Son illər ölkədə torpaq fondunun qanunsuz ələ keçirilməsi geniş miqyas alıb. Bu barədə iyulun 25-də Prezident İlham Əliyev Masallı, Göyğöl və Lerik rayonlarına yeni təyin edilmiş icra hakimiyyəti başçılarını qəbul edərkən deyib.
“Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerlərdəki nümayəndələri vasitəsilə torpaq sahələrini tuturdular. Təəssüf ki, bu, təkcə rayonlarda deyil, paytaxtda da baş verir," o qeyd edib.
Əsasən Abşeronda bəzi məmurlar və biznesmenlərin dəniz sahilindəki qayaları zəbt etdiyi və bəzi yerlərdə dağıtdığını deyən Əliyev əlavə edib ki, bununla bağlı Buzovna qəsəbəsindən bir qrup fəal şikayətlə ona müraciət edib. O, Bakı merinə məsələni araşdırmağı tapşırıb.
“Dövlət məmurları və bir sıra sahibkarlar tərəfindən böyük pozuntular aşkar edilib. Bu, tariximizə və təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir. Həmin şəxslər onları ələ keçirmək və orada villa tikmək qərarına gəliblər. Təəssüf ki, belə faktlar çoxdur və indi belə hallara qarşı ciddi mübarizə aparılır," Əliyev deyib və əlavə edib ki, hakimiyyət bu cür məmurlardan "təmizlənir".
Sonra o qeyd edib ki, əvvəlki illərdə Bakıda tikilmiş bir çox hündürmərtəbəli binalar şəhərsalma normalarına uyğun deyil. O, bunda "qanunsuz icazələr" verən icra hakimiyyəti başçılarını ittiham edib. Bununla da şəhərsalma normalarına "böyük ziyan" vurulub, prezident qeyd edib və əlavə edib ki, buna son qoyulub.
Qeyd edək ki, 10 ildən çoxdur ki, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və ictimai xadimlər Abşeron yarımadası sahillərinin qanunsuz zəbt edilməsi barədə yazırlar. Hazırda onlarla kilometr sahil zəbt edilib. Bu, daim və hər yerdə hakimiyyətin gözü qarşısında baş verib, baxmayaraq ki, qanunvericilik dəniz sahilindən 50 metr yaxında tikintini qadağan edir.
Ekspertlərin müşahidələrinə görə, ümumən, Azərbaycanda 500 minədək qanunsuz tikili var. Bu tikililərin əksəriyyətinin mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Bəzi insanların əlində ilkin sənəd, yəni bələdiyyələrin qərarı, bəzilərinin əlində torpağa bələdiyyələrin alqı-satqı sənədi, bəzilərinin əlində layihə - cizgi sənədləri, bəzilərinin əlində qeydiyyat sənədi, bəzilərinin tikintinin bir hissəsinə sənədi var, bəzi tikintilərlə sənədlər arasında isə uyğunsuzluq var.
Nazirlər Kabineti ölkə ərazisində müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib.
Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb.
Nazirlər Kabineti bildirib ki, pandemiyayadək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.
İqtisadiyyat Nazirliyi sənədləşdirmə işləri bu ildən davam etdirildiyini bildirib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 21 643-ü fərdi yaşayış və bağ evi, 44 576-sı mənzil, 71 904-ü torpaq sahəsi, 1 645-i qeyri-yaşayış binası, 4 411-i qeyri-yaşayış sahəsi, 363-ü əmlak kompleksi, 16-sı isə çoxmərtəbəli yaşayış binasıdır.