Yanvarın 16-da Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyası davam etdirilib. Belə ki, Müsavat Partiyasının qərargahında artıq 8 gündür onlara dəstək məqsədi ilə 10 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP), 2 nəfər Müsavat Partiyasının fəalı aclıq edir. AXCP-nin daha 4 fəalı isə Ağdaş rayonunda aclıq edir. Beləliklə, hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 19 fəal aclıq aksiyası keçirir.
Yanvarın 16-da AXCP sədri Əli Kərimli, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Milli Məclisin keçmiş sədri İsa Qəmbər və hazırda həbsdə olan Əli Əliyevin sədri olduğu Vətəndaş və İnkişaf Partiyasının sədr müavinləri, çoxsaylı ictimaiyyət nümayəndələri aclıq edənlərə baş çəkib.
“Aclıq aksiyası Tofiq bəyə dəstəklə yanaşı, bütövlükdə siyasi məhbuslar məsələsini ciddi şəkildə gündəmə gətirdi. Tofiq Yaqublunun tələbi də təkcə özü ilə bağlı deyil, bütövlükdə siyasi məhbusların azad edilməsidir. Bu aclıq aksiyası həm də böyük bir fədəkarlıqdır. Tofiq Yaqublu 12-ci günüdür, siz və Bəxtiyar Hacıyev isə bir həftədən çoxdur aclıq edirsiniz. Bu çox böyük bir fədəkarlıqdır”, Əli Kərimli qeyd edib.
AXCP sədrinin fikrincə, aclıq aksiyası beynəlxalq ictyimaiyyəti hərəkətə gətirib.
“Qısa müddətdə ABŞ Dövlət Departamenti iki dəfə Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini tələb edib. Avropa Birliyi onlara birmənalı şəkildə azadlıq tələb etdi. Eyni zamanda ABŞ Dövlət Departamenti bütün siyasi məhbusların azad edilməsi üçün səylərini hər gün davam etdirəcəyini açıqladı”, Əli Kərimli qeyd edib.
Yanvarın 16-da 1 saylı Bakı İstuintaq Təcridxanasında aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevə anası ilə görüş verilib. O bu gün həmçinin atası və qardaşı ilə telefonla danışıb.
“Bəxtiyar Hacıyev anasına aclığı davam etdirməkdə israrlı olduğunu bildirib. Anası deyib ki, Bəxtiyar Hacıyevin səhhətində ciddi problemlər var. O kifayət qədər arıqlayıb, gözləırinin altı qaralıb. Hacıyev anasına ağrılarını hiss etdirməməyə çalışsa da, anası onun səhhətindən çox narahatdır. Bu gün həkim Hacıyevi müayinədən də keçirib”, Bəxtiyar Hacıyevin anasına istinadən onun hüquqlarını ictimai müdafiə komitəsinin üzvü Rail Abbasov Amerikanın Səsinə deyib.
Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə deyib ki, anası Maya Yaqublu halsızdır, arıqlayıb, ağrıları çoxalıb, gecələr yata bilmir.
“Anama qida tərkibi olmayan sistem köçürdük. Aclığı davam etdirir”, o qeyd edib.
Həkim Adil Qeybulla yanvarın 16-da Tofiq Yaqublunun qızı Nigar Həzi ilə birgə onunla görüşüb, müayinə edib. Onun sözlərinə görə, Yaqublu aclığı davam etdirir.
“Tofiq Yaqublunun gemodinamik göstəriciləri stabildir, qan təzyiqi stabildir, həyatı üçün təhlükə yoxdur. Qan təzyiqi 120/80-dir, saturasiyası 98 faizdir, nəbzi 92-dir. Ona infuziya etdik ki, qanın tərkibindəki müəyyən maddələr bərpa olunsun”, o qeyd edib.
Onun sözlərinə görə, Yaqublu hələ xəstəxana şəraitində tibbi nəzarətdədir.
İndiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.
Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.
Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq!" tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.
Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.
İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.
Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.
Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.
"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq," o qeyd edib.