Accessibility links

Güneyli fəal Əkbər Azad məhkəməyə çağırılıb


Əkbər Azad
Əkbər Azad

Azərbaycanlı milli fəal Əkbər Azad Tehran vilayətinin Baharistan şəhər məhkəməsinin ona göndərdiyi bildirişlə məhkəməyə çağırılıb. Bu bildirişə görə, Əkbər Azad 10 gün ərzində özünü məhkəməyə təqdim etməlidir ki, onun iki illik sürgün cəzası ilə bağlı qərar qəbul olunsun.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Əkbər Azadın məhkəməyə çağırılması daha əvvəl 2020-ci ildə Tehranın Apellyasiya Məhkəməsinin ona verdiyi 2 il həbs və iki il sürgün qərarı ilə əlaqədar olub.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.

2021-ci ilin avqustunda məhkəmənin çağırışından sonra Azad Baharistan şəhərinin hökmlərin icra şöbəsinə müraciət etdikdən sonra orada həbs edilərək, 2 il həbs cəzası çəkmək üçün Böyük Tehran Həbsxanasına köçürülüb. Lakin bir müddət sonra fiziki durumu, xəstəlikləri və yaşlılığına görə həbs şəraitində yaşaya bilmədiyi üçün təqribən iki həftə sonra mülki zəmanət qarşılığında sərbəst buraxıldı.

Məhkəmə İranda türk dil hüquqlarını müdafiəçisi olan bu fəalı ölkənin cənub-qərbində yerləşən İlam vilayətinin Dərəşəhər şəhərinə 2 illik sürgünə məhkum edib.

Məhkəmə artıq Əlirza FərşiBehnam Şeyxi də daxil olmaqla, türk dil hüquq müdafiəçilərinin sürgün qərarlarını icra edib.

Bu fəallar 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində dinc şəkildə Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

XS
SM
MD
LG