Accessibility links

Azərbaycanda Zəfər Günü yürüşlərlə qeyd edilib


Noyabrın 8-də Azərbaycanda rəsmi bayram olaraq Zəfər Günü qeyd edilir. Bu münasibətlə Bakının müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşü keçirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Zəfər Gününün hər il noyabrın 8-də, Şuşa şəhərinin azad edilməsi günündə qeyd edilməsi ilə bağlı qərar verilib.

Noyabrın 8-də Prezident İlham Əliyev Şuşa şəhərində Zəfər Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak edib, hərbçilərin təntənəli keçidini izləyib.

Prezident Əliyev Ermənistan xalıqna müraciət edərək sülhə çağırış edib və Azərbaycanla sərhədlərində hərbi təlim keçirən İrana işarə edərək bildirib: "Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər ki, biz heç kimdən qorxmuruq".

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan hərbi əməliyyatlar Azərbaycan Ordusunun beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etməsi ilə nəticələnib. Bundan sonra noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

44 günlük müharibədən iki il keçməsinə baxmayaraq, Qarabağ regionunda və Ermənistanla sərhəddə gərginliklər qalmaqdadır.

Bu ilin sentyabr ayında baş verən irimiqyaslı toqquşmalar nəticəsində həm Azərbaycan, həm də Ermənisan tərəfdən onlarla hərbi qulluqçu həlak olub.

Hazırda Qərb və Rusiyanın təşəbbüsləri ilə sülh müqaviləsi, sərhədlərin delimitasiyası və demarkasiyası ətrafında danışıqlar davam etdirilir.

İqtisadi əlaqələrin və kommunikasiya qurğularının bərpası, Naxçıvana dəhlizin açılması sahəsində irəliləyişlər qeydə alınmayıb.

Bazar ertəsi Vaşinqtonda ABŞ Prezidentinin Qonaq Evi sayılan Blair House-da ABŞ Dövlət Katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Qapalı formatda davam edən görüşdən öncə giriş nitqində Blinken Birləşmiş Ştatların Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiq olduğunu bildirib.

"Birbaşa dialoq həqiqi sülhə aparan ən yaxşı yoldur və ABŞ buna dəstək olmaqdan çox məmnundur. Birləşmiş Ştatlar həm Ermənistan, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün güclü dəstəkçisidir,” Dövlət Katibi deyib.

Mövzuya uyğun

XS
SM
MD
LG