Accessibility links

ABŞ dövlət katibi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli formatda telefon danışığı olub


Ceyhun Bayramov, Antoni Blinken, Ararat Mirzoyan (Kollaj Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Ceyhun Bayramov, Antoni Blinken, Ararat Mirzoyan (Kollaj Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Oktyabrın 4-də Amerika Birləşmiş Ştatları dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli formatda telefon danışığı aparılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, dövlət katibi Blinken Ermənistan və Azərbaycanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları yüksək qiymətləndirib.

"Həddindən artıq zorakılıq, o cümlədən mina partlayışları nəticəsində erməni əsgərləri və azərbaycanlı mülki əhalinin həlak olması ilə yadda qalan son həftədən sonra o, oktyabrın 2-də nazirlər arasında keçirilən görüşü sülh prosesində irəliyə doğru atılan mühüm addım kimi alqışladı. Dövlət katibi hərbi əsirlərin azad edilməsini yüksək qiymətləndirdi. Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizi və diplomatiyanın irəliyə doğru yeganə yol olduğunu vurğuladı" , Prays qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, nazir Ceyhun Bayramov telefon danışığı zamanı Cenevrə görüşündə Azərbaycan tərəfindən təklif olunmuş sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntilərni vurğulayıb.

"Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb. Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb".

Məlumatda bildirilir ki, ABŞ dövlət katibi Antoni Blinken tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, təklif olunmuş sülh müqaviləsi elementləri üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb.

Üçtərəfli telefon danışığı zamanı normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.

Ermənistan Xarici İşlər Nazirliynin Mətbuat xidməti bildirir ki, telefon danışığı zamanı tərəflər Cenevrədə keçirilən 2 oktyabr görüşü ilə bağlı fikir mübadiləsi aparıb.

"Nazir Ararat Mirzoyan Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasının, Azərbaycanda qanunsuz saxlanılan erməni hərbi əsirlərin tezliklə geri qaytarılmasının və atəşkəs rejiminin qeyd-şərtsiz qorunmasının zəruriliyini bildirib. Problemlərin güc tətbiqi və ya güc tətbiq etməklə hədələmə yolu ilə həllinin yolverilməzliyi vurğulanıb. Yeni təcavüzlərin qarşısının alınması kontekstində sərhəddəki vəziyyətin monitorinqi və nəzarəti üzrə beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin inkişafı və Stepanakertlə (Xankəndi) Bakı arasında müzakirələr mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə yönəlmiş müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub" , Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG