Beyləqan rayonunda (Bakıdan 291 kilometr cənub-qərb) pambıq sahəsində çalışan insanların kütləvi halda zəhərləndiyi bildirilir.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, pambıq becərməklə məşğul olan 15 nəfər zəhərlənmə simptomları ilə rayon xəstəxanasına aparılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliy i(TƏBİB) bildirib ki, Beyləqanda zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir.
"Həmin şəxslər hazırda stasionar nəzarətdədir. Gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar".
Baş Prokurorluğun Mətbuat xidməti faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparıldığını bildirib.
Xatırladaq ki, 2018-ci ildə ölkənin pambıq tarlalarında istifadə etdikləri pestisidlərdən pambıqçıların kütləvi zəhərlənməsi baş verib. Daha sonra ölkənin bir sıra rayonlarında 300-ə yaxın insanın 3 kütləvi zəhərlənməsi faktı qeydə alınıb.
Araşdırma zamanı pestisidlərdən istifadə və əməyin mühafizəsi qaydalarının pozulması faktları aşkar edilib. Müxtəlif pambıq istehsalı firmalarının 5 əməkdaşı həbs edilib.