Accessibility links

Azərbaycan xarici işlər naziri NATO-nun baş katibi ilə görüşəcək


İyulun 19-da NATO-nun mənzil qərargahında alyansın baş katibi Yens Stoltenbergin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla bağlı qapılar arxasında görüşü keçiriləcək.

Bu barədə Şimali Atlantik Alyansın saytında yer alan məlumatda deyilir. Görüşün gündəliyi açıqlanmır.

Xatırladaq ki, elə həmin gün Bayramov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək.

Azərbaycan-NATO əlaqələri

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1997-ci ilin 14 noyabrda prezident Heydər Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Azərbaycan Respublikası və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında hərbi əməkdaşlıq da davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.

"Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək, strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlərini həyata keçirir" , Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir.

Azərbaycan sülhməramlıları NATO qüvvələri tərkibində Kosovoda və Əfqanıstanda sülh yaratmaqda iştirak edib.

Əməkdaşlıq dövründə Azərbaycan NATO-nun çoxsaylı təlimlərində, treyninqlərində, təhsil və digər proqramlarında iştirak edib, NATO-nun Azərbaycanda onlarla tədbirləri keçirilib. Çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsinin maliyyələşdirlməsində iştirak edib.

Azərbaycanda dəfələrlə NATO həftəsi keçirilib, NATO yay məktəbləri təşkil edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG