Accessibility links

Azərbaycan Prezidenti Söyüdlü hadisələri ilə bağlı tənqidi fikir bildirib


Prezident İlham Əliyev (Mənbə: Prezident Administrasiyası)
Prezident İlham Əliyev (Mənbə: Prezident Administrasiyası)

İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Əliyev çıxışında Söyüdlü qızıl mədəni ətrafında baş verən hadisələrə tənqidi fikir bildirib.

Prezident İlham Əliyev deyib ki, ilin altı ayında ölkənin əsas istiqaməti dayanıqlı inkişafın təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olub.

Əliyev ölkənin hərbi gücünün artırılması, yeni silahlar və hərbi texnikaların alınması, hərbi islahatların davam etdirilməsi istiqamətində atılan addımlardan danışıb. Çıxışında həmçinin nəqliyyat dəhlizlərinin perspektivlərinə toxunub.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanın qarşıda duran vəzifələrindən biri Ermənistanla olan münasibətlərdir.

“Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.

Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.

Prezident Əliyev həmçinin çıxışında Söyüdlü qızıl mədəni ətrafına baş verən hadisələrə geniş yer verib. O, xarici şirkətin ekoloji duruma təsirləri, hökumət üzvlərinin, o cümlədən Baş nazirin, ekologiya və təbii sərvətlər nazirliyinin fəaliyyətini tənqid edib. Əliyev həmçinin polisə daş atan insanları da tənqid edib.

Prezident hesab edir ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.

“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.

Əliyev hesab edir ki, Söyüdlü hadisələri zamanı vətəndaşların bir hissəsi “təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir”.

“O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”, o qeyd edib.

Dövlət başçısı hesab edir ki, bu hadisənin təbii səbəbi də var.

“O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram. İndi yenə də deyirəm, polisə daş atan utanmalıdır - öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb. Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur”.

Prezident deyib ki, xarici şirkətlər və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər.

“Hörmət etməyəcəklərsə, onların fəaliyyəti burada mümkünsüz olacaq. Baxmayaraq ki, pay bölgüsü haqqında saziş əsasında xarici investor Gədəbəydəki qızıl yataqlarını istismar edir, baxmayaraq ki, uzun illər burada çalışır, Azərbaycan qanunlarına, ekoloji tarazlığa - bütün bunlara hörmət edilməlidir. Onu da bildirməliyəm ki, bizim dövlət şirkətimiz “AzerGold” da qızıl yataqları istismar edir. Amma mənə verilən məlumata görə, o sahədə bütün ekoloji normalara riayət edilir. O cümlədən yerli icmalarla təmaslar qurulub, müxtəlif humanitar aksiyalar keçirilir, insanlar kütləvi surətdə işə cəlb olunub. Bax, bu yanaşma Azərbaycan şirkəti tərəfindən göstərilən yanaşmadır. O yanaşma isə xarici şirkət tərəfindən göstərilən yanaşmadır. Bu, dözülməzdir. Xarici şirkətin nümayəndələri də dəvət edilməlidirlər. Əgər bu günə qədər dəvət edilməyiblərsə, Nazirlər Kabinetinə onlar izahat verməlidirlər. Yenə də deyirəm, bir həftə ərzində mənə və ictimaiyyətə məlumat verilməlidir. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!

Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Onları orada ayaqlarından asardılar. Elə iş verərdilər ki, ömürlərinin sonuna qədər həbsxanada yatardılar. Amma burada hesab edir ki, nə istəyir onu da edir. Çünki gedib kimisə görüb, kiməsə salam verib, gedib kiməsə nəsə pay verib. Bunun başqa izahatı ola bilməz. Dözülməz haldır - bütövlükdə həm oradakı təxribatçıların hərəkətləri, həm xarici şirkətin fəaliyyəti, həm də bizim nazirliyimizin fəaliyyəti. Yeganə olaraq burada özünü ləyaqətlə aparan Azərbaycan polisi idi. Onu hər kəs bilməlidir. İndi bəziləri ağızlarını büzürlər. Gedin, açın gözünüzü baxın, Amerika polisi ildə neçə nəfəri öldürür - 1000 nəfəri. Fransa polisi neçə nəfəri öldürür və nəyə görə öldürür? Bu yaxınlarda Fransa polisinin əməllərini bütün dünya gördü. Mən onlara bəraət qazandırmıram, o dözülməzdir. Əfsuslar olsun ki, insanları öldürən o polisin mütləq əksəriyyəti məsuliyyətdən yayınır. Bir müddətdən sonra onları ya ümumiyyətlə məhkəmədə buraxırlar, ya da ki, şərti iş verirlər. Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət”, Əliyev qeyd edib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, sırf sosial, ekoloji problemlər üzərindən etiraz edən zaman saxlanılan Söyüdlü sakinlərinə ağır və pis rəftarlar, işgəncələr tətbiq olunub.

“On bir nəfər kənd sakini saxlanılıb. Onların 8-i inzibati qaydada həbs edilib. Yerdə qalan 3-ü isə ənənəvi və növbətçi ittihamarla, yəni narkotik maddələrinin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunub. Təəssüf ki, bu gün bizim kommunikasiyamız çox əngəllə müşayiət olunur. Kəndə giriş və çıxış məhdudlaşdırılıb. Son məlumatlar bundan ibarətdir. Qeyd etdiyim kimi, bütün təşəbbüslərimiz və müraciətlərimiz cavabsız buraxılır. Hətta sonuncu dəfə mən bəzi ailələrlə əlaqə saxlayarkən, mənim özümlə sərt qaydada danışdılar və bildirdilər ki, hüquq müdafiəçiləri ilə, vəkillərlə, müxalif çevrələrlə, media mənsubları ilə əlaqə kəndin vəziyyətini daha da ağırlaşdırır. Əlbəttə ki, kənd əhalisi ilə şantaj, təhdid və təzyiq altında davranırlar. Bu bütövlükdə Azərbaycanda zorakılığa, şiddətə, repressiv üsul və alətlərə söykənən bir idarəçilikdən xəbər verir. Söyüdlüyə qədər də Azərbaycan təcrübəsində bir neçə belə hadisələr olub. Biz xatırlayaq Naxçıvanı, Saatlını, Nardaranı, Tərtəri və s. Hakimiyyət dairələri eynisini tətbiq eləyib. Yəni, belə demək mümkündürsə bir neçə “Söyüdlü” hadisəsi Azərbaycanda baş verib. Adların fərqi var. Məzmun isə eynidir. Hakimiyyət isə izolyasiya etmək, həbs etmək, zorakılıq və şiddətlə cavab verib”, o qeyd edib.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin vatsap şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining"​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG