Accessibility links

İctimai Palatanın mitinqinin əsas motivi “hakim rejim islahatlara hazır olmadığı üçün məhvə məhkumdur” olub

İctimai Palata aprelin 22-də “Yeni parlament seçkiləri keçirilsin!”, “Siyasi məhbuslara azadlıq!”, “Mülkiyyət hüquqlarına hörmət edilsin!”, “Söz və mətbuat azadlığı!” və başqa şüarlarla mitinq keçirib. Mitinqdə “Azadlıq!”, “İstefa!”, “Azad seçki!”, “Mülkiyyətə toxunma!” kimi şüarlar da səsləndirilib.

Çıxışların əsas mötivi isə belə olub: hakim avtoritar rejim islahatlara hazır olmadığı üçün məhvə məhkumdur. Cəmiyyətin vəzifəsi hakimiyyətin dəyişməsi prosesini sürətləndirmək olmalıdır.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib ki, xalq İlham Əliyevi dəstəkləmir. “Biz qalib gələcəyik. Xalq bizim tərəfimizdədir. İnsanlar onları normal təhsildən, səhiyyədən və əmlakdan məhrum edən hakimiyyəti dəstəkləmir”, - deyə o qeyd edib.
“Uğurun açarı xalq hərəkatında prinsipial və azadlıqsevər gənclərin fəal iştirakıdır. Dünya ictimaiyyəti öz hüquqları, azadlıq və demokratiya uğrunda mübarizə aparanların yanındadır”, - deyə cənab Qəmbər bildirib.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu İlham Əliyevin müxalifətin mitinqlərinin keçirildiyi yer haqqında etinasız ifadələrini pisləyib. Bunu öz xalqına və torpağına hörmətsizliyin nümunəsi adlandırıb. “Amma hətta bu yeri müxalifətə layiq yer adlandırsa da, hakimiyyət insanların burada mitinqdə iştirakına maneə törədir”.
Natiqlərin çıxışlarının arasında sıx-sıx “İlham, istefa!”, “Gənclər meydana - İlham zindana!”, “Normal təhsil istəyirik!”, “Korrupsiyaya yox!” kimi şüarlar səslənib.
”Mülkiyyət hüquqlarının pozulması hakim rejimin əsas günahlarındandır”. Bu barədə Mirzə Ağa Əliyev küçəsi, 211, mənzil 2 ünvanında yaşayan sakin Şirinbacı Rzayeva bildirib.
“Mən mülkiyyətimi bu dövlətə satmaq istəmirəm. Prezident hansı haqla mənim mülkiyyətimə qiymət qoyur. Hazırki hakimiyyətin gözləri doymur. Kasıbın evini də əlindən alır. Rayonları aralarında bölüblər, indi də kasıbların evlərinə göz dikiblər, - deyə xanın Rzayeva qeyd edib.

O, meriya işçilərinin təzyiqlərinə və hədələrinə baxmayaraq, mənzilini tərk etməkdən imtina edir. Fəhlələr evin damını da söküblər. Keçirdiyi stresdən hamilə gəlini uşaq salıb, oğlu isə Nəsimi rayon polis bölməsinə aparılıb.
Xanım Rzayevanın bəyanatlarından sonra meydanda elektrik enerjisi kəsilib. Aksiya təşkilatçıları işıq verilmədən meydanı tərk etməyəcəklərini elan ediblər. Bundan sonra elektrik enerjisi təchizatı bərpa edilib.

“İlham Əliyev səhv ifadələri ilə müxalifəti deyil, sıravi vətəndaşları təhqir edib”. AXCP sədri Əli Kərimli bu bəyanatla prezidentə cavab verib.
”Hakimiyyətin problemi odur ki, müxalifəti öz düşməni sayır. Hakimiyyət düşünür ki, müxalifət “bitdikdə” hakimiyyətin problemləri də bitəcək. Lakin, baxın, bu gün mitinqdə nə qədər gənc var. Bu o deməkdir ki, müxalifət bitməyəcək və gənclər rejimə qarşı mübarizənin bitməyəcəyinin zəmanətidir. Hakimiyyət dərk etməlidir ki, demokratik islahatlar dövlətin normal inkişafının yeganə yoludur. Əks halda müntəzəm olaraq Quba iğtişaşları kimi hadisələr ortaya çıxacaq və onlar bütün ölkəni bürüyəcək”, - deyə o qeyd edib.
Mitinqin qətnaməsində deyilir ki, hakimiyyət 8 aprel mitinqinin tələblərini yerinə yetirməyib: siyasi məhbuslar azad edilməyib, mülkiyyət hüquqları təmin edilməyib, jurnalistlərə təzyiqlərə son qoyulmayıb. Əksinə, Sulutəpə qəsəbəsinin sakinlərinə təzyiq güclənib, jurnalistlərə yeni basqınlar törədilib və Sabirabadda daşqın zonasında vətəndaş cəmiyyəti fəallarının təqibi güclənib.
İctimai Palatanın növbəti mitinqinin mayın 6-da keçiriləcəyi bəyan edilib.

İctimai Palata rəsmiləri mitinqdə 12-15 min, müstəqil müşahidəçilər 7-8 min, Bakı şəhər Baş Polis İdarəsi isə 1200 nəfərin iştirak etdiyini bildirib.

Bakı şəhər Baş Polis İdarəsi həmçinin İctimai Palata adlandıran qurumun Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilmədiyi barədə məlumat yayıb.

XS
SM
MD
LG