Accessibility links

ABŞ Dövlət Katibi Azərbaycan Prezidenti ilə sülh danışıqlarını müzakirə edib


Antoni Blinken və İlham Əliyev (Rəsmi foto)
Antoni Blinken və İlham Əliyev (Rəsmi foto)

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken martın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patelin verdiyi açıqlamaya görə Blinken söhbət zamanı Vaşinqtonun Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh danışıqlarına vasitəçilik etmək təklifi irəli sürüb.

"Dövlət Katibi Blinken qarşıda duran məsələlərə həll yolu tapmağı təşviq etmiş və hərbi həll yolunun mövcud olmadığını vurğulamışdır," açıqlamada deyilir.

ABŞ-ın baş diplomatı həmçinin Xankəndi-Laçın yolunun ticari və özəl maşınlara açıq olmasının vacibliyini qeyd edib.

Azərbaycan Prezidentinin Mətbuat xidməti telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətin müzakirə olunduğunu təsdiqləyib.

İlham Əliyev qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə həmin yoldan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub.

Mətbuat Xidməti Laçın dəhlizinin blokadada olması barədə deyilənləri Ermənistanın "təbliğatı" adlandıraraq, rəsmi Yerevanı qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməkdə ittiham edib.

"Bu xüsusda dövlət başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb," açıqlamada deyilir.

ABŞ Dövlət Katibi Antoni Blinkenin martın 20-də Ermənistanın Baş Naziri Nikol Paşinyanla da telefon danışığı olub.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel telefon danışğı ilə bağlı aşağıdakı məlumatı yayıb.

"Dövlət katibi Antoni Blinken martın 20-də Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb və Azərbaycanla ikitərəfli sülh müzakirələrinin aparılmasında ABŞ-ın davamlı yardımını təklif edib. Dövlət katibi Blinken Ermənistanın sülhə davamlı sadiqliyinə görə baş nazir Paşinyana təşəkkür edib və həll olunmamış problemlərin həllində irəliyə doğru konkret addımlar atmağa təşviq edib. O, ABŞ-ın Cənubi Qafqazda davamlı sülhü dəstəkləmək üçün birbaşa danışıqlara və diplomatiyaya dəstəyini təkrarladı və hərbi həllin olmadığını vurğuladı" - məlumatda qeyd edilir.

Mövzuya uyğun

XS
SM
MD
LG