Accessibility links

Vəkillər Quba hadisələri ilə bağlı həbs edilənlərin hüquqlarının pozulduğunu deyir


12 nəfər həbs edilib, 18 nəfər barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

"Xəyal" televiziyasının icraçı direktoru Vüqar Qonaqov, baş redaktor Zaur Quliyev və Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin saxlama kamerasından Penitensiar Xidmətin Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb.
Aprelin 8-də vəkil Rəşid Hacılı təcridxanada hər iki jurnalistlə görüşüb. Onun sözlərinə görə, jurnalistlər günahsız olduqlarını, qanunu pozmadıqlarını və Quba hadisələrində iştirak etmədiklərini bildiriblər.
Vəkil Z.Quliyevin səhhətində yaranmış problemlərdən ciddi narahatlıq keçirir. "Onda mədə xorası var. Hazırda bədəninin müxtəlif yerlərində də yaralar əmələ gəlib. Z.Quliyev təxirə salınmadan müalicə olunmalıdır", - vəkil qeyd edib.
R.Hacılı, həmçinin müdafiə etdiyi şəxslərin martın 13-dən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin saxlama kamerasında saxlanmasını ciddi qanun pozuntusu hesab edir. "Qanunvericiliyə görə, təqsirləndirilən şəxsi 72 saatdan çox saxlama kamerasında saxlamaq olmaq", - o vurğulayıb.
V.Qonaqovun həyat yoldaşı Amerikanın Səsi radiosuna bildirib ki, jurnalist evdə xəstə yatdığı zaman saxlanılıb. "Vüqar xəstə idi. Hərarəti var idi. Martın 13-də polislər apardı və dedilər ki, bir-iki saata qayıdacaq. Amma onu həbs etdilər", - o bildirib.
O, son günlərdə həyat yoldaşının işini aparan müstəntiqlə görüşmək üçün müraciət edib. Lakin müstəntiq müxtəlif bəhanələrlə onunla görüşməyib. "Mən həyat yoldaşımın taleyi ilə bağlı məlumat almaq istəyirəm. Vüqarın günahı yoxdur. Prokurorluğun Vüqar haqqında yaydığı məlumat doğru deyil. O, heç kimdən pul almayıb. Bizim üç uşağımız var. Həbs xəbərini eşidəndən sonra atasının səhhəti də pisləşib, yorğan-döşəyə düşüb", - o qeyd edib.
Vəkil Kamandar Nəsibov Amerikanın Səsi radiosuna bildirib ki,
Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevin cinayət xarakterli heç bir hərəkəti olmayıb. “İstintaqın onunla bağlı mövqeyindən tamamilə narazıyam. İstintaq orqanı Elxan Əliyevin müdafiə hüququnu da dəfələrlə pozub".

Vəkilin sözlərinə görə, E.Əliyev martın 16-dan aprelin 4-dək qanunsuz olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma kamerasında saxlanılıb. Aprelin 4-də Penitensiar Xidmətin Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb. "Mənimlə martın 17-də müqavilə bağlanıb. Həmin gün istintaq qrupunun rəhbəri və üzvləri mənimlə telefonla danışmaqdan imtina edib, müqaviləmi qəbul etməyiblər. Müqaviləm olduğu halda martın 17-də iştirakım olmadan ona qarşı ittiham elan edilib. Yalnız martın 28-də müdafiə etdiyim şəxslə görüş üçün məktub veriblər. Həmin gün də üç saat gözləməyimə baxmayaraq, görüşə buraxmayıblar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına məni martın 29-da buraxıblar", - o bildirib.
Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxslə görüşə buraxılmadığı müddətdə istintaq orqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində E.Əliyevi bir neçə dəfə dindirib və ondan hədə-qorxu ilə ifadə alıblar. "Həmin müddətdə hətta hüquq mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri onunla görüşüb, hədə-qorxu gəliblər", - Kamandar Nəsibov qeyd edib.
O, müdafiə hüququnun pozulması, E.Əliyevin qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması barədə məhkəmələrə 4 şikayət ərizəsi verib. "Şikayələrim Bakının Nəsimi, Yasamal məhkəmələrinin, Bakı Apellyasiya Məhkəməsinin icraatındadır" , - o bildirib.
Xatırladaq ki, martın 1-də Quba sakinləri rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibova etiraz olaraq dinc aksiya keçirib. Sonradan aksiya qarşıdurma ilə müşayiət olunub. Sakinlər İcra Hakimiyyətinin binasının şüşələrini qırıb, icra başçısının villasını yandırıb. Rayona daxili qoşunlar və polis qüvvələrinin yeridilməsinə baxmayaraq adamlar sakitləşməyib. Yalnız Rauf Həbibov istefaya göndərildikdən sonra sakinlər evlərinə dağılıb.
Fakt üzrə cinayət işi başlanıb. Cinayət işi üzrə 30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlardan 12-nin barəsində həbs, 18-i barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Bu cinayət işi üzrə "Xəyal" televiziyasının icraçı direktoru V.Qonaqov və baş redaktor Z.Quliyev və Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barələrində iki ay həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG