Accessibility links

Hüquq müdafiəçiləri ölkədə çoxsaylı siyasi məhbusların olduğunu bildirib. Onlar Euriovision mahnı müsabiqəsindən sonra repressiyasının güclənəcəyinə işarə edib.

Azərbaycanda insan haqları ilə bağlı vəziyyət acınacaqlıdır və “Demokratiya naminə oxu!” kampaniyası dünya birliyinin diqqətinin bu sahədə problemə yönəldilməsi üçün keçirilir. Bu barədə Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus “Eurovision” ərəfəsində yerli hüquq müdafiəçilərinin birgə keçirdiyi kampaniyanın yekunlarına həsr olunmuş bugünkü mətbuat konfransında bildirib.
“Azərbaycanda hətta avtoritar rejim də deyil, klan-mafia idarəetmə sistemidir. Hazırda ölkədə 70-dən çox siyasi məhbus var. Onların bəzisi dinc nümayişlərdə iştiraka görə həbsdədir. Hətta Rusiyada da buna görə 15 sutka verirlər”, - o qeyd edib.
Xanım Yunus siyasi məhbusların sırasına dövlət çevrilişinə cəhddə ittiham olunaraq 10-12 il azadlıqdan məhrum edilmiş İslam Partiyasının fəallarını da daxil edib.
O həmçinin diqqəti 7 jurnalistin həbsinə yönəldib. “Eurovision”dan sonra onları 5-7 il müddətinə həbs edə bilərlər. Bundan əlavə, 4 hüquq müdafiəçisi cinayət məsuliyyətinə cəlb olunub.
Xanım Yunus vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına xüsusi diqqət yetirib. Bakıda 60 min sakin öz mənzilindən qanunsuz çıxarılıb. “Eurovision” bu prosesi sürətləndirib”, - o qeyd edib və deyib ki, mülkiyyətin alınması qanunlar, Nazirlər Kabinetinin qərarları pozulmaqla həyata keçirilib.
O, avropalı jurnalistlərə müraciət edərək onları Azərbaycanda insan hüquqları məsələsinə laqeyd qalmamağa çağırıb.
“Avropada korrupsiyaya “yox”, uzaq Azərbaycanda demokratiyaya “hə” deyin”, - o vurğulayıb.
Lakin L.Yunusun çıxışı hökumətyönlü və dövlət KİV-ləri jurnalistlərinin reaksiyasına səbəb olub. Onlardan biri L.Yunusun sözlərində dövlət əleyhinə fikirlərə etiraz edib.
“Xalq qəzeti”ndən olan digər jurnalist Əliqismət Bədəlov xarici jurnalistləri inandırmaq istəyib ki, Azərbaycanda “həbs edilən jurnalist” yoxdur, sadəcə jurnalist vəsiqəsi olan şəxslər həbs olunub.
Bu zaman Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov həbs edilən jurnalistləri adbaad sayıb.
Jurnalist Rövşən Hacıbəyli diqqəti İctimai telekanalın Avropa Yayım Şurasının siyasi plüralizmin təmin edilməsi prinsipini pozması üzərinə yönəldib.
Siyasi Azadlıqlar Alyansının rəhbəri Anar Məmmədli diqqəti bir ildən sonra Azərbaycanda keçiriləcək prezident seçkilərinə çəkərək ölkədə azad və ədalətli seçkilər keçirməyə şəraitin olmadığını deyib.
Jurnalist Şahvələd Çobanoğlu “Demokratiya naminə oxu!” kampaniyasının dünya ictimaiyyətinin Azərbaycanda sarayların yaraşıqlı fasadları arxasında real problemləri görməsi üçün keçirildiyini söyləyib.
Xarici jurnalistlərin “Evrovision”dan sonra Azərbaycan iqtidarının özünü necə apara biləcəyi sualına cavab olaraq xanım Yunus repressiyaların güclənəcəyi proqnozunu verib.

Öz növbəsində, rəsmi Bakı ölkədə insan hüquq və azadlıqlarının tam təmin edildiyini, bəzi cəhətlərdə isə hətta Avropadan irəlidə olduğunu bəyan edir. Hökumət birmənalı olaraq siyasi məhbusların mövcud olmadığını bildirir.

XS
SM
MD
LG