Accessibility links

8 aprel İctimai Palatanın mitinqi (VİDEOLAR/FOTOLAR)


Aksiya “Siyasi məhbuslara azadlıq!”, “Yeni parlament seçkiləri keçirilsin!”, “Rədd olsun yoxsulluq!”, “Qarabağa azadlıq!”, “İstefa! ”şüarları qaldırılıb.

Müxalifət qüvvələrini birləşdirən İctimai Palata Bakıda mitinq keçirib. “Siyasi məhbuslara azadlıq!” “Yeni parlament seçkiləri keçirilsin!”, “Rədd olsun yoxsulluq!”, “Parlament seçkilərini saxtalaşdıranlara istefa!”, “Bizə Eurovision deyil, Qarabağ lazımdır!”, “Azadlıq, bərabərlik və qardaşlıq!”, “İstefa! ”şüarları qaldırılmış mitinqdə minlərlə insan iştirak edib. Müxalifət mitinqdə 10 mindən çox, Bakı şəhər Baş Polis İdarəsi isə 1200 nəfərin iştirak etdiyini iddia edir.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, “Bu, son 7 ildə hakimiyyətin icazə verdiyi ilk mitinqdir. Bütün bu illər ərzində hakimiyyət müxalifəti boğmağa çalışıb, amma hakim rejim nə mitinqləri qadağan etməklə, nə də jurnalistləri qətlə yetirməklə buna nail ola bilməyib”.

Hakimiyyətin daxili və xarici siyasətini tənqid edən cənab Kərimli bildirib ki, nə Heydər Əliyev, nə də İlham Əliyev Qarabağın azad edilməsi üçün heç nə etməyib. Bunun əvəzində korrupsiyaya uğramış rejim öz xalqını soyaraq, “xeyriyyəçiliklə” məşğul olur və sovet dövründən qalan əmanətləri əhaliyə qaytarmaq istəmir. “Bu rejimi istefaya göndərmək lazımdır!”

Sabiq Baş nazir Pənah Hüseyn növbəti mitinqdə 100 min insanın iştirak edəcəyini deyib. O, parlamenti, hökuməti və dövlət başçısı Əliyevi istefaya çağırıb. “O gün gələcək. Bu günki mitinq xalqın sınmadığının, əzilmədiyinin və əsas məqsədindən - bu rejimdən azad olmaq məqsədindən imtina etməyəcəyinin sübutudur”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, Azərbaycan xalqı ölkədəki rejimə qarşı qəhrəmanlıqla mübarizə aparır. Onun fikrincə, həm beynəlxalq şərait, həm də ölkədəki vəziyyət İlham Əliyevi çətin duruma salıb. Cənab Qəmbər hesab edir ki, korrupsiya, dərəbəylik üzərində qurulan hakimiyyət daxilində İlham Əliyevin həll edə bilməyəcəyi çoxsaylı ziddiyyətlər var. “Ölkədə dəyişikliklər zamanı gəlib çatıb. Yaxın müddət üçün nə edəcəyimizi dəqiqləşdirməliyik”.

Mitinqdə 10 min nəfərin iştirak etdiyini deyən İsa Qəmbər etiraz aksiyalarının daha kütləvi olmasını istəyir “Aprelin 22-nə növbəti mitinq təyin edəcəyik. Burda 10 min nəfər var. Növbəti mitinqə hər birimiz özümüzdən əlavə dörd-beş adamı da gətirə bilərik. Burda istefa şüarları səslənir. Ancaq bu şüar o zaman reallaşa bilər ki, meydanlarda 100 min insan olsun”.

Aksiyanın qətnaməsində vicdan məhbuslarının dərhal azad edilməsi, Quba hadisələri, hicab məsələsinə görə repressiyaların dayandırılması, söz və ifadə, sərbəst toplaşmaq azadlığının təmin olunması, pensiyaların, müəllimlərin, həkimlərin əmək haqqının və tələbələrin təqaüdünün iki dəfə artırılması, neft pullarından vətəndaşlara birbaşa pay ayrılması, təhsil haqlarının azaldılması, rüşvət və korrupsiyaya qarşı real mübarizə aparılması, dövlətdən, xalqdan oğurlanan sərvətlərin qaytarılması istiqamətində tədbirlər görülməsi, cinayətkar monopolizmə son qoyulması, mülkiyyət hüququna hörmət edilməsi, haqqı tapdanmış mülkiyyətçilərə ədalətli kompensasiya verilməsi, əmanətlərin birə-bir qaytarılması, Kür daşqınlarından ziyan çəkmiş insanlara ədalətli ödəniş verilməsi, Qarabağın azad edilməsi uğrunda ümummilli platformanın işlənib hazırlanması, ərazi bütövlüyünün təmin edilməsi tələb edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında isə deyilir ki, özünü “İctimai Palata” adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. “Mitinqdə AXCP, Müsavat, AXP, KXCP, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov APA Agentliyinə bildirib ki, aksiyada çox az sayda vətəndaş iştirak edib. “Bir hörmətli adamın yas mərasimində bundan üç dəfə artıq adam olur. Onların bu yığıncağına uzaq başı piket demək olar. Gərək onlar özləri də burada mitinq yox, piket keçirdiklərini deyəydilər”, - deyə o qeyd edib.

XS
SM
MD
LG