Accessibility links

Quba hadisələrinin istintaqı ilə bağlı rəsmi məlumat, 10 nəfər həbs edilib


Hadisələrin iştirakçısı olan 7 nəfər və icra başçının çıxışını yayan 3 nəfəri tutulub. Həbsdə olanlardan 2 nəfəri jurnalistdir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Qubada baş verən hadisələrlə bağlı birgə məlumat yayıb. Məlumatda medianın hadisələri təhrif etdiyi və 7 nəfərin istintaq tərəfindən saxlandığı deyilir. Birgə məlumatı olduğu kimi təqdim edirik:

“Son günlər müxtəlif KİV-lərdə bu il martın 1-də Quba şəhərində baş vermiş məlum hadisələrin əsl mahiyyətini təhrif edən, o cümlədən hüquq mühafizə orqanları tərəfindən kütləvi həbslərin aparılması barədə qəsdən heç bir əsası olmayan məlumatlar yayılmaqdadır. Bununla əlaqədar vətəndaşların hüquq mühafizə orqanlarına etdikləri çoxsaylı müraciətlərə aydınlıq gətirmək məqsədilə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi həmin hadisələrin təfərrüatları ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir.

Məlum olduğu kimi, Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Tədbir ilk anlardan asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda sonradan ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçib. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş əməllər nəticəsində icra hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikili və başçıya məxsus fərdi yaşayış evi yandırılıb, xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşına xəsarət yetirilib.

Fakt üzrə həmin gün Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatına verilib.

Həyata keçirilən tədbirlərlə cinayətdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilib. Onlardan yalnız ictimai qaydanın kobud sürətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak etmiş yeddi nəfəri, o cümlədən Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan Əmiraslanov və Səfər Qəribov Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə tərəfindən həbs olunub.

Hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində aparılan istintaq araşdırmaları göstərib ki, Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev 2011-ci il noyabrın 22-də keçirilən müşavirədə videoçəkiliş aparan “Xəyal” müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqovdan icra hakimiyyətinin başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlamağı xahiş edib və bunun müqabilində ona 140 manat ödəyib.

Vüqar Qonaqovun tapşırığı ilə şirkətin baş redaktoru Zaur Quliyev və montajçısı İslam Aslanov tərəfindən icra başçısının rayonun bəzi sakinlərinin qanunsuz hərəkətləri barədə söylədiyi fikirlərin ardıcıllığı pozulmaqla, ayrı-ayrı sözləri vətəndaşlarda hiddət doğuran məzmunda birləşdirilməklə süjet hazırlanıb. Həmin videomaterial 2011-ci il dekabrın 18-də kompakt diskdə Vüqar Qonaqova təqdim olunub və o, diski Elxan Əliyevə verib.

Bundan əlavə, Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədov icra başçısının çıxışı, eləcə də Rauf Həbibova və onun qohumlarına məxsus ünvanları və ölçüləri göstərilən daşınmaz əmlakın siyahısı və görüntüləri montaj edilməklə hazırlanmış videoçarxı rayondakı “Eniqma” mağazasında audio-video disk satıcısı işləyən Rövşən Məhərrəmova verərək internetdə yaymasını xahiş edib.

Videoçarx Rövşən Məhərrəmov tərəfindən 2012-ci il fevralın 20-də odnoklassniki.ru və mail.ru saytlarında yerləşdirilib. Həmin görüntüləri əldə edən rayonun ərzaq malları mağazasının satıcısı Əli Zeynalov onları Quba şəhərindəki MMM internet klubunun icarəçisi İmran Mustafayevə verib. Öz növbəsində, İmran Mustafayev ikinci qrup əlil olan Mustafa Nurullayevə məxsus loqin və paroldan istifadə etməklə videomaterialı fevralın 21-də youtube.com saytına yerləşdirib.

Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədovun mənzilinə keçirilmiş baxış zamanı destruktiv məzmunlu çağırış vərəqələri, Siyəzən rayonu ərazisində gizlətdiyi 3 ədəd disk, “Xəyal” müstəqil teleradio şirkətinə məxsus prosessor və digər dəlillər maddi sübut kimi götürülüb.

