdim. İçəri həddən artıq rütubət idi. Sümüklərim də bərk ağrıyırdı. Tez-tez qollarımı arxadan bağlayıb yuxarı çıxarırdılar. Yuxarıda olanda qollarımı açmırdılar mənimlə hər biri ayrı-ayrı Mirqafar Seyidov, Eldar Əhmədov, Vilayət Eyvazov və Sərvər Mehrəliyev söhbət edirdilər. Düşünürəm ki, onlar mənim günahsız olduğumu bilirdilər. 16 mart 2012-ci il tarixdə artıq mənim telefonumu və digər əşyalarımı özümə vermişdilər, düşünürdüm ki, məni buraxacaqlar. Həmin gün məni Arzu adlı müstəntiq dindirdi. Arzu məndən diski Elxan Əliyevə verməyimi etiraf etməyimi tələb etdi. Mən bildirdim ki, mənə belə şey etməmişəm. Arzu dedi ki, bunu salın kameraya ağlı başına gəlsin. Məni yenidən tamamilə lüt soyundurdular. Yenidən 2 saylı kameraya gətirdilər. Paltarlarımı özümə verdilər. Həmin havasızlıq şəraitində ayaqyolu kameranın içində idi. Su sistemi yaxşı işləmirdi. Həmişə otaqda başqa şəxs də olurdu. Yemək stolu da həmin darısqal havasız kamerada idi. Hava oynamadığından iy gec dağılırdı və otaq həmişə üfunət iylənirdi. 16 mart 2012-ci il tarixdə yenidən mənim qollarımı bağlayaraq M.Seyidovun yanına apardılar. M.Seyidov bildirdi ki, elə etmə ki, səni o biri otağa keçirim, onsuzda boynuna qoyacaqlar, yaxşı olar ki, özün kaseti verməyini təsdiq edib işini yüngülləşdir. Sonra məni Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi olduğunu bildirən Orxan Dəmirov dindirdi. Orada dövlət hesabına təyin edilən Səfər adlı vəkil var idi. Ona mənim vəziyyətim barədə şikayət etməyi, mənə burada bir kağız belə verilmədiyini dedim. Bildirdi ki, belə şikayət etməyəcək. Orxan adlı müstəntiq dindirən zaman bildirdim ki, Konstitusiyamızın 47-ci və 50-ci maddələrinə görə hər bir şəxsin söz azadlığı vardır. Bu zaman vəkil dedi ki, sən nə söz azadlığından danışırsan? Bu zaman vəkilə etiraz etdim və getməsini xahiş etdim. Orxan bildirdi ki, mənim belə bir hüququm yoxdur. Məhz etirazımda israr etdim. Sonradan onun ifadələrimə guya iştirak etməsi və imza etməsi barədə məlumatım yox idi. Hiss olunurdu ki, həmin vəkil məni yox, müstəntiqi müdafiə edirdi və özünü müstəntiqdən betər aparırdı. 17 mart 2012-ci il tarixdə məni Vüqar Nəsibov adlı müstəntiq dindirdi, daha sonra məni məhkəməyə gətirdilər. Mənə heç bir sənəd vermədilər və hansısa məzmununu bilmədiyim sənədlərə imza atdırdılar. 04 aprel 2012-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilənə qədər “bandotdel”də qeyd edilən qeyri-insani şəraitdə saxlanıldım. Bakı İstintaq Təcridxanasında mədəm üçün həb dərman versələr də, bu mənim mədəmin qanaxmasını kəsmirdi. Tək qorxum yenidən məni BMCMİ-inə aparıb qeyri-insani rəftar etmələridir”.
Yuxarıda Zaur Quliyev tərəfindən qeyd edilən faktlarla bağlı vəkil Elçin Sadıxov jurnalistin təcili müalicə alması üçün müvafiq qurumlara müraciət etsə də, lakin 14 aprel 2012-ci il tarixə qədər Bakı İstintaq Təcridxanasında Zaur Quliyevə tibbi yardım göstərilməsi ilə bağlı müraciətlər baxılmamış qalıb.
Vəkil həmçinin işgəncələr haqqında Baş Prokurora, Daxili İşlər Nazirliyinin rəhbərinə, ədliyyə nazirinə, ombudsmana şikayət yazıb.
Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyanatda qeyd edilənləri təkzib edir. “Daxili İşlər Nazirliyi müraciətdə sadalanan qeyri-insani davranışlarla bağlı məlumatları qətiyyətlə təkzib edir. Polis idarələrində olan bütün saxlama kameraları Ombudsman Aparatının, o cümlədən də qeyri-hökumət təşkilatlarının monitorinqi altındadır. Həmçinin Zaur Qulıyev saxlama kamerasında olarkən ombudsmanın nümayəndəsi onunla təkbətək görüşüb və indi yazdıqlarını təkzib edib”, - deyə mətbuat xidmətinin əməkdaşı Amerikanın Səsi radiosuna bildirib.

XS
SM
MD
LG