Accessibility links

İran xüsusi xidmət orqanları ilə əlaqəli həbs edilənlərin dövlətə xəyanətdə ittiham edildiyi bildirilir (təhlil)


İran xüsusi xidmət orqanları ilə əlaqəli həbs edilənlərin dövlətə xəyanətdə ittiham edildiyi bildirilir (təhlil)
İran xüsusi xidmət orqanları ilə əlaqəli həbs edilənlərin dövlətə xəyanətdə ittiham edildiyi bildirilir (təhlil)

Həbslər Bakı, Sumqayıt, Gəncə, Cəlilabad, Bakının Nardaran qəsəbəsini və digər yaşayış məntəqələrini əhatə edir.

Yerli media son günlər İran xüsusi xidmət orqanları ilə əlaqəsi olan iyirmi nəfərədək islamçının saxlandığı barədə məlumatlar dərc etməkdədir. Həbslər Bakı, Sumqayıt, Gəncə, Cəlilabad, Bakının Nardaran qəsəbəsini və digər yaşayış məntəqələrini əhatə edir. KİV-lərin məlumatına görə, həbs edilən islamçılardan narkotik maddə, silah və sursat götürülüb. Saxlananlar arasında İranın “Səhər” telekanalı ilə əməkdaşlıq edən 31 yaşlı Anar Bayramlının olduğu da bildirilir.
Həbs edilənlərin qohumları və vəkilləri müxtəlif media orqanlarına bildirdiklərinə görə, onlara qarşı Cinayət Məcəlləsinin dövlətə xəyanət, qanunsuz olaraq narkotik maddələr əldə etmə, qanunsuz silah və sursat saxlama maddələri ilə cinayət işi başlanıb. Həbslərin Milli Təhlükəsizlik Nazirliyi və polis tərəfində aparıldığı bildirilir.
Bununla yanaşı, hüquq mühafizə orqanları həbslərlə bağlı rəsmi münasibət bildirməyib.
İslama meylli şəxslərin həbsləri Azərbaycanla İran arasında bir-birinin ərazisində terror keçirmək ittihamı ilə nota mübadiləsindən sonra baş verib. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İran xüsusi xidmət orqanları tərəfindən Bakıda yəhudi məktəbinin müəllimlərinin qətlə yetirilməsi ilə bağlı təlimatlandırılmış və silahla təchiz edilmiş şəxsləri həbs edib. Bundan sonra, İran Tehranda nüvə alimlərini qətlə yetirməkdə şübhəli bildiyi İsrailin “Mossad” kəşfiyyat xidmətinin agentlərinin Azərbaycan ərazisindən istifadə etdiyi barədə rəsmi Bakıya nota verib. Ümumilikdə isə, islam meylli şəxslərin həbsi 2011-ci ilin əvvəlində İslam Partiyasının sədri Mövsüm Səmədovun Azərbaycan hakimiyyəti əleyhinə çıxışından sonra başlayıb. Bu fonda Bakıda hicabla bağlı etirazlar keçirilib.
Hazırki həbslərə gəlincə, İranın Azərbaycandakı səfirliyi, Azərbaycanda fəaliyyət göstərən İslam Partiyası və İran prezidentinin qardaşı bunu etirazla qarşılayıb.
İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib ki, səfirlik televiziyanın nümayəndəliyinin əməkdaşlarının qanunazidd əməllərə yol vermələri barədə ittihamları qəbul etmir.
Cənab İsgəndərinin fikrincə, saxlanılan şəxslər, vicdanlı, düzgün adamlardır və öz işlərində peşəkardır. O hesab edir ki, İran televiziyasının əməkdaşlarının saxlanması ikitərəfli münasibətlərə zərər vurulmasına yönəlib.
İslam Partiyası həbsləri ciddi narahat edən hadisə adlandırıb.
“Ölkə paytaxtında, həmçinin ayrı-ayrı rayon və şəhərlərdə Azərbaycan vətəndaşları müxtəlif əsassız ittihamlarla şərlənərək saxlanılır, həbsə alınır. Tanınmış, hörmətli şəxsiyyətlər daha çox narkotik ilə əlaqələndirərək təhdid olunur. Günahsız insanların ləkələnməsini cəmiyyətə qarşı ədalətsiz münasibətin və cəmiyyətdə inamsızlıq yaratmaq cəhdinin nəticəsi kimi qiymətləndiririk”, - deyə partiyanın bəyanatında qeyd edilir.