Zakir Məmmədov, habelə Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev, “Xəyal” müstəqil teleradio şirkətinin icraçı direktoru Zaur Quliyev və baş redaktoru Vüqar Qonaqov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Öz növbəsində, müstəqil ekspertlər istintaq orqanının ilk öncə rayonda insanların narazılığının səbəblərini, icra hakimiyyəti başçısı və onun Qubada heç zaman yaşamamış qohumlarının daşınmaz əmlakının qanuniliyinə qiymət verməsini vacib sayır.

Eyni zamanda, yerli mənbələr sabiq icra hakimiyyəti başçısının hadisədən bir neçə gün öncə bələdiyyə sədrlərini də qeyri-etik ifadələrlə təhqir etdiyini bildirir.

Vəkil Fuad Ağayev hesab edir ki, sabiq icra hakimiyyəti başçısının məsuliyyət məsələsini həll etməli olan istintaq, əksinə, icra başçısının qanunazidd fəaliyyətinin nəticəsi olan hadisələrdə iştirak edənlərin məsuliyyəti üzərində dayanıb.
Vəkil hesab edir ki, Quba hadisələri ilə bağlı istintaq obyektiv aparılmır:

REAL ictimai-siyasi hərəkatının həmsədri İlqar Məmmədov hesab edir ki, 1 mart hadisələrini Quba rayonunda deyil, Azərbaycanın siyasi hakimiyyət sistemində iğtişaşlar kimi dəyərləndirmək lazımdır.

Onun fikrincə, hadisəyə və onun nəticələrinə görə bir qrup “asayiş pozucusu” deyil, dövlət başçısının administrasiyası cavab verməlidir. Prokurorluq cinayət işinə Quba rayonunun qovulmuş icra başçısından başlamalıdır. “Hakimiyyət özünə sual etməlidir – niyə minlərlə insan küçələrə çıxdı? Səbəblər aydındır – işsizlik, ildən-ilə çoxalan sosial problemlər, əhalinin Rusiyaya axını. Quba hadisələri bütün ölkə üçün lakmus kağızıdır. Rəhbərliyin istənilən ehtiyatsız ifadəsi narazılığın partlamasına səbəb ola bilərsə, deməli idarəetmə sistemi bütünlüklə dəyişdirilməlidir”.

Cənab Məmmədov bildirib ki, yaşayış məntəqəsinin rəhbəri siyasi yolla təyin edilmiş deyil, qanuni yolla seçilmiş bələdiyyə başçısı olmalıdır.” Özünüidarə orqanı ona öz şəhərini etibar etmiş seçicilərlə işləməlidir. İH başçılarına tabe olan saxta bələdiyyələr yaradılmamalıdır, onlara icra hakimiyyətinin səlahiyyətləri verilməlidir. Onda əhali də özlərinin və övladlarının talelərinə daha məsuliyyətli yanaşacaq”, deyə Məmmədov əlavə edib

Milli Məclis sədrinin müavini Bahar Muradova isə hadisələrdən sonra deyib ki, vətəndaşların bu və ya digər məsələlərə, problemlərə, sosial narazılıqlara fikir bildirməsi normal haldır və hər kəsin konstitusion hüququdur. “Qubada baş verən hadisələri bəzi müxalif dairələrin inqilab və ya üsyan kimi qiymətləndirməsi doğru deyil. Quba rayon icra başçısının noyabr ayında olan çıxışının indi yayımlanması müəyyən məqamlardan xəbər verir”, - deyə o qeyd edib.

Xatırladaq ki, martın 1-də Quba rayonunda bir neçə min sakin yerli icra hakimiyyəti başçısına dinc etiraz edib. Etirazçılar aksiyaya səbəb kimi icra hakimiyyəti başçısının yerli əhalini təhqir etməsini göstərib. Sonradan dinc etiraz qarşıdurmaya keçib və etirazçılar icra hakimiyyətinin binasının şüşələrini qırıb və icra hakimiyyəti başçısının evini yandırıb. Rayona daxili qoşunlar yeridilib. Etirazçılar, yalnız icra hakimiyyəti başçısı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sakitləşib.

XS
SM
MD
LG