Accessibility links

Azərbaycanda mina partlayışı nəticəsində 3 mülki şəxs həlak olub


Mina
Mina

Aprelin 28-də Azərbaycanın Tərtər rayonunun Talış kəndi (Bakıdan 340 kilometr qərb) ərazisində mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə ilkin araşdırma zamanı partlayış nəticəsində ölən şəxslərin "RPS Energy Ltd." şirkətinin əməkdaşları Səxavət Gözəlov, Nadir Yusifov və Fərid Sədiyev olması müəyyən edilib. Prokurorluqda faktla bağlı cinayət işi qaldırılıb.

Mina partlayışı nəticəsində mülki insanların həlak olması Azərbaycandakı diplomatik nümayəndəliklər tərəfindən pislənib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi yerli media vasitəsi ilə mina partlayışı zamanı həlak olanların ailələrinə başsağlığı verib.

“Aprelin 28-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən 3 nəfərin, o cümlədən mina partlayışları nəticəsində həlak olan və yaralanan digər azərbaycanlıların ailələrinə və yaxınlarına başsağlığı veririk. Biz ANAMA ilə sıx əməkdaşlıq edirik və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların və partlamamış hərbi sursatların mülki vətəndaşların ölümünə və yaralanmasına səbəb olmasından, həmçinin iqtisadi inkişafa və keçmiş köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıtmasına mane olmaqda davam etməsindən narahatıq. Dövlət katibinin vurğuladığı kimi, ABŞ sülh danışıqlarının aparılmasına və bütün regionda sülhün təmin edilməsinə tərəfdardır”, səfirliyin sözçüsü bildirib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Twitter hesabında yazıb ki, Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşılayıb.

"Dünən Tərtərdə baş vermiş mina partlayışı nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini böyük kədərlə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizlənmə səylərində Azərbaycana qətiyyətli dəstəyini davam etdirəcək”, o bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld də Tərtər rayonunda üç azərbaycanlının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.

"Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm", səfir Twitter hesabında yazıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, bu ərilərdə yüz minlərlə mina var.

Baş Prokurorluq bildirir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Əvəz Zeynallıya 9 il həbs cəzası verildi
please wait

No media source currently available

0:00 0:13:34 0:00
XS
SM
MD
LG