İslam Partiyası hakimiyyətdən siyasi, vicdan məhbuslarının sayını artırmağı, ruhanilərə qarşı repressiya aparmağı deyil, haqsız həbs olunanları azadlığa buraxmağı tələb edir.
“Media Forum” saytının məlumatına görə, İran prezidentinin qardaşı Davud Əhmədinejad bildirib ki, Azərbaycanda müxbirin tutulmasında İsrailin əli var. “Onun tutulmasında sionistlərin rolu olub. Bölgədəki bu kimi ölkələr dünya zülmkarlarına bağlı ölkələrdir. Onlar müstəqil deyillər. Bu hərəkətlər isə onların müstəqil olmamağına görədir. Bizim nüvə alimlərimiz də sionizm və dünya zülmkarlarının əli ilə terror edilib. Onlardan asılı olan bölgədəki bəzi ölkələr də bu işdə onlara yardım göstərib”, - deyə o qeyd edib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov saxlananlar arasında jurnalist olması ilə bağlı yazılanları təkzib edib. Onun sözlərinə görə, Azərbaycan hüquqi dövlətdir və hər bir şəxs törətdiyi cinayət əməlinə görə ittiham edilir. Cənab Həsənov adı çəkilən şəxsin Azərbaycanda jurnalist kimi attestasiyadan keçmədiyini diqqətə çatdırıb.
Öz növbəsində, Azərbaycanın Media Hüququ İnstitutu (MHİ) İrandan yayımlanan “Səhər” adlı televiziya kanalının Bakıdakı reportyoru Anar Bayramlının həbs olunmasından narahatlığını bildirib. “MHİ Azərbaycan və onun hökuməti ilə bağlı tənqidi verilişləri ilə tanınan bu kanal üçün çalışan jurnalistin narkotik gəzdirmə ittihamı ilə həbsini xüsusi diqqətdə saxlamağa və rəsmi qurumları olayla bağlı aydın və dolğun bilgi verməyə çağırır”.
Fevralın 20-də Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA Agentliyinə bildirib ki, Azərbaycan özünün xarici əlaqələrindən heç zaman İrana qarşı istifadə etməyib, istifadə edilməsinə də imkan verməyib.
Onun sözlərinə görə, Azərbaycan İranla xarici siyasətini mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurur. “Bir-birinin daxili işlərinə qarışmamaq, xarici ölkələrlə əlaqələrdə bir-birinin maraqlarına ziyan vurmamaq, bir-biri ilə münasibətlərə xələl gətirməmək bizim bu ölkə ilə yürütdüyümüz diplomatik siyasətin əsas istiqamətini təşkil edir. Son zamanlar Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu ölkəyə bağlı müəyyən çevrələr tərəfindən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan bəzi arzuolunmaz, o cümlədən terror cəhdlərinin qarşısının alınması istiqamətində müvəffəqiyyətli əməliyyat həyata keçirdi. İranın bəzi dairələri əsası olmayan şəkildə məhz buna cavab olaraq “alternativ tədbir” kimi Azərbaycana qarşı, onu bu və ya digər fəaliyyətdə ittiham edən, günahlandıran nota verib. Bu bizim arzu etdiyimiz hal deyil”.
Şöbə müdiri iki ölkə arasında gərginliyin olması barədə fikirlərlə razılaşmır: “Mən deməzdim ki, iki ölkə arasında vəziyyət gərgindir. Lakin münasibətləri gərginləşdirməyə cəhd göstərən insanlar, dairələr var. Bu isə nə İranın, nə də Azərbaycanın xeyrinədir. Azərbaycan həmişə bütün tədbirlərdə İranın maraqlarını nəzərə alıb, bundan sonra da almaq fikrindədir. İran bizimlə müştərək tarixi, dini bölüşən, on milyonlarla soydaşımızın azərbaycanlıların yaşadığı bir ölkədir. Bu ölkənin maraqları bizim həmişə diqqətimiz mərkəzində olub və bu maraqların pozulmasına, heç bir anti-İran fəaliyyətinə yer verməmişik. Eyni şeyləri İrandan da tələb edirik və düşünürük ki, bu, belə də olacaq”,- deyə cənab Həsənov qeyd edib.

XS
SM
MD
LG