Accessibility links

Müdafiə Rəsədxanası: Azərbaycanda müstəqil QHT liderlərinin əksəriyyəti həbs edilib


Hüquq Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi Rəsədxanası

Hüquq Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi Rəsədxanası

Bakıda Avropa Oyunlarının keçirilməsi ərəfəsində Azərbaycanda vətəndaş cəmiyyətinə, QHT-lərə və jurnalistlərə qarşı repressiyalar güclənib. Bu barədə Hüquq Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi Rəsədxanasının aprelin 21-də dərc edilmiş məruzəsində deyilir.

Hesabatda səkkiz hüquq müdafiəçisinə qarşı repressiya faktları sənədlərlə əksini tapıb.

“Müstəqil QHT liderlərinin əksəriyyəti həbs edilib. Onların həbsdə saxlanılması şəraiti çox pisdir, bəzilərinin, məsələn, Leyla Yunusun və İntiqam Əliyevin səhhətinin pisləşməsi ciddi naraharlıq doğurur”, deyə QHT rəhbəri Cerald Staberok bildirib.

2015-ci ilin yanvar ayında Rəsədxana Bakıdakı faktların müəyyən edilməsi və vətəndaş cəmiyyəti ilə görüş üçün missiya göndərib. Hakimiyyətdən xahişlərə baxmayaraq, nümayəndə heyətinin həbsdə olan hüquq müdafiəçilərinə baş çəkməsinə icazə verilməyib.

Son iki ildə bir çox sovet dövlətləri vətəndaş cəmiyyəti ilə amansızca hesablaşır, hədsiz repressiya siyasəti həyata keçirir. Bu siyasət Rusiyada qəbul edilmiş qanunlardan ilham alıb.

Bakıda 2015-ci ilin iyununda keçiriləcək Avropa Oyunları ərəfəsində beynəlxalq ictimaiyyət Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı narahatlığını bildirməlidir.

“Biz ümid edirik ki, Avropa Oyunlarında iştirak edən ölkələrin liderləri Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti pisləmək üçün fürsətdən istifadə edəcəklər. Məhz buna görə biz onlardan rəsmi olaraq oyunların açılış mərasimində iştiraklarının bütün siyasi məhbus olan hüquq müdafiəçiləri azad edildiyi təqdirdə mümkün olacağını bəyan etməyi xahiş edirik”, deyə Hüquq Müdafiə Təşkilatları Federasiyasının rəhbəri Suer Belhassen bildirib.

Azərbaycan hökuməti “ərəb baharını, Rusiyada və Türkiyədə genişmiqyaslı nümayişləri, Ukraynadakı hadisələri milli sabitliyə “təhlükə” hesab edir. Bu əsasla hakimiyyət 2014-cü ildə QHT-lər və onların liderləri ilə hesablaşmağa başlayıb, qanunları sərtləşdirib, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırıb.

Bu qanunlar müstəqil QHT-lərin fəaliyyətini faktiki olaraq qeyri-mümkün edib, deyə məruzədə qeyd edilir.

Bu 50 səhifəlik sənəd ölkədəki vəziyyət haqqında ətraflı məlumat və Azərbaycan hakimiyyətinə və əsas beynəlxalq tərəfdaş ölkələrə - BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurasına konkret tövsiyyələr ehtiva edir. Tövsiyələrin mahiyyəti Azərbaycanda insan hüquqları və demokratiya sahəsində vəziyyəti yaxşıya doğru dəyişmək üçün tələb olunan tədbirlərdən ibarətdir.

Öz növbəsində, rəsmi Bakı ölkədə hüquq və azadlıqların təmin edildiyini bildirir. Azərbaycan rəsmiləri Avropa Oyunları ərəfəsində tənqidlərin məqsədli olduğunu və lobbiçilərə əsaslandığını deyir.

XS
SM
MD
LG