Accessibility links

Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilat ofisdən çıxarılıb


Bəxtiyar Hacıyev və Tofiq Yaqublu
Bəxtiyar Hacıyev və Tofiq Yaqublu

İctimai fəal Bəxtiyar Hacxıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut 2015-ci ildən qərarlaşdığı ofisdən çıxarılıb.

Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər Amerikanın Səsinə bildirib.

Zaur Əkbər: Hakimiyyətin təzyiqi ilə ofisdən çıxarıldıq
please wait

No media source currently available

0:00 0:04:21 0:00
Direct link

Onun sözlərinə görə, həmçinin ofisdə qərarlaşan Ziya Quliyevin rəhbərlik etdiyi Hüquqi Təşəbbüslər Mərkəzi və Müdafiə Xətti hüquq müdafiə təşkilatı da çıxarılıb.

“Biz ofisin yerləşdiyi Caspian Plaza biznes mərkəzinin rəhbərliyində hər hansı bir günah görmürük. Bu hakimiyyətin repressiv siyasətinin nəticəsidir. Hakimiyyət zaman-zaman Caspian Plazanın rəhbərliyinə təzyiq edib ki, bizim təşkilatları bu ofisdən uzaqlaşdırsınlar. Bəxtiyar Hacıyevin həbsindən sonra təzyiqlər daha da ciddiləşdi və dekabrın 9-da ofisdə Hacıyevin hüquqlarını ictimai müdafiə komitəsinin mətbuat konfransı keçirməsinə imkan verilmədi. Nəhayətdə yanvarın sonunadək ofisi tərk etməmizi istədilər”, o qeyd edib.

Hüquq müdafiəçisi hesab edir ki, Caspian Plazanın rəhbərliyinə daha yüksək səviyyədə təzyiqlər olub.

“Bizə Caspian Plazanın rəhbərliyi adından yanvarın 11-də bildirildi ki, problem yaşamaq iatəmirlər və yanvarın sonunadək ofisi tərk etməliyik”.

Zaur Əkbərin sözlərinə görə, qeyri-hökumət təşkilatlarının ofisdən çıxarılması yalnız Bəxtiyar Hacıyevə deyil, bütövlükdə vətəndaş cəmiyyətinə qarşı təzyiqdir.

“Burada Bəxtiyar Hacıyevin təşəbbüsü ilə Caspian Platforum fəaliyyət göstərirdi. Bu platforma çərçivəsində vətəndaş cəmiyyətləri, ekspertlər, ictimai-siyasi xadimlər burada mətbuat konfransları keçirirdi, müxtəlif mövzularda müzakirələr təşkil edilirdi. Bu repressiv siyasət yalnız Bəxtiyar Hacıyevə, bizə qarşı deyil, bütövlükdə müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə zərbədir“, o qeyd edib.

Azərbaycan rəsmiləri bu məlumata hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi bir qayda olaraq insanların əqidələrinə görə təqib olunmadığını bildirir.

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamı qəbul etmir. O, məhkəmə qərarına etiraz olaraq 14 gün aclıq keçirib və yanvarın 5-də aclığı dayandırıb.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq-müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib. Aksiya zamanı siyasətçi Tofiq Yaqublu 30 sutka inzibati həbsə məhkum edilib və o, yanvarın 5-dən aclığa başlayıb. Hazırda Tofiq Yaqublu və Bəxtiyar Hacıyevə dəstək məqsədi ilə 20 siyasi fəal siyasi məhbuslara azadlıq tələbi ilə aclıq keçirir.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib və indi aclığı davam etdirir.

XS
SM
MD
LG